XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

27 İyul 2018 - 00:17

“Facebook”un dəyəri bir gündə 150 milyard dollar ucuzlaşdı –Avropada 3 milyon nəfər bu sosial şəbəkədən imtina edib

 

“Facebook” rüblük hesabatını dərc edəndən sonra səhmləri 24 faiz ucuzlaşıb. Bu isə şirkətin dəyərinin 150 milyard dollar düşməsi deməkdir.

Hesabatda deyilir ki, şirkətin üç ay ərzində gəliri 42 faiz artaraq 13 milyard dolları aşıb. Ancaq analitiklər bu göstəricinin daha yüksək olacağını gözləyirdilər.

“Facebook”dan gündəlik istifadə edənlərin sayı 1,5 milyard nəfərdir. Lakin Avropada istifadəçilərin sayı 3 milyon azalıb. Təhlilçilər bunu məlumatların sızdırılması qalmaqalı, eləcə də internet trollarının hesablarından saxta xəbərlərin yayılması ilə əlaqələndirir.

Sosial şəbəkə martda ciddi qalmaqal yaşadı. O zaman Cambridge Analytica şirkəti vasitəsilə 87 milyon istifadəçinin bilgisinin sızdırıldığı bəlli oldu. Həm də bu məlumatlar Rusiyanın ABŞ-da seçkiyə müdaxiləsi iddiaları araşdırıldığı bir dönəmdə yayıldı. Moskva ittihamları rədd edir.

“Reuters” agentliyi bildirir ki, ikinci rübün nəticələri həm də Avropada yeni gizlilik qanununun öz təsirini göstərməyə başladığını üzə çıxarıb. Agentlik yazır ki, səhmlərin düşməsi iyulun 26-da davam etsə, bu, 2012-ci ilin iyulundan bəri ən böyük günlük azalma olacaq. O vaxt 12 faizlik eniş qeydə alınmışdı.

Apreldə şirkət gəlirlərinin 63 faiz artdığını, həmçinin istifadəçilərinin çoxaldığını bildirmişdi.

“Facebook” investorlara xəbərdarlıq etmişdi ki, ikinci rübün xərclərində ciddi sıçrayış ola bilər, çünki istifadəçilərin gizliliyi problemlərinin həlli üçün işlər görülür, istifadəçilərin postları daha çox monitorinq olunur. İkinci rübün bütöv xərcləri 7,4 milyard dollar olub, bir il öncəkindən 50 faiz artıq.

Şirkət ilin ikinci yarısı üçün də oxşar artımlar proqnozlaşdırır, video kontent və marketinq xərclərinin artacağını bildirir.

Avropa İttifaqnda Baş Datanı Qoruma Qaydalarının (GDPR) gəlirləri azaldacağı proqnozlaşdırılır. Bu yeni qanun Facebook-u gizlilik şərtlərində xeyli dəyişikliklərə sövq edib. Yəni daha az istifadəçi şəxsə yönəlik olmayan reklamları görmək istəyir və bu da gəlirin azalmasıyla sonuclanır.

Şirkət ilk dəfə olaraq onu da bildirib ki, hər ay 2,5 milyarddan çox istifadəçi apps-lərindən azı birindən istifadə edir. Amma təhlilçilərin fikrincə, həmin istifadəçilərin çoxu Messenger, WhatsApp və Instagram-da vaxt keçirir. Bu tətbiqlərin kommersiyalaşdırılması isə hələ təzə başlayır.

Loup Ventures şirkətindən Gene Munsterin dediyinə görə, “Facebook” “yeni perioda qədəm qoyur”, yəni istifadəçi sayının azalması gəlir artımının yavaşımasına təsirini göstərəcək.

(Amerikanın səsi)