XƏBƏR LENTİ

21 Oktyabr 2020

Digər Xəbərlər

25 İyul 2018 - 16:07

“Lukoil”-də kütləvi yanacaq oğurluğu –Sürücülər məntəqələrdə aldadılır, rəhbərlik isə şikayətlərə cavab vermir

Bakının Nizami rayonunda, “Su səsi” restoranı ilə üzbəüz yerləşən “Lukoil” yanacaqdoldurma məntəqəsində yanacaq çəninin maksimal tutumu 55 litr olan və çənində təqribən 7-8 litr yanacaq qalan  “Hyundai” İX35 avtomobilinə bu gün səhər saatlarında 57 litr yanacaq vurublar. Bu faktla virtualaz.org saytının əməkdaşı qarşılaşıb. Yanacaqdolurma məntəqəsinin operatoru  absurd vəziyyəti izah edə bilməyib və aldadılma faktının olduğunu inkar edib.

Lakin internet mənbələrində, KİV-lərdə, sosial şəbəkələrdə Bakıdakı “Lukoil” yanacaqdoldurma məntəqələrində sürücülərin açıq-aşkar aldadılmasına dair çoxsaylı şikayətlərə nəzər salanda bu hadisə təəcüblü görünmür. Belə görünür ki, “Lukoil” yanacaqdoldurma məntəqələrində oğurluq adi haldır, kütləvi yayılıb və hər gün tətbiq edilən praktikadır.

Məsələn, Nizami rayonunda yaşayan və  “Hyundai Sonata” avtomobili sürən sakin deyir ki, məhz “Su səsi” restoranı ilə üzbəüz yerləşən “Lukoil” yanacaqdoldurma məntəqəsində yanacaq oğurluğu daha kobud formada baş verir. “Dəfələrlə yoxlamışam. Başqa YDM-lərdə 10 manatlıq yanacaq vuranda 120 kilometr sürürəm, oradan həmin məbləğdə yanacaq vuranda cəmi 70 kilometr. Bu səbəbdən həmin YDM-dən uzaq dururam”-sürücü deyir.

Sözügedən “Lukoil” yanacaqdoldurma məntəqəsində sürücülərin kütləvi şəkildə aldadılması barədə bu ilin əvvəllərində bloqçu Çingiz Özgür də öz başına gələnlərə əsasən yazmışdı. O, məruz qaldığı aldadılma faktına görə YDM-in operatorundan şikayət etməyib.  “Çünki bu fərdi məsələ deyil. “LukOİL” şirkət olaraq oğurluq edir”-bloqqer yazıb. Sosial şəbəkə istifadəçiləri bu faktı geniş müzakirəyə çıxarmışdılar və “Lukoil” YDM-lərində necə aldadıldıqlarına dair çoxsaylı nümunələrdən bəhs etmişdilər.

Habelə sosial şəbəkələrdə yayılmış görüntülərdən birinə əsasən sürücü “Lukoil” YDM-də aldadıldığını görərək operatoru yanacaq çənini öz hesabına benzinlə doldurmağa məcbur edir. Operator sürücüdən oğurluq etdiyini təsdiqləyir və bunu “ehtiyacının olması” ilə əsaslandırmağa çalışır.

Belə şikayətlər, faktlar çoxsaylıdır. O cümlədən digər YDM-lərdə də sürücülərin aldadılması hallarının geniş yayıldığı haqda uzun müddətdir danışılır, mətbuat yazır, amma vəziyyət dəyişmir. Əvvəllər Bakıdakı YDM-lərdən birində işləmiş şəxs danışır ki, yanacaq oğurlamağın müxtəlif mexanizmlərindən istifadə edilir. Ən mükəmməl mexanizm isə yanacaq vuran avadanlığa müdaxilə edilməsidir. “Bu aparatlarda hər litrdən bir dövr edən dişli çarxlar var, həmin çarxlara müdaxilə edirlər və nəticədə 800-900 qram yanacaq vurulanda cihaz bunu 1 litr kimi göstərir”-həmin şəxs deyir.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, bu problem bir neçə yanacaqdoldurma məntəqəsində, xüsusən də, “Lukoil” YDM-də yaşanır. İki ay əvvəl oxşar şikayətlə birliyə müraciət daxil olub. “Lukoil”-in yanacaqdoldurma məntəqəsində yanacaq çəninin həcmi 55 litr olan avtomobilə 64 litr benzin vurublar.

