XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

21 Avqust 2018 - 16:25

Rusiyadan ABŞ-a yeni hücum gözlənilir –"Microsoft" şirkəti kəşfiyyatın planlarını açıqladı

“Microsoft” şirkəti ABŞ-da noyabrda keçiriləcək konqres seçkiləri öncəsi siyasi qrupları hədəfləyən, Rusiyadan qaynaqlanan haker cəhdləri aşkarladığını bildirir.

Şirkətin məlumatına görə, Rusiya hökumətinə bağlı haker qrupu Vaşinqtonda mənzillənən, Kremli tənqid edən iki mühafizəkar beyin mərkəzinin vebsaytlarına bənzəyən saxta internet domenləri yaradıb. Bu mərkəzlər Hudson İnstitutu və Beynəlxalq Respublikaçı İnstitutudur.

Şirkət bildirir ki, rusiyalı hakerlər ABŞ Senatına məxsus kimi görünən üç saxta domen də yaradıb.

“Microsoft” bu haker qrupunun “Strontium” olduğunu bildirir. Digərləri bu qrupu “Fancy Bear” və ya APT28 adlandırır.

ABŞ-da xüsusi prokuror Robert Müller həmin hakerlərin Rusiyanın QRU kimi tanınan əsas kəşfiyyat agntliyinə məxsus olduğunu açıqlayıb. Qrupun 2016-cı ildə Demokratik Milli Komitəyə və Hillari Klintonun seçki kampaniyasına haker hücumunda əli olduğu bildirilib.

Rusiyalı hakerlərin yaratdığı saxta vebsaytların məqsədi qurbanları müəyyən linkləri basmağa sövq etməkdir. Bu zaman istifadəçilərin kompüterləri filtrləməyə, gizli nəzarətə, data oğurluğuna məruz qalır.

“Microsoft”un prezidenti və baş hüquq rəsmisi Brad Smit deyib ki, hakerlər beyin mərkəzlərinin heç birinə girə bilməyib. Hər iki qurum bu cür hücumlara qarşı ayıq-sayıq olmağa çalışdıqlarını vurğulayıb, çünki onların qlobal miqyasda apardıqları demokratiya işi “avtoritar hökumətləri qəzəbləndirir”.

Beynəlxalq Respublikaçı İnstitutunun idarə heyətinə altı respublikaçı senator, o cümlədən Rusiyanın tənqidçisi Mitt Romni daxildir.

Təxminən bir ay öncə “Microsoft” oxşar açıqlama vermişdi. O zaman Missuridən demokrat senator Kleir MakKaskil demişdi ki, rusiyalı hakerlər onun senatdakı kompüter şəbəkəsinə girməyə çalışıblar, amma buna nail olmayıblar.

“Microsoft” 2016-cı ilin yayında ABŞ federal məhkəməsində “Strontium”a qarşı iddia qaldırıb. Məhkəmə ona saxta domenləri bağlamaq icazəsi verib və şirkət o vaxtdan rusiyalı hakerlərin yaratdığı 84 saxta vebsaytı qapadıb.

“Microsoft” bildirir ki, saxta, ancaq həqiqiyə bənzəyən domenlər yaratmaqla hakerlər onun ticarət markasından və xidmətlərindən sui-istifadə edərək müəyyən kompüter şəbəkələrinə girirlər, həssas emailləri və digər məlumatları oğurlayırlar.

Smitin avqustun 21-də deməsinə görə, indi “Microsoft” ABŞ-da onun proqramlarından istifadə edən siyasi namizədlərin, kampaniyaların, siyasi təşkilatların hamısına pulsuz kibertəhlükəsizlik mühafizəsi təklif edir.

(Azadlıq radiosu)