XƏBƏR LENTİ

04 Avqust 2020
03 Avqust 2020

Digər Xəbərlər

04 Oktyabr 2018 - 09:58

Mayor Hafiz Təmirov müəllimindən yazdı:"MƏNƏ MÜƏLLİM DE..."

Hafiz Təmirov,

polis mayoru

 

ABŞ-da eyni  məktəbi bitirən və müxtəlif dövlət orqanlarında çalışanlar arasında keçirilən sorğunun ilk sualı belə olub: “Ən çox yadınızda qalan müəllim kimdir?”

Sorğuda iştirak edənlərin əksəriyyəti eyni müəllimin adını çəkiblər. Sonra sorğunu keçirən təşkilat həmin müəllimə “Siz necə etdiniz ki, illər sonra şagidləriniz yenə də sizi xatırlayırlar?” sualını ünvanlayıblar. O isə gülümsəyərək bunu deyib: “Mən heç nə etmədim, sadəcə, hər bir şagirdimi öz övladım kimi sevdim”…

Otto Bismark deyirdi ki, bugünkü Almaniya əldə etdiklərinə görə müəllimə borcludur.

Və Süleyman peyğəmbərin bu fikri, yəqin ki, təəccübünüzə səbəb olacaq: “Tərbiyə etmək istədiyinizdən bir soruşun – o, tərbiyə olunmaq istəyirmi?”…

Haqqında yazmaq üçün DİN-in Polis Akademiyasını bitirənlər arasında sorğu keçirmədim. Tanıdıqlarıma, bildiklərimə “Yadınızda qalan müəllimlərin adını çəkin” deyəndə, ilk olaraq onun adını çəkdilər. Məncə, bir müəllim ömrü haqqında kiçik bir söz demək üçün bu, yetərli idi. Və mən illərlə müşahidə etdiklərimlə, gördüklərimlə kifayətlənmədim, onunla xatirimdə ömür boyu qalacaq könül söhbəti etdim…

O, ruh adamıdır. Həyatda qazandıqlarına görə müəllim ömrünün çətinliklərinə, əzablarına borcludur. Necə deyərlər, düzünəqulu olmağı bəlkə də kimlərinsə xoşuna gəlməyib, “Haqq nəzilər, amma üzülməz”in ipindən möhkəm yapışmağı yetirmələrinə də öyrədib.

Gözlərinə baxanlar görərlər ki, o, öyrətmək yanğısından bezmir, usanmır. Bu yanğı ömrünün sonuna kimi onunladır. Neyləsin, Allah onu belə yaradıb, doğulduğu torpaqda, ailədə belə görüb, belə götürüb.

Ona “cənab polkovnik” deyəndə, ilk sözü bu olur: “Mənə müəllim de. Hər dəfə “müəllim” deyiləndə, gözlərimin önünə 1994-cü ilin sentyabrında dərs dediyim kursantlar gəlir”.

O zamanlar “müəllim” sözündən barıt qoxusu gəlirdi. Çünki bütün müəllimlər cəbhədə, Vətənin müdafiəsində öz şagirdləri ilə çiyin-çiyinə yenidən imtahan verirdilər…

Bu imtahanı vermək, özü də ən ağırı onun qismətinə yazılmışdı.  Doğulduğu yurdun işğalından sonra “kəsiri”ni düzəltmək üçün bu gün də döyüşür, gözünü yollardan yığa bilmir. Bir şair dostunun dediyi bu fikirlər isə həm yol yoldaşıdır, həm ömür:

 

Daş olub, quş olub susur adamlar,

Yanır torpaq kimi susuz adamlar,

Baharı gözləmir yurdsuz adamlar.

Axı, bu baharda təzə nə var ki…

 

Yurdsuzluq onunçün dünyanın qara rəngidir. Yuxularında hər gecə minalanmış sahələrdən keçib doğulduğu Dağ Xələfliyə gedir. Yuxuda da səsini içinə çəkib ürəyinə axıdır göz yaşlarını…

“Mən sizi yaxşı tanıyıram, bəs, oxucularımız necə tanısın?” sualıma cavab verməyə tələsmədi. Handan-hana: “Oxucularımızın hamısı akademiyanın yetirmələri deyillər ki? Məni öyrətdiklərim yaxşı tanıyırlar”, – dedi.

