XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

25 İyul 2018 - 13:01

Sarkisyanın baş mühafizəçisi 2.1 milyon dollara azadlığa çıxdı –Vaçaqan Qazaryan miloynlarla çirkli pulları gizlətməkdə ittiham olunur

Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın mühafizə rəhbəri Vaçaqan Qazaryan, Apellyasiya Məhkəməsinin qərarına əsasən, 1 milyon Ermənistan dramı (təxminən 2,1 milyon dollar) məbləğində girov müqabilində həbsxanadan azad edilib.

Vaçaqan Qazaryan yüksək vəzifəli şəxs kimi təqdim etməli olduğu deklarasiyada yanlış məlumat verməkdə şübhəli bilinir. İyunun 25-də Yerevan Ümumi Yurisdiksiya Məhkəməsi istintaqa görə onun barəsində 2 aylıq həbs qətimkan tədbiri seçmişdi.

Girov qoyulan məbləğ məhkəmə qərarından asılı olmayaraq, geri qaytarılır və yalnız Vaçaqan Qazaryanın məhkəmədən gizlənməsi təqdirdə müsadirə oluna bilər.

Ermənistan Xüsusi İstintaq Xidmətinin (XİX) məlumatına görə, Ermənistan Dövlət Mühafizə Xidməti rəisinin sabiq 1-ci müavini Vaçaqan Qazaryan Ermənistan Cinayət Məcəlləsinin 2 maddəsi üzrə – qeyri-qanuni varlanmaq, mülkü haqqında bəyannamədə yanlış məlumat vermək və qanunla bəyan edilməsi tələb olunan məlumatları gizlətməkdə ittiham olunur.

Vaçaqan Qazaryan baş nazir Nikol Paşinyanın sərəncamı ilə mayın 17-də vəzifədən azad edilib.

Təxminən 1 ay bundan sonra isə, XİX ittihamına əsaslanaraq, Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) elə öz “kadrlar ehtiyatında olan general-mayor Vaçaqan Qazaryan”ın saxlanıldığını bildirdi.

MTX mətbuat xidmətinin yaydığı videoda Vaçaqan Qazaryan Yerevan banklarından birindən çantalarla çıxdığı görünür. Çantalarını öz maşınına qoyanda, MTX əməkdaşları Qazaryanı əhatəyə alıb tuturlar.

Qazaryanın əlindəki çantalarda 120 min ABŞ dollar və Vaçaqan Ğazaryanın adına qeyd olunmuş əmanətdən çıxarılmış 436 min Ermənistan dramı (hazırkı məzənnəyə görə, təxminən 908 min dollar) aşkar edilib, MTX-nin məlumatında deyilir.

Vaçaqan Qazaryan pulların bank hesabından çıxarmasını onları “əsl sahibinə vermək” məqsədilə izah edib, lakin əsl pul sahibinin adını deməyib.

Axtarış nəticəsində sabiq mühafizə rəhbərinin cibindən “gündəlik xərclər üçün” 500 dollar, 213 min dram və onu banka müşayiət edən “Lexsus” markalı avtomobilindən 50 min dollar pul tapılıb.

MTX-nin məlumatına görə, Vaçaqan Qazaryan saxlanılmasaydı, o, öz bank hesabında olan 860 milyon dramı (1,8 milyon dollar) və həyat yoldaşı Ruzanna Beqlaryanın adına olan 690 milyon dramı (1,44 milyon dollar) “nağdlaşdırmağa hazırlaşırdı”. Pulları bir gündə almaq üçün Qazaryan banka təxminən 35 min dollar vəd edibmiş, məlumatda deyilir.

Daha əvvəl İstintaq Komitəsinin mətbuat xidməti məlumat yaymışdı ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Ermənistan Polisi ilə birlikdə “Yans” restoran kompleksi ərazisində keçirilən axtarış nəticəsində 1,4 milyon dollar, 230 min 500 avro 36 milyon dram, “restoran kompleksinin faktiki sahibi Ruzanna Beqlaryana məxsus maşın qarajında” isə 2 min dollar, 2 cüt “Franck Muller” qol saatı, hərəsindən bir ədədd “Range rover” və “Mercedes” markalı minik avtomaşını aşkar edilib.

Ermənistan “İctimai xidmət” qanununa əsasən, 2008-ci ildən yüksək vəzifə sahibi olaraq, Vaçaqan Qazaryan gəlir bəyannaməsində özünün və ailə üzvlərinin mülkü və gəlirləri barədə məlumat verməli olub, lakin verməyib.

Qazaryan axtarış zamanı aşkar edilən bank hesabları və başqa mülkünü deklarasiyada göstərməməsini “yadımdan çıxmışdı” deyə izah edib.

(BBC Azərbaycanca)