XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

27 İyul 2018 - 12:06

Trampın ayrı saldığı uşaqlar ailələrinə qovuşur –ABŞ nəhəngləri miqrantlara hər cür dəstək verir

Tramp administrasiyasının iyulun 26-da bildirdiyinə görə, ABŞ-Meksika sərhədində ailəsindən ayrılmış 1800-dən çox uşaq ailəsinə qovuşub. Onlar valideynləri və sponsorlarına qovuşublar, amma yüzlərlə uşaq hələ də ailəsindən ayrı yaşayır.

Federal hökumətin 2500-dən çox uşağı ailəsinə birləşdirməsi üçün cümə axşamı son tarix qoyulmuşdu.

Həmin uşaqlar ailələrindən yeni immiqrasiya siyasəti nəticəsində ayrı düşmüşdülər, məqsəd ölkəyə qanunsuz gələn mühacirlərin qarşısını kəsmək idi.

Ancaq bu siyasət dünyada siyasi və dini liderlərin qəzəbinə səbəb olub. Hər gün xəbərlərdə valideynlərindən qoparılan uşaqlardan söz açılıb.

Prezident Donald Tramp bu siyasətə son qoysa da, San Dieqoda hakim hökumətə ailələri qovuşdurmağa vaxt vermişdi. Çərşənbə axşamı etirazçılar Vaşinqtona yığışaraq Trump administrasiyasını məhkəmənin qərarına əməl etməyə, minlərlə uşağı valideyninə qovuşdurmağa çağırıb.

Ancaq 700-dək uşaq hələ valideynini görə bilməyib, onlardan 431-nin valideynləri deportasiya olunub. 67 valideynin kriminal tarixçəsi üzə çıxıb.

Artıq iki həftəydi uşaqlar Texas, Arizona və Nyu Meksikoda ayrılmış xüsusi yerlərə göndərilirdilər. Onlar yemək, geyim, hüquqi məsləhət, təyyarə və avtobus bileti, yeni ayaqqabı bağlarıyla təmin olunub. Adətən, saxlama yerlərində ayaqqabı bağları onlardan alınır.

Bir-birinə qovuşan ailələr buraxılır, valideynlərə elektron bilərziklər verilir və məhkəməyə nə vaxt gələcəkləri bildirilir.

Təyyarə, avtobus biletlərini, qalma xərclərini FWD.US adlı xeyriyyə qurumu ödəyir. Bu qurumu “Microsoft”un yaradıcısı Bill Geyts, “Facebook”un qurucusu Mark Zuckerberg və “Dropbox”un banisi Drew Houston yaradıblar.

Bir mobil telefon şirkətinin isə miqrantlara altı aylıq pulsuz xidməti olan 500 mobil telefon payladığı bildirilir.

“The Associated Press” yazır ki, valideynlərini həftələrlə, yaxud aylarla görməyən bəzi uşaqlar bir daha tərk edilməyəcəkləri qorxusundan bu tezliklə qurtulan deyillər. Humanitar yardım əməkdaşı Julisa Zaragozanın deməsinə görə, bəzi uşaqlar hətta vanna otağına belə tək getməyə qorxublar, valideynlərinin yenə gedəcəyindən çəkiniblər.

Əl-Salvadordan olan 36 yaşlı Jose Dolores Munozun bildirdiyinə  görə, o hər dəfə evdən çıxanda qızı ağlayır, bir daha qayıtmayacağını düşünür.

(Azadlıq.org)