ABŞ prezidenti Donald Tramp sentyabrın 5-də axşam yazdığı tvitdə “The New York Times” qəzetindən tələb edib ki, administrasiyasındakı onu tənqid edən anonim rəsminin adını açıqlasın.
Bundan öncə isə Tramp “Twitter”-də bircə kəlmə yazıb: “XƏYANƏT?”
Prezident və Ağ ev qəzetdə dərc olunmuş məqaləyə qəzəbli reaksiya veriblər. Özünü Tramp administrasiyasının yüksəkçinli rəsmisi kimi təqdim edən şəxs yazır ki, prezidentin ən pis hərəkətlərinin qarşısını tez-tez elə öz işçiləri alır. Tramp Şərq Otağında tədbir zamanı məqaləni “alçaqlıq” adlandırıb, sonradan qəzeti tənqid edib.
“Onlar Donald Trampı sevmirlər, mən də onları sevmirəm, çünki çox vicdansız adamdırlar”, – prezident jurnalistlərə deyib.
O, yazının müəllifini “yəqin ki, uğursuzluğa gedən və yanlış səbəblərdən, güman ki, burada olan” biri kimi təsvir edib.
Tramp gecə “Twitter”-də yazıb: “Mən bataqlığı quruduram, bataqlıq da savaşmağa çalışır. Narahat olmayın, biz qalib gələcəyik!”
Müəllif Trampı “əxlaqsız”, “ümumən antiticarət və antidemokratik” adlandırıb.
Köşə yazısında təəccüb yaradan bir məqam 25-ci Düzəlişin tətbiqi barədə “erkən pıçıltılar” barədədir, amma “heç kəs konstitusiya böhranı yaratmaq istəmədi. Biz administrasiyanı müddəti bitənədək düzgün istiqamətə aparmaq üçün əlimizdən gələni edəcəyik”.
ABŞ konstitusiyasına 25-ci düzəliş vəzifədə olan prezidenti kənarlaşdırmaq tədbirlərini nəzərdə tutur.
Trampın qeydlərindən sonra Ağ evin mətbuat katibi Sarah Sanders bəyanat yayaraq məqaləni “rəzil, ehtiyatsız və xudpəsənd” adlandırır. Sanders qəzeti üzr istəməyə çağırıb, bu məqaləni “liberal medianın prezidenti gözdən salmağı hədəfləyən növbəti cəhdi” hesab edir.
Məqalədə Trampın prezidentliyi tamamilə pislənmir, bu da belə bir spekulyasiyaya yol açır ki, müəllif ümumilikdə respublikaçı administrasiyasını dəstəkləyir.
Sentyabrın 4-də reportyor Bob Woodwardın “Qorxu” adlı kitabından bəzi hissələr yayılıb. Kitabda iddia olunur ki, Trampın öz işçiləri onun masasından vacib sənədləri oğurlayıblar. Bir gün sonra Tramp bu kitabı “uydurma” adlandırdı.
(Azadlıq radiosu)