XƏBƏR LENTİ

30 Noyabr 2020

Digər Xəbərlər

19 İyul 2018 - 15:13

Bostan məhsulları niyə bahadır? –Mütəxəssisdən və nazirlikdən açıqlama

İyul ayının ikinci yarısı olmasına baxmayaraq, bazarlarda qarpızın qiyməti 50 qəpikdən aşağı düşmür. Müqayisə üçün xatırladaq ki, ötən ilin müvafiq dövründə qarpız alıcılara  20-25 qəpiyə təklif olunurdu. Topdansatış qiyməti isə daha aşağı idi.

Bostan məhsullarının baha olması sosial mediada əsas müzakirə mövzularından biridir. Vətəndaşlar qiymətin yüksək olmasının əhalinin alıcılıq qabiliyyəti ilə ziddiyət təşkil etdiyini, qarpız, yemiş ala bilmədiklərini yazırlar.

Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmli sözügedən bahalığın səbəbini belə izah edib:

“Bu il qarpızın qiymətinin baha olmasının bir neçə səbəbi var. Birincisi, əvvəlki ilə nisbətən bostan bitkilərinin əkin sahəsi 10,6 faiz azalıb.

İkincisi, havaların isti keçməsi suvarma suyuna ehtiyacı artırdığı halda əksər bostan sahələrinə su verilməyib, nəticədə qarpız tağları susuzluqdan məhv olub.

Üçüncüsü, əvvəlki illə müqayisədə bostançıların istehsal xərcləri artıb. Toxumun qiyməti 25 faiz bahalaşıb və sair. Bu il təklif ciddi azalıb. Ona görə də qarpızın qiyməti əvvəlki ilə nisbətən baha olacaq”.

Kənd Təsərrüfatı Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbərli Anar Hüseynov isə bildirib ki, nazirlik nəinki qarpızın, ümumiyyətlə heç bir məhsulun qiymətinin müəyyən olunmasında iştirak etmir: “Liberal iqtisadiyyatlarda bazarda qiymətlər tələb-təklif əsasında formalaşır. Nazirlik olaraq bizim missiyamız fermerləri hansı məhsulun əkilib – becərilməsi ilə bağlı məlumatlandırmaq, tövsiyə vermək, aqrotexniki qulluq qaydaları ilə bağlı maarifləndirmək, fitosanitar xidmət göstərməkdir. Qarpızın bahalaşması səbəblərinə gəldikdə, bir neçə səbəb var: kənd təsərrüfatı mütəxəssislərinin fikrincə, bahalaşma ənənəvi problemlə bağlıdır – fermerlərimiz hələ də tələb-təklif qanunlarına uyğunlaşa bilmirlər. Hamımız bilirik ki, hər il hansısa məhsulun qiyməti əvvəlki illə müqayisədə baha, ya ucuz olur. Bu il bazarda hansı məhsul baha olubsa, əksər fermerlər sanki sözləşmiş kimi gələn il həmin məhsuldan əkirlər, nəticədə bazarda məhsul bollaşır və qiymətlər aşağı düşür. Yaxud, bu il ucuz olan məhsulu gələn il əkmirlər, nəticədə bazarda həmin məhsul bahalaşır. Bu prosesdən ən çox əziyyət çəkən təbii ki fermerlər özləridir. Qarpızın bu il bahalaşmasının səbəblərindən biri budur. Səbəblər əslində çoxdur – daha çox gəlir gətirən texniki bitkilərin becərilməsinə marağın artması, yayın quraq keçməsi və s. Bu problemlər məsələn, Bərdə, Ağcabədi, Zərdab, Kürdəmir və İmişlidə qarpızın gec yetişməsinə səbəb olub, bazarda qıtlığın yaranmasının, qiymətlərin bahalaşmasının səbəblərindən biri də budur”. 

Turqut