XƏBƏR LENTİ

30 Sentyabr 2020

Digər Xəbərlər

25 Avqust 2018 - 22:35

Prezident və birinci xanım Şamaxı və İsmayıllıda –Açılışlar + FOTOLAR

Avqustun 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıya səfər çərçivəsində Meysəri kəndindəki “Şirvan şərabları” MMC-nin üzümçülük və şərabçılıq kompleksinin açılışında iştirak ediblər.

Azərbaycanda həyata keçirilən məqsədyönlü uğurlu siyasət nəticəsində iqtisadiyyatın sürətli inkişafı ölkədə işgüzar fəallığın yüksəldilməsinə, neft sektoru ilə yanaşı, qeyri-neft sektorunun da dinamik inkişafına, yoxsulluğun azaldılmasına əlverişli şərait yaradıb, əhalinin etibarlı sosial müdafiəsini, maddi-rifah halının əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasını təmin edib. Prezident İlham Əliyevin hazırda intensiv metodlara əsaslanan aqrar sektorun yaradılmasına yönələn siyasəti, həyata keçirilən dövlət dəstəyi tədbirləri öz uğurlu nəticəsini verir. Bu, kənd təsərrüfatı məhsullarının istehsalının və ixracının artmasına, özünütəminetmə səviyyəsinin yüksəlməsinə səbəb olur. Üzümçülüklə bağlı həyata keçirilən tədbirlər də bunun əyani ifadəsidir.

Şamaxıda vaxtilə üzümçülük böyük şöhrət qazanmışdı. Ötən əsrin 70-80-ci illərində Şamaxı Azərbaycanın ən böyük üzümçülük rayonlarından birinə çevrilmişdi. Sonradan Sovet İttifaqının dağılması, 90-cı illərin əvvəllərində ölkədə yaşanan gərginlik, baxımsızlıq iqtisadiyyatın digər sahələri kimi, üzümçülüyü də demək olar ki, sıradan çıxarmışdı. Hazırda bu gəlirli sahənin bərpası və yenidən inkişaf etdirilməsi diqqət mərkəzindədir. Bu baxımdan Prezident İlham Əliyevin tapşırığı ilə hazırlanan və qəbul edilən “2012-2020-ci illərdə Azərbaycanda üzümçülüyün inkişafına dair Dövlət Proqramı” bu sahənin yenidən dirçəldilməsində mühüm rol oynayır. Bu dövlət proqramı üzümçülüklə məşğul olan sahibkarların fəaliyyətini də gücləndirib, yeni üzümçülük təsərrüfatlarının yaradılmasına müsbət təsir göstərib. İri aqrar rayonlardan olan Şamaxıda kənd təsərrüfatının bu sahəsinə xüsusi önəm verilir. Bu istiqamətdə “Şirvan şərabları” MMC-nin gördüyü işlər təqdirəlayiqdir.

AZƏRTAC xəbər verir ki, “Şirvan şərabları” MMC-nin icraçı direktoru Ceyhun Soltanov dövlətimizin başçısına və xanımına kompleks barədə məlumat verdi. Bildirildi ki, üzümçülük və şərabçılıq kompleksinin ümumi sahəsi 310 hektardır. Kompleksin ərazisində sahəsi 4398 kvadratmetr olan şərab zavodu müasir texnologiya ilə inşa edilib və Fransanın “Pera” şirkətinin avadanlıqları ilə təchiz olunub. Müəssisənin hədəfi illik 1,4 milyon litr şərab istehsalına nail olmaqdır. Həmçinin regionun turizm potensialını da nəzərə alaraq kompleksə turist turlarının təşkil olunması və nəticədə ölkəmizdə şərabçılıq turizminə töhfə vermək də müəssisənin qarşıya qoyduğu məqsədlərdəndir. Bu məqsədlə ərazidə şərab muzeyi və restoran binası, terras istifadəyə verilib, qonaqlar üçün avtodayanacaq və qonaq evi tikilib. Uşaqlar üçün əyləncə zonası da yaradılıb. Kompleksin girişində yük və minik avtomobilləri üçün nəzarət-buraxılış məntəqələri var. Ərazidə anqar binası, texnikalar üçün avtoyuma və yanacaqdoldurma məntəqəsi, mağaza və zavodun maşınları üçün avtodayanacaq tikilib. Çayın üzərində minik maşınları və piyadalar üçün körpü inşa olunub. Əraziyə uzaq məsafədən su, işıq, qaz xətləri çəkilib, yağış sularının axıdılması üçün xüsusi borular və avtomat suvarma sistemləri, təhlükəsizlik müşahidə kameraları quraşdırılıb. Zavodun işçi heyəti üçün ofis, yeməkxana və yataqxana binası inşa olunub.

