XƏBƏR LENTİ

01 Oktyabr 2020

Digər Xəbərlər

11 Avqust 2018 - 20:15

Azərbaycan Türkiyədən sərmayələrini çəkməlidirmi? –Qubad İbadoğlu və Elxan Şahinoğlunun şərhi

İqtisad elmləri doktoru Qubad İbadoğlu Türkiyə və Rusiya bazarında milli valyutaların dollara nisbətdə ucuzlaşmasının Azərbaycan üçün risklər yaratdığını bildirir.

Qubad İbadoğlu “Facebook” səhifəsində dərc etdiyi təhlili təqdim edirik:

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) cəmi investisiya portfelində rus rublu 1,1 faiz, türk lirəsi isə 1 faiz təşkil edir. Fondun vəsaitlərinin 47,1 faizi dollarla, 35,7 faizi avro ilə, 5,1 faizi isə ingilis funtu ilə saxlanılır. Bu valyutalar arasında avro və funt sterlinqin ABŞ dollarına nəzərən ucuzlaşması fonunda itkiləri dolların möhkəmlənməsindən qazanclar kompensasiya edir. Lakin, son zamanlar türk lirəsinin sürətlə dəyər itirməsi, rublun isə “Amerikanın təhlükəsizliyinin Kremlin aqressiyasından müdafiəsi üzrə Akt” (“Defending American Security from Kremlin Aggression Act) adlanan sənədin mətni açıqlanandan sonra ABŞ dollarına nisbətdə məzənnəsinin ucuzlaşması Fondun valyuta səbətinin gəlirliliyini azaldır.

Son günlər hər iki valyutanın ABŞ dollarına nisbətdə dəyər itirməsi sürətlənib. Belə ki, bu günə olan məlumata görə artıq 6 lirə və ya 67 rubl 1 dollara dəyişdirilir. Nəzərə almaq lazımdır ki, bu son hədd deyil və bu proseslər Azərbaycanın idxalda 2 əsas ticarət tərəfdaşının iqtisadiyyatında baş verir. Odur ki, manata və bütövlükdə qeyri-neft sektoruna təzyiqlər daha da çoxalır.

Digər tərəfdən, ABŞ prezidentinin Konqresə təqdim etdiyi sanksiyaya məruz qalacaq şirkətlər arasında Azərbaycanın da sərmayəçisi olduğu VTB bankın da olması diqqətdən kənarda qala bilməz. Məsələ burasındadır ki, ARDNF-nin bu bankda 500 milyon dollarlıq sərmayəsi var. Bundan əlavə ARDNF Moskva şəhərinin biznes mərkəzi “Tverskaya 16” ünvanında yerləşən və satış dəyəri 133 milyon ABŞ dolları təşkil edən “Qalereya Aktyor” ofis-ticarət mərkəzinə də sahibdir və onu idarə edir. Rusiyanın maliyyə bazarlarında başlayan ucuzlaşma bu sərmayəni də dəyərdən salmaqla yanaşı, ondan əldə edilən gəlirləri dollar ifadəsində azaldır.

Onu da xatırladım ki, Azərbaycan Dövlət Neft Şirkətinin (ARDBŞ) əsas sərmayələri Türkiyə iqtisadiyyatındadır. Hazırda lirənin gündə bir neçə dəfə dəyər itirməsi, Türkiyə maliyyə bazarlarında gedən proseslər ARDNŞ-nin sərmayələrini də risk altına qoyub. Bununla yanaşı hər iki ölkənin iqtisadiyyatında və banklarında olan Azərbaycan mənşəli şəxsi sərmayələr də təhlükə qarşısındadır.

Yekun olaraq qeyd etmək istərdim ki, ARDNF-nin və ARDNŞ-nin Rusiya və Türkiyəyə sərmayələrini siyasi investisiya adlandırmaqla, onun taleyinin belə acınacaqlı olacağını hələ devalvasiyadan əvvəl bildirmişdim. Təəssüf ki, ARDNF və ARDNŞ siyasi təsirlər altında belə uğursuz layihələrə imza atıb. Amma gec olsa da Rusiyadan və Türkiyədən sərmayələr geri çəkilməlidir. Əks təqdirdə bizim itkilərimi daha çox olacaq və manatı da qoruya bilməyəcəyik.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə Qubad İbadoğlunu fikirlərini bölüşmür. Ekspertin bu barədə qeydlərini təqdim edirik:

“Azərbaycanın Rusiya və Türkiyədən sərmayəsini geri çəkmək təklifinin siyasi risqləri böyükdür. Dövlət Neft Şirkəti Türkiyədəki neft və kimya sənayesinə milyardla dollar yatırım qoyub, tək elə “Star” zavodunun inşasına 6 milyard dollardan çox yatırım qoyulub. Zavod oktyabr ayında işə düşəcək və ilbəil Türkiyəyə və Azərbaycana gəlir gətirəcək. İndi bu yatırımdan necə imtina etmək olar? Fərz edək ki, imtina etdik, Türkiyə bu addımımıza seyrçmi qalacaq? Onsuz da Azərbaycan-Türkiyə münasibətlərini pozmaq istəyənlər pusqudadırlar, bu ən çox da işğalçı Ermənistanın işinə yarayacaq.

Soyuqqanlı olmalıyıq. Bəli lirə sürətlə dəyərdən düşür və bunda Amerikanın Türkiyəyə qarşı sanksiyalarının rolu var. Ancaq Türkiyə strateji müttəfiqimizdir, Amerikanın sanksiyaları qarşısında qazanc gətirəcək yatırımlardan imtina etməməliyik. Onda belə çıxır ki, nə vaxtsa Azərbaycanda da manatla bağlı təhlükə yaransa Türkiyə də Azərbaycandakı yatırımlarınımı geri çəkməlidir? Türkiyə neçə il əvvəl manat devalvasiyaya uğrayanda bunu etmədisə, yenə etməz. Belə isə bizə niyə Türkiyədəki lirənin enməsi və Amerikanın Türkiyə əleyhinə siyasəti qarşısında təslim olmalıyıq?”

Turqut