XƏBƏR LENTİ

21 Yanvar 2021

Digər Xəbərlər

25 Sentyabr 2018 - 09:12

ABŞ-ın Müdafiə naziri İranın ittihamlarına cavab verdi:"Bizimlə bu cür mübarizə apara bilməzlər”

ABŞ-ın müdafiə naziri Cim Mattis Birləşmiş Ştatların İrandakı hücumun arxasında durmasına dair rəsmi Tehranın ittihamlarını rədd edib, bu iddiaları gülünc adlandırıb.

Xatırladaq ki, sentyabrın 22-də İranın Əhvaz şəhərində hərbi parada silahlı hücum olub, azı 25 nəfər öldürülüb. Mattis sentyabrın 22-də Pentaqonda jurnalistlərə deyib ki, Prezident Donald Tramp administrasiyası elə hücum törədilən gün onu pisləyib.

“Bununla əlaqəmiz olduğunu iddia etmək gülüncdür. İndiyədək azı üç ölkəni və bir terrorçu qrupu ittiham ediblər. Görək siyahı harayadək uzanacaq. Amma yaxşı olardı, danışmağa başlamazdan öncə bir düşünərdilər”, – nazir söyləyib.

Mattis İranın intiqamla almaq hədələrindən narahat olmadığını dilə gətirib: “Çox aydın şəkildə demişik ki, bizimlə bu cür mübarizə apara bilməzlər və ümid edirəm, ağıl qalib gələcək”.

Birləşmiş Ştatların dövlət katibi Mayk Pompeo da ölkəsinin bu hücumda hər hansı rol oynamadığını vurğulayıb. O, “Fox News”-a müsahibəsində insan itkisini “faciəvi” adlandırıb: “Ölkə daxilində təhlükəsizlik insidenti yaşanırsa, başqalarını suçlamaq böyük səhvdir”.

BMT-nin Təhlükəsizlik Şurası sentyabrın 24-də yaydığı bəyanatda hücumu “dəhşətli və qorxaq” insident kimi pisləyib.

İranın ali dini lideri Ayətulla Əli Xameneyi isə iddia edib ki, hücumu gerçəkləşdirənləri Birləşmiş Ştatlar dəstəkləyib, pullarını Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri verib. O and içib ki, İran bu qanı axıdanların arxasında duranları “sərt cəzalandıracaq”.

Xatırladaq ki, İranın Əhvaz şəhərində minlərlə adam iki gün öncə hərbi parada hücumda ölənləri yad etmək üçün küçələrə çıxıblar. Sentyabrın 24-də keçirilən mərasimdə əsgərlər, ruhanilər, rəsmilər qurbanların milli bayrağa bükülmüş cəsədlərini aparıb, onların fotolarını, “Terrorçuluğa yox” yazılmış plakatlar tutublar.

Bəziləri “İsrailə və Amerikaya ölüm” şüarı səsləndirib. İran rəhbərliyi bu ölkələri hücum edənləri dəstəkləməkdə suçlayıb. Birləşmiş Ştatlar hücumu pisləyib.

İranın kəşfiyyat naziri Mahmud Ələvi deyib ki, hücumla əlaqədar şübhəlilər şəbəkəsi saxlanıb. Xəbəri sentyabrın 24-də İranın “Mizan” və “Fars” agentlikləri yayıb.

Hücuma görə məsuliyyəti iki qrup üzərinə götürüb: etnik ərəb “Əhvaz Milli Müqavimət hərəkatı” və “İslam Dövləti” ekstremist qruplaşması. İŞİD-ə bağlı “Amaq” xəbər agentliyinin yaydığı videoda bir maşında üç kişi görünür, İİKK-nın uniformasını geyiniblər. Həmin şəxslər özlərini İŞİD üzvü kimi təqdim etməsələr də, İranda hərbi parada hücum edəcəklərini deyiblər.

Ruhani və ABŞ prezidenti Donald Tramp bu həftə Nyu Yorkda BMT Baş Assambleyasında iştirak edir.

(Azadlıq radiosu)