Avropa Komissiyası Polşada məhkəmə islahatları ilə bağlı bu ölkənin hökumətinə qarşı Avropa Məhkəməsində iddia qaldırmaq qərarına gəlib.
Avropa İttifaqının (Aİ) fikrincə, bu dəyişikliklər məhkəmələrin müstəqilliyini pozur.
Aİ-nin İcraiyyə Komissiyasında bildirilib: “Avropa Komissiyası bildirir ki, “Ali Məhkəmə haqqında” Polşa qanunu Aİ qanunvericiliyi ilə bir araya sığmır, çünki o, məhkəmə orqanlarının müstəqillik, o cümlədən hakimlərin ömürlük təyin edilməsi prinsipini pozur”.
Strateq.az Azərtac-a istinadən xəbər verir ki, Polşanın yeni qanunu Ali Məhkəmədə pensiya yaşını 70-dən 65-ə endirir ki, nəticədə fəaliyyətdə olan 72 hakimdən 27-si məcburi istefaya getmək riski ilə qarşılaşır. Ali Məhkəmə rəhbərinin mandatına vaxtından əvvəl xitam veriləcək.
Komissiya Lüksemburqda yerləşən Avropa Məhkəməsindən xahiş edib ki, Avropa Məhkəməsi hakimlərin məcburi pensiyaya çıxmasının və yenilərinin təyin edilməsinin qarşısını alan verdikt çıxarmayınca qanunun tətbiqini dayandırsın.
Ali Məhkəmənin yeni hakimləri məhkəmə sistemi üzrə Milli Şura tərəfindən təyin olunur. Dəyişikliklərin tətbiqindən sonra onları ölkənin hakim partiyası təyin edəcək.
Polşa hökuməti bildirib ki, komissiyadan müvafiq sənədləri alan kimi iddianı şərh edəcək, lakin qeyd edib ki, Avropa Məhkəməsinin məcburi qərarı qanunvericiliyi dəyişə bilər.
Brüsseldə diplomatlar məlumat veriblər ki, oktyabrın 16-da Aİ ölkələrinin digər Avropa nazirləri dinləmələr keçirəcəklər. Dinləmələrdə Varşavaya məhkəmə orqanları ilə bağlı öz hərəkətini izah etmək təklif olunacaq.