XƏBƏR LENTİ

28 Oktyabr 2020

Digər Xəbərlər

01 Fevral 2016 - 19:07

İcra Hakimiyyətlərinə dotasiya azaldılacaq – Nazir sahibkarlara çağırış etdi

fazil vergiVergilər naziri Fazil Məmmədov bu gün Şəmkir şəhərində rayon ictimaiyyəti ilə görüşündə maraqlı açıqlamalar verib.

Strateq.az Vergilər Nazirliyinə istinadən xəbər verir ki, Heydər Əliyev Mərkəzinin binasında keçirilən görüşdə yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, sahibkarlar, rayon ziyalıları iştirak ediblər.

Görüşdə çıxış edən nazir Fazil Məmmədov dünyada baş verən proseslər, enerji və maliyyə bazarlarında yaranmış iqtisadi vəziyyət, bunun ölkəmizə təsirləri barədə danışıb, Azərbaycan prezidenti İlham Əliyevin ölkənin büdcə gəlirlərinin neftdən asılılığının azaldılması, qeyri-neft sektorunun inkişafının təmin edilməsi, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində apardığı işlər və atdığı qətiyyətli addımlar nəticəsində bütün dünyanı bürümüş qlobal böhranının Azərbaycan iqtisadiyyatına təsirinin minimallaşdırılmasına nail olunduğunu vurğulayıb.

F.Məmmədov iqtisadi inkişaf dinamikasının saxlanması, yerli istehsalın dəstəklənməsi, sahibkarlığa geniş dövlət dəstəyinin göstərilməsi, vətəndaşların sosial rifahının yaxşılaşdırılması, əhalinin yaranmış yeni iqtisadi situasiyadan zərər çəkməməsi üçün Azərbaycan hökuməti tərəfindən atılan addımlar barədə görüş iştirakçılarına geniş məlumat verərək, mövcud iqtisadi şəraitdə iş yerlərinin ixtisarına yol verilməməsinin və yeni iş yerlərinin yaradılmasının qarşıda duran ən mühüm vəzifələrdən olduğunu bildirib.

Açıq dialoq şəraitində keçən görüşdə F.Məmmədov ölkə Prezidenti tərəfindən qarşıdakı dövr üçün müəyyənləşdirilmiş strateji istiqamətlər barədə məlumat verib. Bildirilib ki, 2016-cı ildə iqtisadi şaxələndirmə, regional inkişaf, qeyri-neft sektorunun inkişafı prioritet olacaqdır. Azərbaycan hökumətinin məqsədi ölkədə sahibkarlığın inkişafı, qeyri-neft sektorunun ümumi daxili məhsulda və büdcə daxilolmalarında payının artırılmasına, sahibkarlıq fəaliyyətində canlanmaya nail olmaqdır. Bu mənada 2016-cı ildə regionlarda sahibkarlığın inkişafına xüsusi önəm veriləcək.

F.Məmmədov bildirib ki, yerlərdə sahibkarlığın inkişafı üçün dövlət tərəfindən bütün mümkün addımlar atılır. Biznes mühitinin yaxşılaşdırılması, sahibkarların dəstəklənməsi məqsədilə vergi qanunvericiliyinə ciddi dəyişikliklər edilərək onlara bir sıra vergi güzəştləri verilib, lisenziyalaşdırılan fəaliyyət növlərinin sayı azaldılıb, sahibkarlıq subyektlərində yoxlamaların əksəriyyəti dayandırılıb, ölkəmizdə investisiyaların təşviqi və qeyri-neft məhsullarının ixracının stimullaşdırılması məqsədilə ölkə başçısı tərəfindən yeni qanunvericlik sənədləri təsdiq edilib. O, qeyd edib ki, sahibkarlar da bu dəstəkdən faydalanaraq, məhsul istehsalının artırılmasına nail olmalıdırlar.

Nazir yerli sahibkarlara müraciət edərək onları öz fəaliyyətlərini genişləndirməyə, rayonun potensialından maksimum istifadə etməyə, yerli istehsalla bağlı layihələrə sərmayə yatırmağa çağırıb. Qeyd olunub ki, Şəmkir rayonunda kənd təsərrüfatının, turizmin daha da sürətlə inkişaf etməsi üçün böyük potensial var. Qeyri-neft sektorunun inkişafında mühüm rol oynayan qeyri-neft sənayesinin inkişaf etditilməsinin vacibliyini diqqətə çatdıran nazir Şəmkir rayonu ərazisində də belə bir sənaye zonasının yaradılması imkanlarının nəzərdən keçirilməli olduğunu vurğulayıb.

Ölkə başçısının dövlət büdcəsindən dotasiya alan rayonların sayının azaldılması ilə bağlı dediklərinə toxunan nazir Şəmkir rayonunun da bu istiqamətdə ciddi addımlar atmasını vacib hesab edib. O vurğulayıb ki, bu münbit torpağı, suvarma üçün suyu, zəhmətkeş insanları, bacarıqlı sahibkarları olan Şəmkir rayonu üçün kifayət qədər real bir vəzifədir və dövlət büdcəsindən rayona ayrılan vəsaitin məbləğini azaltmaq, gələcəkdə isə, tamamilə dotasiyasız işləmək üçün təsirli tədbirlər görülməlidir.