XƏBƏR LENTİ

26 Oktyabr 2020

Digər Xəbərlər

27 Yanvar 2016 - 15:38

Türk deputatlar AŞPA-da Azərbaycana xəyanət ediblər? –Deputat sirləri açdı

fazilmustafa-223“Dünən AŞPA-da millət vəkili Elxan Süleymanovun böyük zəhmət bahasına gündəmə gətirdiyi Ermənistanın Azərbaycan torpaqlarını işğalı faktını sənədlərlə təsdiqləyən Sərsəng su anbarı ilə bağlı qətnamənin qəbul olunması ciddi uğur sayıla bilər”.

Strateq.az xəbər verir ki, bunu deputat Fazil Mustafa deyib.

O, Feysbuk-dakı səhifəsində yazıb ki, AŞPA-dakı gərgin müzakirə ilə bağlı daha önəmli bir məsələyə diqqət çəkib:

“Avropa prezidentləri, Minsk Qrupuna həmsədrlik edən Rusiya, ABŞ və Fransanın bütün strukturlarının təhdid və təzyiqləri çox ciddi rol oynadı və bu ölkələrdən olan xeyli deputatın səsvermədə iştirak etməməsinə səbəb oldu. Bildiyiniz kimi, hansısa kiçik detallara görə heç vaxt Türkiyəni qınamamışam. Çünki ən ağır zamanlarda ölkəmizin yanında duracaq tək ölkə Türkiyə olacaq. Ona görə də bu yazacaqlarım qətiyyən Türkiyənin əleyhinə mövqe kimi anlaşılmasın. Sadəcə, qısa bir epizod olaraq türk məsuliyyətsizliyindən yazmaq istəyirəm. Demək, Uolterin məruzəsində 66 lehimizə, 70 əleyhimizə oldu. Türkiyə nümayəndə heyəti 18 nəfərdən ibarət idi. Bunlardan 2 nəfər PKK-nı dəstəkləyən partiyadan olduğuna görə ermənilərə simpatiya duymaları təbiidir. Məhz 16 nəfərin hamısı səs versəydi, qətnamə qəbul olunurdu. Cəmi 12 nəfər lehimizə səs verdi. AKP-dən 2, CHP-dən də 2 nəfər səsvermədə iştirak etmədi. Bu 4 səs nəticəyə ciddi təsir etdi. AKP-dən hətta nümayəndə heyətinin rəhbəri səsvermədə iştirak etmədi. Halbuki, iki gün öncədən hər biri ilə fərdi qaydada danışmışdıq ki, bu soyqırım qədər əhəmiyyətli məsələdir və Azərbaycanla yanaşı, Türkiyəyə də ciddi arqument verəcək”.

Deputatın sözlərinə görə, Türkiyə rəsmiləri bu məsuliyyətsizliyin izahını verəcəklər:

“Beynəlxalq arenada soyqırım məsələsində türkləri ermənilərə uduzduran məhz türk məsuliyyətsizliyidir. Çox üzücüdür, ancaq bunları bölüşmək türk milləti olaraq nöqsanlarımızı görmək baxımından faydalıdır. Bu arada hər iki qətnamə layihəsini dəstəkləmiş Türkiyə, Ukrayna, Gürcüstan, Moldova, Macarıstan və başqa ölkələrdən olan deputatlara öz təşəkkürümü bildirməyi borc hesab edirəm”.