XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

17 Sentyabr 2018 - 16:49

Kommunistlər xalqı meydana çağırdı –Rusiyada qubernator seçkilərinin nəticələri etiraz doğurdu

Rusiyanın Primorye regionunda Kommunist Partiyasının tərəfdarları təkrar seçkinin nəticəsinə etiraz edirlər. Sentyabrın 17-də bülletenlərin 95 faizə yaxını sayılanda hazırkı qubernator Andrey Tarasenko kommunistlərin namizədi Andrey Işçenkodan altı faizədək öndə idi. Ancaq səslərin 99 faizi sayılandan sonra seçki rəsmiləri bildirib ki, Tarasenko 49,5, İşçenko isə 48 faiz səs toplayıb.

Kommunistlərin onlarla tərəfdarı səssayma zamanı saxtakarlıq edildiyini bildirib, Vladivostokda regional administrasiya binası qarşısında etiraza çıxıb.

İşçenko “Facebook” sosial şəbəkəsində aclıq aksiyasına başladığını bildirib, aldadılmış seçiciləri mərkəzi meydanda etiraza çağırıb, “Qələbəmizi müdafiə edəcəyik” deyib. Onun sözlərinə görə, Kommunist Partiyası bir neçə rayonda seçkinin nəticələrinə qarşı məhkəmə iddiaları qaldıracaq.

Hakim Vahid Rusiya Partiyası isə kommunistləri saxtalaşdırmada suçlayıb. Regional seçki komissiyasının sədri Natalya Kamayeva deyib ki, sentyabrın 17-də nəticələr elan olunmayacaq.

Kommunistlərin lideri Gennadi Zyuqanov sentyabrın 22-də ümumrusiya etirazı keçirməyi vəd edib.

Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova deyib ki, Primoryedə seçkilər baş tutub, ancaq nəticələr sentyabrın 22-də – səssayma bitəndən sonra açıqlanacaq. Pamfilova pozuntularla bağlı iddiaların araşdırılması üçün regiona xüsusi komissiya göndəriləciyini qeyd edib.

Sentyabrın 9-da Rusiyanın 21 regionunda qubernator seçkiləri keçirilib. Primorye daxil olmaqla dörd regionda “Vahid Rusiya”nın namizədləri birinci raundda 50 faizdən artıq səs yığa bilməyiblər.

Prezident Vladimir Putini dəstəkləyən “Vahid Rusiya” hakimiyyətin qanunverici və icraedici qanadlarına nəzarət edir. 9 sentyabr seçkisi Putin hökumətindən ötrü bir sınaq sayılırdı. Hökumət ölkədə pensiya yaşını beş il qaldırmağa çalışır, bu niyyət etirazlar yaradıb.

Sentyabrın 9-da onlarla şəhərdə etiraz aksiyaları keçirilmiş, 1000-dən çox saxlanan olmuşdu.

(Azadlıq radiosu)