XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

21 Avqust 2018 - 16:55

Çin İran nefti üçün sanksiyalardan necə yayınır?-Qərb mətbuatı alıcıların gizli planlarını açıqladı

İran neftinin çinli alıcıları öz gəmilərini İran Milli Tanker Korporasiyasının (İMTK) tankerlərinə dəyişir, idxalın demək olar, hamısını həmin tankerlərlə gerçəkləşdirirlər. Məqsəd Birləşmiş Ştatların iqtisadi sanksiyalarına baxmayaraq neft axınını təmin etməkdir.

“Reuters” agentliyi yazır ki, İranın ən böyük müştərisi olan Çin bununla sanksiyalara rəğmən İrandan neft almağa davam edəcəyini ortaya qoyur.

Vaşinqton mayda İranla neft sazişindən çıxdığını, sanksiyaları bərpa etdiyini bildirib.

Birləşmiş Ştatlar İranı yeni nüvə sazişi üzrə danışıqlara məcbur etmək, Yaxın Şərqdə təsirini məhdudlaşdırmaq üçün İrandan neft ixracını da önləməyə çalışır. Çin hər hansı birtərəfli sanksiyalara qarşı çıxdığını bildirib, İranla kommersiya əlaqələrini müdafiə edib.

Sanksiyaların ilk raundu avqustun 7-də qüvvəyə minib, İranın və onunla iş görən şirkətlərin ABŞ maliyyə sisteminə çıxışını kəsib. İrandan neft satışına qadağa isə noyabrda başlanacaq.

Bəzi şirkətlər sanksiyaları pozmamaqdan ötrü artıq İranda fəaliyyətlərinə son verirlər.

Çinin Zhuhai Zhenrong Korporasiyası və Asiyanın ən böyük neft emalçısı olan Sinopec Group artıq İran Milli Neft Korporasiyası ilə təchizat razılaşmalarının bir bəndini işə salıblar. Bu bənd onlara İMTK-nın tankerlərindən istifadəyə imkan verir. “Reuters” bunu məsələdən xəbərdar dörd mənbəyə istinadla yazır. Ancaq mənbələr anonimlik şərtilə danışıblar.

“Bu dəyişiklik yaxınlarda baş verib, hər iki tərəfdən eynivaxtlı çağırış səslənib”, – Pekində bir neft şirkətinin rəsmisi deyib.

Ötən ay İrandan Çinə neft daşımış 17 tankerin hamısı İrana məxsus olub. Onlara 23,8 milyon barel xam neft və kondensat yüklənib. Bu, günə 767 min barel edir. İyunda isə 19,8 milyon barel, günə 660 min barrel neft yüklənmişdi.

Ötən il Çin günə ortalama 623 min barrel neft idxal edib. Sinopec şirkəti, eləcə də Zhenrong-un təsisçi şirkəti olan Nam Kwong Group-dan məsələni şərh etməyiblər.

“Reuters” İran tərəfdən də şərh ala bilmədiyini qeyd edir.

Agentlik yazır ki, İran 2012-2016-cı illərdə Qərb sanksiyalarından yayınmaqdan ötrü oxşar sistemə əl atmışdı. O zaman sanksiyalar neft ixracını məhdudlaşdıra bilmişdi, çünki daşımalar sığortalanmırdı.

İranın Çinə satdığı, ayda 1,5 milyard dollar gəlir gətirən nefti necə sığortalayacağı bəlli deyil. Sığorta adətən, neft məhsullarını, üçüncü tərəfin öhdəliyini, çirklənməni əhatələyir.

“Şirkətlərin bu variant əl atması birinci dəfə deyil. Ehtiyac olduqda alıcılar bundan istifadə edə bilərlər”, – mənbələrdən biri agentliyə deyib.

İran neftinin Çinə çatması bir ayadək çəkir. Mənbələrin bildirməsinə görə, yeni göndəriş şərtlərinə uyğun olaraq, İrandan Çinə neft daşımaları oktyabradək dəyişməyəcək.

(Azadlıq radiosu)