Qeyd edək ki, ulu öndər Heydər Əliyevin respublikaya rəhbərliyinin birinci dövründə üzümçülüyün inkişafına xüsusi diqqət göstərilirdi. Bunun nəticəsi idi ki, 1984-cü ildə respublika büdcəsi gəlirlərinin 40 faizə yaxını üzümçülük və şərabçılığın hesabına təmin edilirdi. Həmin dövrdə 254 min hektar üzüm bağlarından 2 milyon 164 min ton məhsul yığılmışdı. Bu, SSRİ-də istehsal olunan üzümün 30 faizinə bərabər idi. Həmin dövrdə Şamaxı Azərbaycanın ən böyük üzümçülük rayonlarından birinə çevrilmişdi. 26 min hektar üzüm plantasiyası olan rayonda ildə orta hesabla 240 min tondan çox üzüm toplanırdı.

Müəssisənin istehsal prosesi ilə tanış olan dövlətimizin başçısına məlumat verildi ki, Şamaxıda üzümçülüyün inkişafına yenə xüsusi diqqət göstərilir. 2014-cü ildə üzüm bağlarının salınması və arqonik bioşərab istehsalı məqsədilə yaradılan “Şirvan şərabları” MMC-nin fəaliyyəti bu sahədə diqqəti cəlb edir.

Fransız texnoloq Jam Montane bildirdi ki, 2015-ci ildə 40 hektar sahədə fransız sortlarından ibarət 100 min ting əkilməklə ilk üzüm bağı salınıb. Bir il sonra – 2016-cı ildə daha 40 hektar sahədə Azərbaycan, gürcü və fransız sortlarından ibarət 100 min ting əkilib. İlk məhsul ötən il götürülüb. 233 min 379 ton üzüm yığılıb, bu məhsuldan 142 min 900 litr üzüm şirəsi sıxılıb və “Meysəri” markası ilə “Sədəf”, “Mərcan” və “Məxməri” adlı şərablar istehsal olunub.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilk məhsulları imzaladılar.

Bildirildi ki, 2017-ci ildə 40 hektardan çox, bu il isə 35 hektardan çox sahədə növbəti üzüm bağları salınıb. Gələn il daha 44 hektar sahədə yeni bağların salınması və üzüm sahələrinin 200 hektara çatdırılması nəzərdə tutulub. Üzümlüklərin 40 faizini ağ, 60 faizini isə qırmızı üzüm sortları təşkil edəcək. Hazırda müəssisədə Meysəri kəndi və ətraf ərazilərin sakinlərindən 200-dək insan işlə təmin olunub. Onu da deyək ki, kompleksin ərazisində yaşıllıq zolağı salınıb, 1000-dən çox müxtəlif növ ağac və kollar əkilib, süni göl yaradılıb. Müəssisəyə məxsus, üzüm əkini üçün relyef baxımından əlverişsiz olan 34 hektardan çox sahədə müxtəlif meyvə ağacları əkilib.

Sonra Prezident İlham Əliyev müəssisənin kollektivi ilə görüşdü.

Müəssisənin işçisi Zahir Əliyev göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına təşəkkürünü bildirdi.

Sonda xatirə şəkilləri çəkdirildi.

***

Avqustun 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsmayıllı rayonuna səfər edib.

Strateq.az Azərtac-a istinadən bildirir ki, dövlət başçısı İsmayıllıda“Buta Qrup” MMC tərəfindən yaradılan aqroparkın açılışında iştirak edib.

Açılışda  iqtisadiyyat naziri Şahin Mustafayev və sahibkar Bəşir Quliyev aqroparkda görülən işlər barədə dövlət başçısına ətraflı məlumat veriblər.

Bildirilib ki, ümumi dəyəri 22 milyon manat olan aqroparkın yaradılmasına birinci mərhələdə 7,7 milyon manat investisiya qoyulub. Bunun 1,9 milyon manatı İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ayrılıb. Ərazisi 602 hektar olan aqroparkın tərkibinə əkinçilik təsərrüfatı, soyuducu anbar kompleksi, istehsal olunmuş kənd təsərrüfatı məhsullarının çeşidlənməsi və paketlənməsi sahələri daxildir.

***

Avqustun 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsmayıllı rayonuna səfəri çərçivəsində Qaraməryəm-İsmayıllı-Şəki yolunun 5-ci kilometrliyindən ayrılan Kürdmaşı-Kəlbənd-Girk avtomobil yolunun yenidənqurma və bərpadan sonra açılışında iştirak edib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov yeni yol barədə Prezident İlham Əliyevə məlumat verib.