Polis polkovniki İmrəli Fətiyalı oğlu Məmmədli 1967-ci ildə Dirili Qurban nəfəsli Cəbrayılın Dağ Xələfli kəndində doğulub. Riyaziyyatçı olmaq istəyirmiş. Amma, o kino…

“Qanun naminə” filmində Mehman obrazı bu kəndli balasının yaddaşına əbədi həkk olub və içindən gələn səs onu prokuror olmaq üçün gecəsini-gündüzə qatmağa sövq edib. Quzu da otarıb, nobata da gedib, 7 uşaqlı ailənin ən çətin işlərinə qatlaşsa da kitab əlindən düşməyib. Bəzən bir parça yavan çörəklə aclığını yatırdıb, lilparlı bulaqların gözündən içib. Yel atını minib günü-günə, ili-ilə calayıb. Səhər tezdən otların şehiylə yuyunub, şimkəşlərdən qaçıb qoca dağların sərt qayalarına sığınıb. Cəbrayıllı günlərin çətiri, bir də “Xan çinar”ların  altında uşaqlığının xoşbəxtliyini yaşayıb.

Hərbi xidmətdən sonra Azərbaycan Dövlət Universitetinin Hüquq fakultəsinə sənədlərini verib. Özünün təbirincə desək, çoban kişinin övladının universitetə girməsi təkcə Dağ Xələfliyə yox, bütün Cəbrayıla yayılıb.

Tələbəliyi ən çətin dönəmlərə düşüb. Onda vətənimiz azad olmaq, zalımın  zülmündən yaxa qurtarmaq üçün ölüm-dirim mücadiləsindəydi. Xalqın azadlıq istəyi meydanlara sığmırdı. Erməni işğalçılarının torpaqlarımıza təcavüzü onun tələbəlik həyatından qara bir xətlə keçir.

Bütün çətinliklərə baxmayaraq, kitabı səadəti, ən əziz kimsənəsi bilib, qiymətləri əla olub. Bu gün əlini çörəyə çatdıran müəllimlərini – Firudin Səməndərovu, Murtuz Ələsgərovu, Məmməd Xələfovu, Həmid İmanovu, Əli Əliyevi ehtiramla yad edir.

Daxili işlər orqanlarına gəlməyinin də maraqlı tarixçəsi var. Onlar univeriteti bitirənə yaxın təyinat ləğv olunur. Bunu görən dekan Məmmədhəsən Qasımov DİN rəhbərliyindən xahiş edir ki, məzunlardan bir neçəsinin daxili işlər orqanlarına qəbulu məsələsinə baxılsın. Beləcə, onun da taleyinə müəllim olmaq yazılır və 1994-cü ilin sentyabrında polis leytenantı rütbəsində DİN-in Polis Akademiyasında xidmətə başlayır. O gün-bu gün gələcəyin polislərinə gözünün nurunu, könlünü, Vətən sevdasını verir. “Cinayət hüququ” kafedrasının rəisidir. Hüquq üzrə fəlsəfə doktorudur.

O, fikir adamıdır, çünki müəllimdir. Söhbət zamanı həm də müxtəlif məsələlərə filosof baxışını gördüm. Torpaqdan kitaba, kitabdan torpağa  gedən yolun fəlsəfəsini elə gözəl anlatdı ki, düzü, dərs dediyi kursantlara həsəd apardım. Dedi ki, əgər əsl vətəndaş yetişdirə bilsək, o, həm də öz məsuliyyətini dərk edib əla da mütəxəssis olmağa can atacaq.

Söhbət zamanı xəyalını yenə yurda çəkirəm. Gözləri dolur, həyəcandan danışa bilmir. “Sarı sim”inə toxunduğumu bilirəm. İkimiz də eyni dərdin adamıyıq – o da yurd itirib, mən də. Buna görə də söhbətimiz tutur.

