Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Respublikası Silahlı Qüvvələrinin tibb komandanı – Gülhanə Hərbi Tibb Akademiyasının rəisi, korpus generalı ömər Paçın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Strateq.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, görüş iştirakçıları əvvəlcə Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsində tədris, təlim, praktiki məşğələlər üçün yaradılan Simulyasiya Mərkəzi, tədris laboratoriyası, kompyuter sinfi, kitabxana, həmçinin yataqxana kompleksi ilə tanış olublar.
Görüşdə müdafiə naziri Zakir Həsənov son vaxtlar cəbhədəki gərgin vəziyyətə, düşmənin təxribat törətmək cəhdlərinə diqqət yetirərək hərbi tibb mütəxəssislərinin dərin biliklərə, geniş təcrübəyə malik olmalarını xüsusi qeyd edib:
“Hər bir hərbi həkim bilməlidir ki, şəxsi heyətin sağlamlığı, əsgərə ilkin tibbi yardımın göstərilməsi döyüş tapşırığına, ümumilikdə döyüş hazırlığına təsir edən əsas faktorlardan biridir. Məhz bu səbəbdən də torpaqlarımızı işğaldan azad etməyə hazır olan Silahlı Qüvvələrimizdə xidmət edən hərbi həkimlərimizin döyüş meydanında rolu əvəzsizdir və danılmazdır”.
Strateq.az