Bildirilib ki, dövlətimizin başçısının bu il imzaladığı Sərəncama əsasən, 1000 nəfər əhalinin yaşadığı iki yaşayış məntəqəsini birləşdirən Qaraməryəm-İsmayıllı-Şəki yolunun 5-ci kilometrliyindən ayrılan Kürdmaşı-Kəlbənd-Girk avtomobil yolunun tikintisinə dövlət büdcəsinin investisiya xərclərindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə vəsait ayrılıb. Uzunluğu 14 kilometr olan yol dördüncü texniki dərəcəlidir. Hərəkət hissəsinin eni 6 metr olan yol iki hərəkət zolaqlıdır. Yol boyu suötürücü borular, siqnal dirəkləri, yol nişanları və göstərici lövhələr quraşdırılıb, yol cizgi xətləri çəkilib, biraşırımlı körpü tikilib.

Prezident İlham Əliyev yeni yolun rəmzi açılışını bildirən lenti kəsib.

***

Avqustun 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsmayıllı rayonunun Keyvəndi kəndinin ərazisində istifadəyə verilən “AZZA AGRO” MMC-nin 1000 başlıq müasir heyvandarlıq kompleksinin açılışında iştirak edib.

Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq, ölkədə ərzaq məhsullarına tələbatın yerli istehsal hesabına ödənilməsi, ərzaq təhlükəsizliyinin təmin edilməsi, ölkədə mal-qaranın cins tərkibinin yaxşılaşdırılması məqsədilə yeni heyvandarlıq kompleksləri yaradılır. Respublikada ət və süd məhsullarına olan tələbatın yerli istehsal hesabına tam ödənilməsi məqsədilə dövlət tərəfindən hərtərəfli dəstək göstərilir. İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ümumi dəyəri 264,1 milyon manat olan 49,9 min başlıq 27 müasir cins heyvandarlıq kompleksinin yaradılmasına 111,7 milyon manat güzəştli kredit ayrılıb. Bununla yanaşı, İqtisadiyyat Nazirliyi tərəfindən 9 heyvandarlıq kompleksinin yaradılmasına ümumi dəyəri 68,4 milyon manat olan investisiya təşviqi sənədi verilib ki, nəticədə qənaət olunmuş 746 min manat vəsait sahibkarlar tərəfindən həmin layihələrin icrasına yönəldilib. Ölkədə müasir heyvandarlıq komplekslərinin yaradılması nəticəsində xaricdən yüksək məhsuldar cins heyvanlar gətirilərək əhalinin keyfiyyətli ət və süd məhsullarına olan tələbatının daha yüksək səviyyədə ödənilməsi təmin edilir. 2009-cu ildən indiyədək ölkəyə “Aqrolizinq” ASC-nin vasitəsi ilə 29,9 min baş yüksək məhsuldarlığa malik cins heyvanlar gətirilib. Ölkədə 2017-ci ildə ət istehsalı ötən illə müqayisədə artaraq 133 min ton, süd istehsalı isə 2024 min ton olub. Yeni yaradılan heyvandarlıq təsərrüfatlarından biri də İsmayıllı rayonunun Keyvəndi kəndi ərazisində istifadəyə verilən “AZZA AGRO” MMC-nin müasir heyvandarlıq kompleksidir.

İqtisadiyyat naziri Şahin Mustafayev və sahibkar Zöhrab Aslanov kompleksdə görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verdilər.

Şahin Mustafayev dövlətin güzəştli kreditləri hesabına yaradılan heyvandarlıq kompleksləri barədə danışarkən qeyd etdi ki, indiyə qədər yaradılan cins heyvandarlıq komplekslərin sayı 27-yə çatıb. Bu müəssisələrin illik istehsal gücü 150 min ton süd və 6 min ton ət təşkil edir. Bu il istifadəyə verilməsi nəzərdə tutuıan 4 heyvandarlıq kompleksində isə 6600 cins heyvan saxlanılacaq. Həmin müəssisələrin illik istehsal gücü isə 11 min ton süd, 2 min ton ət olacaq.

Bildirildi ki, müasir texnologiyaların tətbiqinə əsaslanan kompleksin birinci mərhələsi üzrə işlərin görülməsinə 9,5 milyon manat investisiya qoyulub ki, bunun da 3,5 milyon manatı İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ayrılıb. Bundan əlavə, kompleksə İqtisadiyyat Nazirliyi tərəfindən investisiya təşviqi sənədi verilib və nəticədə xeyli vəsaitə qənaət olunub. Kompleksin tərkibinə 1000 başlıq ferma binaları, doğum, sağım və buzovluq bölmələri, yem istehsalı sahəsi, əkinçilik təsərrüfatı və digər köməkçi sahələr daxildir.

