XƏBƏR LENTİ

29 Sentyabr 2020
28 Sentyabr 2020

Digər Xəbərlər

07 Sentyabr 2018 - 14:51

Rusiya Paşinyanı devirməklə hədələdi:Baş naziri Putinlə görüşdə "məşhər ayağı" gözləyir

Sabah Ermənistanın baş naziri Nikol Paşinyan Moskvaya gedir və gözlənilir ki, onun Rusiya prezidenti Vladimir Putinlə söhbəti çox gərgin olacaq. Bunun səbəbləri isə xeyli çoxdur – Paşinyanın hökumətinin tamamilə qərbmeyllilərdən, “Sorosun adamlarından”, hətta Putini söyənlərdən təşkil olunması, Ermənistanda 2008-ci ilin 1 mart hadisələrinin istintaqı çərçivəsində Moskvanın adamlarının, o cümlədən eks-prezident Robert Köçəryanın və KTMT-nin baş katibi Yuri Xaçaturovun təqib edilməsi, Rusiya hərbi bazasına qarşı təbliğat və s.

Rusiyanın məşhur  “Nezavisimaya qazeta” nəşri bu günkü redaksiya məqaləsini Paşinyanın gözlənilən səfərinə həsr edib. Qəzet yazır ki, bu səfər Ermənistanla Rusiya arasında münasibətlərdə həlledici ola bilər, ən azından yaxın dövr üçün.

Bu günlərdə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Nikol Paşinyanla Vladimir Putinin arasında “ciddi söhbət olacağını” deyib. “Həm bizim tərəfdən, həm erməni tərəfdən bir çox suallar yığılıb qalıb”-Uşakov belə deyib və Yerevanın səmimiliyinə ümid etdiklərini vurğulayıb.

“Bu sözlərin sətirarasında belə eyhamı tutmaq olar ki, əgər erməni tərəfi bir şey deyib başqa şey eləmək niyyətindədirsə o zaman…ən yaxşısı lazım deyil. Yaxın keçmişdən xatırlamaq olar ki, Kremli aldatmaq arzusu və cəhdləri bir çox keçmiş sovet respublikaları üçün uğursuz məşğuliyyət olub. Ola bilsin Ermənistan baş naziri özgəsinin təcrübəsindən dərs çıxarıb”-qəzet Paşinyana Kremlə “atmaq” niyyətinə düşsə, onu hansı aqibət gözləyəcəyi barədə açıq mesaj verərək yazır.

Məqaləyə əsasən Moskvanı Paşinyanla görüşdə aşağıdakı məsələlər maraqlandıra bilər: Yerevanın kursunun dəyişməz qalması; Gümrüdə Rusiya hərbi bazasının dislokasiyasına dair müqavilənin şərtlərini Yerevanın təftiş etmək niyyətləri; erməni hərbçilərinin Suriyaya göndərilməsi, hansı ki, bu barədə əvvəlki hakimiyyətin vaxtında razılıq əldə edilmişdi; “VİP-personalar” üzərində məhkəmə prosesləri, o cümlədən KTMT baş katibinin istintaqa cəlb edilməsi, Avrasiya İttifaqı “hökumətinin” başçısı Tiqran Sərkisyana cinayət işi qaldırılacağı haqda xəbərlər.

Erməni politoloq David Petrosyan qəzetə açıqlamasında deyir ki, ola bilsin danışıqlarda konkret Paşinyanın özünün xətti deyil, onun komandasının peşəkarlığı çatmayan, üstəlik qərbə meyllənən hissəsinin xətti müzakirə olunacaq. Onun fikrincə şübhə yoxdur ki, Paşinyan özü xarici siyasət kursunu saxlamaq istəyir, ancaq ətrafının bir hissəsi onu disbalansa çəkir. Bu baxımdan ekspert Paşinyanın xarici siyasət məsələləri üzrə köməkçisi Arsen Xaratyanın Almaniya kansleri Angela Merkellə görüşdən dərhal sonra istefa verməsini qeyd edir. Hesab edir ki, həmin görüşdə iştirak edən Petrosyan Rusiya haqda nəsə ehtiyatsız ifadə işlədib və dərhal bunun əvəzini ödəyib. (virtualaz.org)