XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 July 2018 - 13:28

Koçaryan sona qədər mübarizə aparacağını deyir –Keçmiş prezidenti 10- ildən 15 ilədək həbs gözləyir

Yerevan birinci instansiya məhkəməsi Ermənistan İstintaq Xidmətinin vəsatətini təmin edərək, Ermənistanın sabiq prezidenti Robert Koçaryan barəsində həbs qətimkan tədbiri seçdi.

Məhkəmə öz qərarını 7 saatdan çox davam edən məhkəmə prosesindən sonra iyulun 28-nə keçən gecə, saat 00:15 radələrində elan etdi. Robert Koçaryan 2 ay müddətinə həbs olundu.

Məhkəmənin daha bir qərarı ilə Ermənistan Silahlı Qüvvələrinin baş qərargah rəisi, hazırda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi olan, general-polkovnik Yuri Xaçaturov barəsində də eyni maddə üzrə ittihamla həbs cəza tədbirini seçdi.

Lakin Yuri Xaçaturov istintaq müddətində iki aylıq həbsdə keçirməyəcək. O, elə həmin gecə 5 milyon dram (təxminən 10 min dollar) girov müqabilində azadlığa buraxıldı.

Həm Robert Koçaryan, həm Yuri Xaçaturov 2008-ci il 1 mart hadisələri ilə bağlı cinayət işi üzrə Ermənistan Respublikası Cinayət Məcəlləsinin 300.1 maddəsinin 1-ci hissəsi üzrə, başqa şəxslərlə ilkin sövdələşməyə gələrək, Ermənistanda Konstitusiya quruluşunu devirməkdə ittiham olunur, Ermənistan Xüsusi İstintaq Xidmətinin (XİX) iyulun 26-da yaydığı məlumatda deyilir.

Bu maddə üzrə 10 ildən 15 ilədək həbs cəza tədbiri nəzərdə tutulur.

2008-ci il martın 1-i və 2-də polis qüvvələrinin 19 fevral prezident seçkilərinin “nəticələrinin saxtalaşdırılması sayəsində” Serj Sarkisyanın qələbəsini tanımayan minlərlə insanın iştirak etdiyi fasiləsiz etiraz aksiyalarının hakimiyyət qüvvələri tərəfindən dağıdılması nəticəsində 10 nəfər, o cümlədən, 2 polis əməkdaşı həlak olub, 200-dən çox insan xəsarət almışdı.

İyulun 26-da şahid qismində XİX-də ifadə verdikdən sonra Robert Koçaryana qarşı ittiham irəli sürülüb və onun barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün XİX vəsatətlə Yerevan Ümumi Yurisdiksiya Məhkəməsinə müraciət edib.

Hadisə ilə bağlı qaldırılan cinayət işi üzrə bu günədək heç kəs məsuliyyətə cəlb olunmayıb.

Robert Koçaryan 1 mart 2008-ci hadisələri ilə cinayət işi üzrə ona qarşı irəli sürülən ittihamları qəbul etmir və bunu “yeni hakimiyyət tətəfindən təqib” kimi qiymətləndirir.

“Bu, açıq-aşkar siyasi təqib, qisasdır”, – Koçaryan XİX-də dindirildikdən sonra “Yerkir media” televiziya kanalına verdiyi müsahibəsində deyib.

“Bu, ifşa etmək deyil. Onlar artıq müqəssirlər təyin edib və ittihamı təmin etmək üçün bu təyinat üçün izahat formalaşdırmaq istəyirlər. Mən bunun mümkün olmasını belə təsəvvür etməzdim, ölkə üçün təhlükəsi çox böyükdür. Nəzərə alın ki, ordunun bütün yuxarı təbəqələri ittiham olunur, ordu ittiham olunur”.

Koçaryan 2008-ci il 1 və 2 mart günlərində “tam qanun çərçivəsində və Konstitusiyaya uyğun” tədbirlər gördüyünü bildirir. O, ölkəni tərk etmək fikrində olmadığını deyib.

“Mən həbsxanaya düşə bilərəm. Gedib oturaram. Lakin sonadək mübarizə apararam. Hara qaçasıyam ki? Mənim həyatım, fəaliyyətim Ermənistanla başlıdır”.

Bu ilin aprel ayında “məxməri inqilab” adını almış hadisələri nəticəsində Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra 1 mart cinayət işi üzrə fəal istintaq aparılmağa başladı. Cinayət işi çərçivəsində o vaxtkı müdafiə naziri Mikayel Harutyunyana qarşı ittiham irəli sürülüb və axtarış elan edilib.

2008-ci il 1 mart cinayət cinayət işi üzrə həmin dövrdə Yerevan hərbi qarnizonuna rəhbərlik edən, hazırda isə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Yuri Xaçaturov da Robert Koçaryana qarşı irəli sürülən maddəyə əsasən ittiham olunur.

Xaçaturov da iyulun 26-da şahid qismində ifadə vermək üçün Xüsusi İstintaq Xidmətinə baş çəkmişdi, oradan müttəhim qismində çıxdı.

XİX onun azadlıqdan məhrum edilməsi vəsatətilə məkəməyə müraciət edib və Yuri Xaçaturov məhkəmə qərarını gözləyir. Məhkəmə binasında general Xaçaturov jurnalistlərin çoxsaylı suallarından yalnız “ittihamı qəbul edirmi” sualı cavabında “yox” deyib.

Hazırda Yuri Xaçaturovun iş yeri Moskvadadır. 2017-ci il aprelin 17-dən o, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi vəzifəsini tutur. 2000-2008-ci illər ərzində general-polkovnik Yuri Xaçaturov Ermənistan müdafiə naziri müavini, 2008-ci ildən 2017-ci ilə kimi Ermənistan Silahlı Qüvvıələri baş qərargah rəisi vəzifələrində çalışıb.

(BBC Azərbaycanca)