ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə sammitlə bağlı verdiyi yeni açıqlamada görüşdən bir daha razı qaldığını bildirib, onu tənqid edənləri isə pisləyib.
“Bəzi insanlar mənim Rusiya prezidenti Putinlə yaxşı yola getdiyimə nifrət edirlər. Onlar bunu deyil, müharibə görmək istəyərdi”, – Tramp Twitter səhifəsindəki mesajında yazıb.
“Kəşfiyyatda yüksək səviyyəli bir çox adam mənim Helsinkidə mətbuat konfransında çıxışımı bəyənib. Putin və mən bundan əvvəl görüşdə bir sıra mühüm məsələləri müzakirə etmişik. Biz yaxşı münasibət qurmuşuq ki, bu da boks meydançası görmək istəyən bir çox bədxahın xoşuna gəlməyib. Böyük nəticələr gələcək!”
“Mən kəşfiyyat icmasının Rusiyanın 2016-cı ildə seçkilərə müdaxilə etdiyinə dair nəticələrini tanıyıram”. Tramp bunu Ağ Evdə müxbirlərə bildirib. Lakin o bundan sonra “başqa adamlar da ola bilər, orada çox adam ola bilər” deyərək əlavə edib və bununla başqa ölkələrin də ABŞ seçkilərinə müdaxiləsinin mümkünlüyünü irəli sürmüş olub.
“Brüsseldə NATO görüşü triumf kimi qiymətləndirilib, üzv ölkələr daha sürətlə milyardlarla dollar maliyyə əlavə edib. Rusiya ilə görüş isə uzun müddət üçün daha böyük uğur olacaq. Bu görüşün çox müsbət nəticələri olacaq” – deyə Tramp çərşənbə günü Twitter mesajında yazıb:
Trampın Helsinkidə Putinlə birgə mətbuat konfransı zamanı verdiyi açıqlamalarından fərqli şərhləri respublikaçı və demokrat qanunvericilərin kəskin tənqidlərindən sonraya təsadüf edir. Qanunvericilər Trampın mətbuat konfransında Putindən daha zəif göründüyünü qeyd edib.
(Amerikanın səsi)