XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

13 Sentyabr 2018 - 22:39

Beynəlxalq ekspert Zaur Şiriyev:"Paşinyanın iddiası danışıqlar formatına ziddir"

Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 12-də ATƏT-in baş katibi Tomas Qremingeri ilə görüşündə deyib ki, Ermənistanın yeni baş naziri danışıqları pozmaq istəyir.

İlham Əliyev əlavə edib ki, Paşinyanın baş nazir seçiləndən sonra verdiyi bəyanatlar ən azı təəccüb doğurur, onun “Azərbaycan qondarma “Dağlıq Qarabağ rejimi” ilə danışıqlar aparmalıdır” tezisi qəbuledilməzdir.

Paşinyan sentyabrın 12-də ölkə parlamentində etdiyi çıxışında yenə də deyib ki, o, “Dağlıq Qarabağın adından danışıqlar aparmağa müvəkkil deyil, Dağlıq Qarabağ özü danışığa qoşulmalıdır…”.

O vurğulayıb ki, “özünü Qarabağın adından danışıqlar aparmaq üçün səlahiyyətli hesab etmir, çünki oranın nə prezidenti, nə də baş naziri deyil”.

Paşinyan xatırladıb ki, Dağlıq Qarabağın yekun statusunun müəyyən edilməsində Qarabağın özünün də iştirak etməli olduğunu ATƏT-in Minsk Qrupu həmsədrləri də mühüm sayırlar.

Beynəlxalq Böhran Qrupunun təhlilçisi Zaur Şiriyev isə deyir ki, Paşinyanın iddiası danışıqların mövcud formatına ziddir.

Təhlilçi bildirir ki, 1992-ci ilin mayında ATƏM-in Helsinkidə keçirilən Yüksək Vəzifəli Şəxslər Komitəsinin iclasında Qarabağ danışıqlarının təşkili və keçirilməsi “Beyker Qaydaları” adlanan şərtlərlə müəyyənləşib.

Bu şərtlərə görə, münaqişənin əsas və maraqlı tərəfləri var, münaqişənin əsas tərəfləri Ermənistan və Azərbaycan, maraqlı tərəfləri isə Dağlıq Qarabağdan seçilmiş və təyin olunmuş nümayəndələrdir. Nümayəndələr dedikdə isə Dağlıq Qarabağ erməniləri və azərbaycanlıları nəzərdə tutulur. 1998-ci ilə qədər həm Dağlıq Qarabağ erməniləri, həm də azərbaycanlıları müəyyən çərçivədə bu danışıqlarda iştirak ediblər, amma yalnız maraqlı tərəf qismində:

“1998-ci ildə Robert Koçaryan hakimiyyətə gələndən sonra, onun özü əvvəllər de-fakto Dağlıq Qarabağ ermənilərinin lideri olduğu üçün Dağlıq Qarabağ erməniləri artıq heç bir formada bu danışıqların tərkib hissəsi olmayıblar. Reallıq bundan ibarətdir və mən inanmıram ki, Minsk qrupunun hansısa sənədində və ya mövqeyində Ermənistan baş nazirinin iddiasına uyğun gələn müddəa var”.

Zaur Şiriyev deyir ki, Azərbaycan rəsmi olaraq Dağlıq Qarabağ ermənilərinin sülh prosesində mümkün rolunu inkar etmir, ancaq bunun yalnız sülh müqaviləsi imzalanandan sonra mümkün olacağını bildirir. Belə ki, onlar Dağlıq Qarabağdan olan azərbaycanlılarla birgə Dağlıq Qarabağın yekun statusunun müəyyən edilməsi üzrə danışıqlarda iştirak edə bilərlər.

Paşinyan baş nazir olaraq vəzifəyə keçən kimi bu ritorikaya başlayıb. Onun arqumenti belədir ki, keçmiş prezidentlər Robert Koçaryan və Serj Sarkisyan ya Qarabağa rəhbərlik ediblər, ya da onun özünümüdafiəsinin təşkilində iştirak ediblər, ancaq indiki baş nazirin, sakinləri Ermənistan seçkilərində iştirak etməyən Qarabağ adından danışıqlar aparmaq hüququ yoxdur.

Bəs Paşinyan bu bəyanatı niyə indi səsləndirir və belə ritorika nə ilə nəticələnə bilər?

Nikol Paşinyan separatçı Dağlıq Qarabağ rejiminin danışıqlarda tərəf kimi iştirak etməsini istəyir, İlham Əliyev deyir ki, bu, danışıqları pozmaq cəhdidir.

Politoloq Zərdüşt Əlizadənin fikrincə, Dağlıq Qarabağ rejiminin danışıqlara qoşulması barədə bəyanat o deməkdir ki, Azərbaycan bu danışıqda iştirak etməyəcək, bu isə öz növbəsində o deməkdir ki, münaqişə dondurulmuş qalacaq. Onun sözlərinə görə, münaqişənin dinc həlli Rusiyanın mənafeyinə zidd olan amildir. “Paşinyan bu bəyanatı ilə Rusiyanı inandırmaq istəyir ki, o, Rusiyanın tərəfindədir”.

İlham Əliyevlə Nikol Paşinyan hələlik rəsmi görüşüb heç bir müzakirə aparmayıblar. Onlar yalnız bu ilin iyununda qısa tanışlıq xarakterli görüş keçiriblər.

Ermənistan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Tiqran Balayan, sentyabrın 12-də bildirib ki, hələlik Əliyev və Paşinyanın görüşləri gözlənilmir.

Hələlik Azərbaycan və Ermənistanın dövlət rəhbərlərinin görüşü planlaşdırılmasa da, iki ölkənin xarici işlər nazirləri səviyyəsində təmaslar davam edir. Xarici İşlər Nazirlərinin növbəti görüşü sentyabrın sonunda Nyu Yorkda, BMT Baş Assambleyası çərçivəsində gözlənilir. Amma ümumiyyətlə tərəflər arasında 2016-ci il aprel döyüşlərindən sonra danışıqlar prosesi əhəmiyyətli dərəcədə zəifləyib.

(Azadlıq radiosu)