“Aprel döyüşlərindən sonra düz dörd dəfə vaxt tapıb Lələtəpəyə, Cocuq Mərcanlıya getmişəm”, – deyir. – “O böyük qələbənin sorağını eşidəndə az qaldı ürəyim dayana. Bakıda özümə yer tapa bilmədim. Qartal oğullar vüqarımızı, təpərimizi bizə geri qaytarmışdılar. Torpaq həsrəti ilə bu dünyadan gedənlərin nələr çəkdiyini, bax, o zaman bildim…”

Fürsətdən istifadə edib dərsində kursantlara qatılıb tələbəlik illərimi xatırladım.

Auditoriya müəllimin döyüş meydanıdır. O, döyüşdə təkbaşına deyil, bildiklərini verdiyi yetirmələri ilə birgə döyüşür. Və mən üzümü dərsdə səs salan, deyilənləri qulaqardına vuran gənc həmkarlarıma tuturam:

“Bu insanlar xəzinədir və bu xəzinədən təmənnasız inci götürmək sizlərin bəxtinə düşüb.  Əgər həqiqətən peşəmizin sirlərini öyrənmək istəyirsinizsə, qulaq asın. Əgər gələcək xidmətinizdə bu kişilərin öyrətdikləri köməyinizə çatacaqsa, deməli, siz dünyanın xoşbəxtisiniz. Üzünüzə qapılar açılırsa, bu, əslində, sənin, mənim, bizim hünərimiz deyil, bu, onların hünəridir, onların zəhmətidir. Yuxusuz qalsa da, bəzən ehtiyac içində sıxılsa da, yetirmələrinin önünə qayğısız çıxmaq üçün ürəyi ilə əlbəyaxa olur. Təki onu içindəki səssizliyə çəkilən, dərdə əyilən görməsinlər. Yetər ki, müəllim üçün dünyanın ən xoşbəxt sözü olan “Mən dərsimə hazıram”ı eşitsin…

Su misalıdır müəllimlər, hara getsələr, həyat bəxş edərlər…

Evimizə əziz bir qonaq gələndə üzümüz gülür, isinişirik, ondan ayrılmaq istəmirik. O gedəndən sonra özümüzü sonu görünməyən boşluqda hiss edirik. Bax, müəllim də belədir. Hər gün üzünü gördüyü, adını söylədiyi, yaxşı və ya pis oxuyan, sakit və ya nadinc yetirməsindən vaxt, vədə tamam olanda ayrılır. Bax, onda əsl müəllimin içində bir tel qırılır, bax, onda o, elə bir sıxıntı yaşayır ki, onu nə yazmağa, nə də deməyə qadirik.

Belədir müəllim ömrü – öyrənməklə, öyrətməklə gəlib keçir. Nə gücü tükənir, nə də ziyası.

Müəllim də yaşlanır, yorulur, taqətdən düşür. Amma o ruhla, o sevgiylə hətta şagirdlərinin balalarına, hətta onların nəvələrinə də dərs keçir. Böyük bir nəsli işıqlı gələcəyinə aparır, beləcə…

Sonda yerinə düşərmi, düşməzmi biləmirəm, bir xatirəmi sizinlə bölüşmək istəyirəm. Bölüşürəm ki, sinəsinin altında həm də kövrək ata ürəyi gəzdirən müəllimimizi daha yaxından tanıyasınız.

Polis Akdemyasında işləyirdim. Ramazan bayramı idi. Necə oldusa, rastlaşdıq və mənə:  “Cavan oğlan, istəyirəm bu gün səninlə yol yoldaşı olam, etirazın yoxdur ki?”. “Mənə fəxrdir”,- dedim. Məni bayramla əlaqədar təşkil olunmuş yarmarkaya gətirdi. O, bayarama ailəsi üçün seçdiyi hər şeydən iki pay götürdü və məni məcburən evimizə ötürdü. Etiraz etsəm də, o deyən oldu. Mənzil başına çatanda “Bunlar sənindir”, – deyib boynumu qucaqladı”...