Prezident ilham Əliyevə “Aqrolizinq” ASC vasitəsilə ilkin olaraq gətirilmiş “Holstein Friesian” cinsindən olan inəklər, kompleksdə yeni doğulmuş buzovlar, İsveçin “DeLaval” şirkətinin ferma və sağım sistemi avadanlıqları, Almaniya və Hollandiya istehsalı olan kənd təsərrüfatı texnika və aqreqatları haqqında ətraflı məlumat verildi.

Qeyd edildi ki, kompleksə gətirilmiş 99 baş “Holstein Friesian” cinsindən olan boğaz düyədən əlavə, bu ilin sentyabr və noyabr aylarında 201 baş cins düyənin gətirilməsi və gələcəkdə heyvanların baş sayının 1600 başa çatdırılması nəzərdə tutulur. Heyvandarlıq kompleksində bu sahədə dünya liderlərindən olan İsveçin “DeLaval” şirkətinin ferma və sağım sistemi avadanlıqları quraşdırılıb. Bu sistem hər bir cins heyvana fərdi yanaşmaqla, onların yaşı, çəkisi, yem rasionu, süd verimi, sağlamlıq vəziyyəti və digər məlumatları xüsusi çiplərdə toplayaraq kompleksin səmərəli idarə olunmasına imkan verir. Belə ki, heyvanların yemlənməsi və sağılması zamanı çiplər vasitəsilə yığılan məlumatlar xüsusi proqramda toplanılaraq hər bir heyvan üzrə gündəlik yem norması müəyyən olunur, sağlamlıq vəziyyəti təhlil edilir. Sistemin daha bir xüsusiyyəti hər bir cins heyvan üçün qüvvəli yemin müəyyən olunmuş vaxtda və miqdarda avtomatlaşdırılmış qaydada verilməsidir. Ferma binalarında quraşdırılmış pərdələr havanın temperaturuna, rütubətlilik səviyyəsinə və günəşin düşmə bucağına görə avtomatik olaraq tənzimlənir. Bundan başqa, fermaların daxili temperaturunun tənzimlənməsi məqsədilə su ilə sərinləşdirilən avtomatik idarə olunan pərlər quraşdırılıb. Bütün bunlar cins heyvanların südünün kəmiyyətinin və keyfiyyətinin artırılmasına imkan verir.

Diqqətə çatdırıldı ki, heyvandarlığın inkişaf etdirilməsi, heyvandarlıq məhsullarının həcminin artırılması, məhsulun keyfiyyətinin yaxşılaşdırılması və onun maya dəyərinin aşağı salınmasında mühüm məsələlərdən biri də yerli istehsal hesabına davamlı yem bazasının yaradılmasıdır. Bu məqsədlə kompleks tərəfindən qüvvəli və qaba yemə olan tələbatın ödənilməsi üçün cari ildə 500 hektar sahədə arpa və yonca əkilib, 2,1 min ton silos ehtiyatı yaradılıb. Gələcəkdə əkin sahələrinin 800 hektara çatdırılması nəticəsində kompleksin yem tələbatının tam daxili imkanlar hesabına təmin edilməsi, eləcə də ət və süd məhsullarının emalı sahələrinin yaradılması nəzərdə tutulur. Belə ki, kompleksin daha mənfəətlə fəaliyyət göstərməsi məqsədilə gündəlik emal gücü 10 ton süd və 1 ton ət olan emal sahələrində istehsal olunacaq ekoloji təmiz məhsullar “AZZA” brendi adı altında şirkətə məxsus mağazalar şəbəkəsində satışa çıxarılacaq.

Qeyd olundu ki, layihənin icrası nəticəsində 14 nəfər işlə təmin olunub. Gələcəkdə iş yerlərinin 70-ə çatdırılması nəzərdə tutulur.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 25-də İsmayıllı rayonuna səfəri çərçivəsində burada yenidən qurulan 110/35/10 kilovoltluq 2×16 MVA gücə malik “İsmayıllı” yarımstansiyasının açılışında iştirak edib.

“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Baba Rzayev Prezident İlham Əliyevə müəssisənin fəaliyyəti barədə məlumat verdi.

Bildirilib ki, “İsmayıllı” yarımstansiyası istismar müddətini başa vurduğundan müasir üslubda tam yenidən qurulub. Bu yarımstansiya vasitəsilə İsmayıllı şəhəri və ətraf 14 yaşayış məntəqəsinin, 35 kilovoltluq Basqal və 35 kilovoltluq İvanovka hava xətlərinin üzərində olan 35/10 kilovoltluq “Girdimançay”, “Zərgəran”, “Yeni Basqal” və “İvanovka” yarımstansiyalarının elektrik enerjisi ilə təchizatı həyata keçirilir.

Dövlət başçısı yarımstansiyanı işə salıb.