XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

16 Avqust 2018 - 23:10

Moldova Moskvanı “hərbi təxribatda” suçladı –ATƏT-ə isə təlimləri izləmək imkanı verilməyib

Avropada Əməkdaşlıq və Təhlükəsizlik Təşkilatı (ATƏT) Moldovanın separatçı Dnestryanı rayonundakı Rusiya qüvvələrinin “çayı keçmə hərbi təlimləri” ilə əlaqədar narahatlığını ifadə edib.

ATƏT bildirir ki, onun bölgədəki monitorinq qrupuna bu manevrləri izləmək imkanı verilməyib.

ATƏT avqustun 15-də verdiyi bəyanatda bildirir ki, 1992-ci il razılaşmasına əsasən, bu zonada hərbi təlimlər yalnız Birgə Nəzarət Komissiyası (BNK) və ATƏT missiyasının icazəsi ilə keçirilə bilər.

İndiki halda bu qaydaya əməl edilməyib.

Rusiyanın “Interfax” agentliyi xəbər verir ki, “Rusiya Əməliyyat Qrupunun Qüvvələri” piyadaların zirehli döyüş maşınlarının və kəşfiyyat zirehlilərinin iştirakı ilə Dnestr çayının keçilməsi əməliyyatını məşq edib.

BNK-dakı Moldova nümayəndə heyəti bu manevrləri “təxribat aktı” kimi qiymətləndirib.

BNK 1992-ci ildə Moldova, Rusiya və Dnestryanının separatçı nümayəndələri arasında imzalanmış sazişin əsasında yaradılıb.

İyun ayında Moldova hökuməti ATƏT-ə ölkədəki Rusiya qoşunlarının icazəsiz yerdəyişmələr etməsindən şikayət etmişdi. Rusiyanın həmin yerdəyişməsində Moldovadan Ukraynaya gedən yolda 40 hərbi maşından ibarət karvan görünmüşdü.

Dnestryanı keçmiş Sovet İttifaqının ərazisində “dondurulmuş münaqişələrdən” biri sayılır.

Əsasən rusdilli əhalinin yaşadığı Dnestrayanı bölgə 1990-cı ildə Moldovadan müstəqilliyini elan edib.

İki tərəf arasında 1992-ci ildə qısa, lakin qanlı müharibə olub. Bu müharibə Rusiya qoşunlarının müdaxiləsi ilə dayandırılıb və Moldova hökuməti ilə separatçılar arasında atəşkəs sazişi imzalanıb. O vaxtdan bəri Dnestryanı münaqişə Moskvanın yaratdığı “donmuş münaqişələrdən” biridir.

Rusiya o vaxtdan bəri keçmiş sovet silah anbarının mühafizəsi adı ilə Moldova ərazisində 1400 nəfərlik əsgəri qüvvə saxlayır.

Azadlıq.org