XƏBƏR LENTİ

30 Sentyabr 2020
29 Sentyabr 2020

Digər Xəbərlər

22 Avqust 2018 - 14:57

Kərimova 331 milyon dollar rüşvəti kimlərdən alıb? –Stokholm məhkəməsində ölkənin ən səs-küylü korrupsiya qalmaqalı araşdırılacaq

Sentyabrın 4-də Stokholm məhkəməsində “Telia” (keçmiş Telia Sonera) telekommunikasiya şirkətinin keçmiş rəhbərlərinin işi üzrə proses başlanacaq. Həmin şəxslər Özbəkistanın mərhum prezidenti Islam Kərimovun böyük qızı Gulnara Kərimovaya 350 milyon dollar rüşvət verməkdə ittiham olunurlar.

Məlumatı “Azadlıq” radiosunun özbək xidməti İsveçdə prokurorluq və məhkəmə təmsilçilərindən əldə edib.

Özbəkistan, ABŞ və Avropanın bir sıra ölkələrində telekommunikasiya şirkətlərindən bir neçə milyonluq rüşvət almaqda suçlanan Gulnara Kərimova, eləcə də onun vasitəçiləri və yardımçıları məhkəmədə iştirak etməyəcəklər.

Məhkəmənin ilk iclasında ittiham aktı elan olunacaq, proses sentyabrın 19-21-də davam edəcək.

Müttəhimlər kürsüsündə 2003-2007-ci illərdə “Telia”-nın maliyyə direktoru və vitse-prezidenti olmuş Tero Kivisaari, eləcə də şirkətin keçmiş icraçı direktoru Lars Nyuberg və Avrasiya biznes istiqamətləri üzrə baş müşaviri Uli Tuima əyləşəcək.

İsveç baş prokurorluğunun korrupsiyayla mübarizə idarəsinin direktoru Gunnar Stetler hər 3 şəxsi Gulnara Kərimovaya 350 milyon dollar rüşvət verməkdə ittiham edir. Rüşvətin “Telia”-nın Ucell adıyla Özbəkistan bazarına çıxması, yəni hakimiyyətdən “müdafiə” olunması əvəzində verildiyi bildirilir.

İsveç tarixində ən böyük korrupsiya sxemində, “Telia”-nın keçmiş rəhbərlərindən rüşvət almaqda suçlanan özbəkistanlılar da məhkəməyə getməyəcəklər.

Gunnar Stetler “Azadlıq” radiosuna müsahibəsində deyib ki, Kərimovanın və köməkçilərinin məhkəmədə iştirakı elə də vacib deyil, çünki Kərimovanın rüşvət almaqda günahı praktiki sübut olunub.

Məndən ötrü ən vacibi məhkəmədə “Telia”-nın keçmiş rəhbərlərinin Kərimovaya milyonlarla dollar rüşvət verdiyini sübuta yetirməkdir”, – o deyib.

Səhmlərinin 37 faizi İsveç hökumətinə məxsus “Telia” şirkəti daha öncə Kərimovaya 331 milyon dollar rüşvət verilməsində təqsirini boynuna alıb, ABŞ-ın Ədliyyə Nazirliyi ilə məhkəməyə qədər müqavilə bağlayıb, 965 milyon dollar cərimə ödəməyə razılaşıb.

Özbəkistan Baş Prokurorluğu ötən il iyulun 28-də keçmiş prezident Islam Kərimovun qızına başladılmış cinayət işinin detallarını açıqlayıb. Kərimovanın 2015-ci ildə bir sıra maliyyə cinayətlərində təqsirli bilinərək 5 illik həbsə məhkum edildiyi bəlli olub. Onun korrupsiya sxemindəki əsas köməkçiləri olan Gayane Avakyan və Rüstəm Madumarov hazırda Özbəkistanda həbsxanadadırlar.

(Azadlıq radiosu)