XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

23 İyul 2018 - 12:19

ABŞ və İran arasında qarşılıqlı hədələr –Tramp Ruhanini açıq şəkildə təhdid edib

ABŞ prezidenti Donald Tramp iranlı həmkarı Həsən Ruhanini “Twitter”də təhdid edib.

Deyib ki, Birləşmiş Ştatları “HEÇ VAXT HƏDƏLƏMƏSİN”, yoxsa “tarixdə indiyədək çox az adamın başına gələnlərlə” üzləşə bilər. Tramp iyulun 22-də axşam böyük hərflərlə yazdığı tvitdə bu xəbərdarlığı dilə gətirib.

Ondan bir neçə saat öncə isə Ruhani Trampa xəbərdarlıq edib ki, Tehrana qarşı düşmən hərəkətlərinin fəsadları ola bilər.

“Amerika bilməlidir ki, İranla sülh bütün sülhlərin anasıdır, İranla müharibə isə bütün müharibələrin anasıdır”, – rəsmi IRNA xəbər agentliyinin məlumatına görə, Ruhani iyulun 22-də iranlı diplomatlarla görüşdə deyib.

Tramp isə tvitində yazıb: “İran prezidenti Ruhaniyə: HEÇ VAXT BİRLƏŞMİŞ ŞTATLARI HƏDƏLƏMƏ, YOXSA TARİXDƏ HEÇ KƏSİN BAŞINA GƏLMƏYƏNLƏRLƏ ÜZLƏŞƏ BİLƏRSƏN. “BİZ DAHA SİZİN ZORAKILIQ VƏ ÖLÜMLƏ BAĞLI SARSAQ SÖZLƏRİNİZİ DƏSTƏKLƏYƏCƏK ÖLKƏ DEYİLİK. EHTİYATLI OLUN!”

Bu tvitdən iki saat öncə isə ABŞ dövlət katibi Mayk Pompeo Kaliforniyada çıxışı zamanı İranın ali dini lideri Ayatullah Əli Xameneyi və ölkənin digər dini liderlərini “riyakar müqəddəs adamlar” adlandırıb.

Pompeo çoxlarının “mötədil” saydığı Ruhani və xarici işlər naziri Məhəmməd Cavad Zərifi də sərt tənqid edib:

“Həqiqət budur ki, onlar sadəcə, ayətullanın beynəlxalq hoqqabazlığı üçün hazırlanmış ön cəbhə adamlarıdır. Nüvə sazişi onları mötədilə çevirmədi. Onlar qoyun dərisində canavara döndülər”.

Pompeo vəd edib ki, Birləşmiş Ştatlar İranın “mafiya” hökumətinə diplomatik, hərbi və maliyyə təzyiqini saxlayacaq və artıracaq.

Mayda Tramp Tehranın 2015-ci ildə dünya gücləri ilə imzaladığı nüvə sazişindən çıxdığını, İrana sanksiyaların bərpa olunacağını açıqlayıb. Altı ölkəylə imzalanmış saziş İranın nüvə proqramını məhdudlaşdırması əvəzində ona sanksiyaların yüngülləşdirilməsini nəzərdə tutur.

Sazişi imzalamış Britaniya, Fransa, Almaniya, Rusiya və Çin isə ondan çıxmayacağını bəyan edib.

(Azadlıq org)