“Şikayətçi bizə ərizə yazdı və biz araşdırdıq ki, burada 3 hal ola bilər: ya cihaz düz işləmir, ya “KİA” avtomobilinin istehsalçısı camaatı aldadır, ya da “Lukoil” operatoru sürücüləri aldadır. Çalışdıq bu məsələni aydınlaşdıraq, Standartlaşma və Patent üzrə Dövlət Komitəsindən cavab gəldi ki, cihaz düz işləyir. “KİA” ilə bağlı araşdırma apardıq, məlum oldu ki, həqiqətən həmin avtomobillərdə yanacaq çəninin həcmi 55 litrdir. “Lukoil”ə müraciət etdik ki, gedək həmin avtomobili test edək, benzini boşaldaq, həqiqəti öyrənək. Çox təəssüf ki, biz onun hüquqi nəticəsini əldə edə bilmədik. “Lukoil” sürücü ilə görüşüb razılaşdığına görə sürücü şikayətini davam etdirməkdən çəkindi və tədqiqatımız yarımçıq qaldı”, – deyə E. Hüseynov qeyd edir.

AİB sədri bildirir ki, Azərbaycanda istehlakçı hüquqlarını qoruyan qanunlar zəif olduğuna görə, sürücülər bu məsələdə çox çətinlik çəkirlər, oğurluq isə kütləvi hal alıb. Az qala qanuniləşib. “İqtisadiyyat nazirliyi daxil olan şikayətçilərin hamısını məhkəmələrə göndərir. Məhkəmələr də, təəssüf ki, belə şikayətlərə baxmır, yaxud o qədər ləng baxır ki, sürücü bezib şikayətinin dalınca getmir. Şikayətlər hər tərəfdən yağış kimi yağır, amma vəziyyət dəyişmir”.

“Lukoil” şirkətinin Bakı ofisindən isə məsələ ilə bağlı formal cavab verməklə kifayətləniblər, şikayəti şirkətin qaynar xəttinə göndərməyi məsləhət görüblər.

“Lukoil-Azərbaycan” şirkətinin əməkdaşımızın aldadılmasına bu laqeyd münasibəti təəcüblü deyil. Şirkətin “Facebook” səhifəsinə nəzər salmaq kifayətdir ki, buna əmin olasan.

Məsələn, Simuzər Hüseynova adlı istifadəçi “Lukoil” YDM-lərində baş verənlər barədə yazır: “Bespredel. Heyvərəlik, həyasızlıq! Oğurluq! Ey, rəhbərlər, siz ümumiyyətlə şikayətləri oxuyursunuz? Səhifənizdə və yanacaqdoldurma məntəqələrinizdə baş verənləri görürsünüz?”

Emil Mustafayev adlı istifadəçi isə Bakıxanov qəsəbəsindəki “Lukoil” YDM-də aldadıldığını yazır. Aleksandra Omelyanyuk adlı istifadəçi də Əhmədli qəsəbəsindəki “Lukoil” YDM-də həmişə aldatdıqları barədə yazır. Belə şikayətlərin sayı-hesabı yoxdur, amma şirkətin “Facebook” səhifəsini idarə edənlər onlardan heç birinə cavab vermir…

“Lukoil”un Facebook səhifəsində belə şikayətlərin sayı-hesabı yoxdur.

Prezidentin aprel ayında imzaladığı sərəncama əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti əsasında mərkəzi icra hakimiyyəti orqanı olan Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi yaradılıb. Sərəncam Azərbaycanda istehlak bazarına nəzarət, standartlaşdırma, metrologiya və əqli mülkiyyət hüquqları obyektlərinin mühafizəsi sahəsində idarəetməni təkmilləşdirmək məqsədi daşıyır. Amma hələ rəhbər təyin olunmadığından agentlik fəaliyyət göstərmir.  Başqa sözlə, istehlakçıların kütləvi aldadılmasını davam etdirmək və cəzasız qalmaq olar…

(Virtualaz.org)