İran hakimiyyəti Britaniya hökumətindən “əl-Əhvaziyyə” silahlı qruplaşması üzvlərini təsbit edərək, Krallıq ərazisindən deportasiya edilməsini istəyib.
Bunu Tehranın Londondakı səfiri Həmid Baidinejad sosial şəbəkədəki hesabında yazıb.
Səfir mərkəzi Londonda yerləşən “Iran International” telekanalının terror təbliğatı apardığını qeyd edərək Birtaniyanın media qurumlarına nəzarət şurasına şikayət etdiklərini bildirib: “Bu telekanalın ölkə xarici yayımlarının araşdırılması vacibdir”.
Qeyd edək ki, sentyabrın 22-də İranın Xuzistan əyalətinin Əhvaz şəhərində hərbçilərin paradına silahlı hücum nəticəsində 29 nəfər ölüb, ən azı 70 nəfər yaralanıb. Hücumdan dərhal sonra “əl-Əhvaziyyə” adlı qrupun sözçüsü Yakub Hür əl-Tastari terrorun məsuliyyətini öz üzərilərinə götürdüklərini bildirib.
İran KİV isə terrorun məsuliyyətini “Əhvaz Vətənsevər Ərəb Demokratik Hərəkatı”nın götürdüyü barədə məlumat yayıb. Bu təşkilatın bəzi rəhbərləri Niderland, Danimarka və Britaniyada yaşayır. 2017-ci ilin noyabrında isə təşkilatın lideri Əhməd Molla Nisi Niderland Krallığının Haaqa şəhərində yaşadığı evin qarşısında güllələnərək öldürülüb/Report.