XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

24 Sentyabr 2018 - 11:42

Bakıda beynəlxalq silah sərgisi başlanır –Azərbaycan istehsallı "Tufan" zirehli maşını nümayiş etdiriləcək (FOTO)

Sentyabrın 25-də Bakıda keçiriləcək “ADEX-2018” Beynəlxalq Müdafiə Sərgisi regionun ən böyük sərgisi olacaq.

Trend-in məlumatına görə, bunu sərgi ilə bağlı keçirilən mətbuat konfransında Azərbaycan müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev deyib. O qeyd edib ki, sərgidə 224 şirkət təmsil olunacaq:

“Sərgidə 6 ölkədən nazir və qurum rəhbərləri, 11 ölkədən şirkət və komitə rəhbərləri iştirak edəcək. Sərgidə Azərbaycan istehsalı olan 260-dan artıq hərbi məmulat nümayiş olunacaq”.

3-cü Azərbaycan Beynəlxalq “ADEX-2018” Müdafiə Sərgisində Azərbaycan istehsalı olan “Tufan” zirehli maşını da nümayiş etdiriləcək. Yəhya Musayev  bildirib ki, hazırda zirehli maşının istehsalı ilə bağlı son tamamlanma işləri aparılır: “Artıq “Tufan” zirehli maşınının nümunəsi hazırdır və sərgidə nümayiş olunacaq. Son sınaqlar başa çatandan sonra isə istehsalına başlanılacaq”.

Qeyd edək ki, builki “ADEX” sərgisi dünyanın 29 ölkəni təmsil edən 224 şirkəti bir araya gətirəcək və Bakı Ekspo Mərkəzinin üç pavilyonunu, eləcə də açıq havada yerləşən meydançasını əhatə edəcək. Azərbaycan, Belarus, Fransa, İsrail, Pakistan, Rusiya, Serbiya, Türkiyə, Ukrayna və digər ölkələr “ADEX 2018” sərgisində öz milli qrupları ilə çıxış edirlər. Bu il bir çox ölkə öz milli ekspozisiyasının sahəsini daha da genişləndirib, belə ki, 2016-cı illə müqayisədə, Türkiyənin bron etdiyi ekspozisiya sahəsi 30% daha böyükdür. Həmçinin iştirakçılar arasında Bolqarıstan, Çin, İtaliya, Litva, Niderland Krallığı və digər ölkələrin müdafiə sektorunu təmsil edən aparıcı şirkətlər yer alır.

Bakı Ekspo Mərkəzinin üçüncü zalında isə Müdafiə Sənayesi Nazirliyinin pavilyonu yerləşəcək və bu pavilyonda yerli istehsal olan ən son silah və hərbi texnika nümayiş olunacaq. Burada, peşəkarlar, ölkənin müdafiə sənayesinin yenilikləri, habelə Azərbaycan Silahlı Qüvvələrinin mövcud və inkişaf etməkdə olan potensialı ilə yaxından tanış ola biləcəklər. Bundan başqa, bu il Azərbaycandan “Vitta” Elmi-texniki şirkəti, AMEA-nın Yüksək Texnologiyalar Parkı (YTP) və Hərbi Hava Qüvvələrinin Silah və zirehli texnikaya texniki baxış üzrə servis mərkəzi sərgidə ilk dəfə çıxış edirlər.