XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

14 Fevral 2016 - 17:26

ABŞ-da prezident seçkiləri – Demokratlar və Respublikaçılar cəbhəsində son durum

ABSH-seckileri-5

ABŞ-da start götürən prezident seçkiləri marafonu bütün dünyanın diqqətini cəlb edib. Namizədlər, onların şəxsiyyəti, proqramları, açıqlamaları, seçki kampaniyasının ən kiçik detalları belə, maraq dairəsindədir. Azərbaycanda da ABŞ-da prezident seçkiləri ilə bağlı hadisələri böyük maraqla izləyirlər. Bunu nəzərə alaraq, Strateq.az dünyanın ən maraqla izlənilən seçki prosesini ətraflı işıqlandırmağa çalışır. Bu məqsədlə hazırda Fulbrayt proqramı ilə Amerikada təhsil alan Kənan Qasımov Strateq.az  üçün  ABŞ-dakı  prezident seçkiləri ilə bağlı silsilə yazılar hazırlayır. Bu silsilədən növbəti məqaləni təqdim edirik.

 

Ötən yazımızda da bildirdiyimiz kimi, ABŞ prezidentliyinə seçkilərdə ən önəmli etaplardan biri, ilkin seçki mərhələsidir.  Bu mərhələdə ölkənin aparıcı iki partiyasından prezidentliyə namizədlik iddiasında olan şəxslərin müəyyənləşdirilməsi üçün ölkə boyu bütün ştatlarda seçki keçirilir və qalib gələn şəxslər seçki marafonunu məhz bu nəticələr əsasında davam etdirirlər.

"Primary" (ilkin səsvermə) və ya "kaukus" (partiyaların qapalı toplantısı) şəklində keçirilən seçkilərdə dünyanın super gücü olan ABŞ-a rəhbərlik iddiasında olan şəxslərin adları müəyyən edilir. Artıq iki mərhələsi arxada qalan ilkin seçkilərin, yekun nəticələrə hansı formada təsir edəcəyini indidən söyləmək olduqca çətindir. Bununla belə, son iki seçki bir sıra namizədlərin, kobud desək, “ələnməsi”, öz namizədliklərini geri götürməsi ilə bağlı xüsusi əhəmiyyət kəsb edir.

 

Demokratlar cəbhəsi: Solçu diplomata qarşı

 

Seçki marafonuna beş namizədlə başlayan Demokratlar cəbhəsində hazırda mübarizəni yalnız iki nəfər davam etdirir. Bunlar sabiq dövlət katibi və keçmiş birinci ledi Hillari Klinton və Vermont ştatından senator Berni Sandersdi.  

Berni Sanders prezident seçkilərinə yeni rəng qatan və ölkədə inqilabi hesab ediləcək siyasi, sosial və iqtisadi islahatlara getməyi nəzərdə tutan platforması ilə diqqət çəkib.  Xüsusilə də ölkənin siyasi həyatında heç də hər zaman fəal iştirakı ilə seçilməyən gənclərin rəğbətini qazanan Sanders, ilkin seçkilərin ilk iki mərhələsindən olduqca uğurlu nəticələrlə ayrılıb.

Əgər seçki marafonunun əvvəlində əksər analitiklər məhz xanım Klintonu Demokratlar partiyasının vahid namizədi kimi görürdülərsə, bu gün mənzərə xeyli dəyişib. Doğrudur,  hələ də xanım Klintonun imkanlarının  tükəndiyini söyləmək olmaz. Xüsusilə nəzərə alınmalıdır ki, Demokratlar Partiyasının siyasi elitasının dəstəyi hələ də Klintonun tərəfindədir. Bununla belə, əminliklə demək olar ki, xanım Klinton özünü əvvəlki qədər rahat və əmin hiss etmir.

 

Respublikaçılar cəbhəsi: 17 namizəddən 7-si qalıb 

 

Respublikaçılar cəbhəsində isə mənzərə tamamilə fərqlidir. Seçkilərə rekord hesab edilə biləcək sayda, 17 nəfərlə başlayan mühafizəkar cəhbə hazırda bu yolu 7 namizədlə davam etdirir.

Son Nyu Hempşir (New Hampshire)  seçkiləri bir çox namizədin prosesdən uzaqlaşmasına səbəb oldu. Son olaraq yola məşhur milyarder Donald Tramp, Florida ştatından senator Marko Rubio, Ohayo ştatının qubernatoru Con Kasiç, Texas ştatından senator Ted Kruz, neyrocərrah Ben Karson, Florida ştatının keçmiş qubernatoru Ceb Buş və Virciniya ştatının keçmiş qubernatoru Cim Gilmor davam edir. Gördüyünüz kimi siyahı uzundur amma ilkin ehtimallara görə yaxın bir neçə həftə ərzində namizədlərin siyahısı bir qədər də qısalacaq. Xüsusilə,  Cim Gilmor və Ben Karson həm Ayova həm də Nyu Hempşir  seçkilərindən yadda qalan nəticə ilə ayrılmadılar və bu nəticələrdən sonra onların qarşıdakı mübarizədə uğur qazanacağına yəqin ki, özlərindən başqa heç kim inanmır.

Əvvəlcədən də proqnozlaşdırıldığı kimi, çox güman ki, mübarizə daha çox Tramp, Kruz və Rubio arasında gedəcək. Amma son Nyu Hempşir seçkilərinin nəticələrinə görə ikinci olan Kaşiçin də həm təcrübəsi, həm də Ohayo ştatının qubernatoru kimi uğurlu fəaliyyəti onu deməyə əsas verir ki, 63 yaşlı namizədi siyahıdan silməyə tələsmək olmaz.

Buş ailəsinin daha bir üzvünün ən azı bu seçkilərdə yenidən prezident olacağına isə inananların sayı isə demək olar ki, çox azdır. O həm ilkin seçkilərdə, həmdə sorğularda aşağı nəticələri ilə yadda qalır və günü-gündən prezidentlik marafonunda “axsayır”.

Heç şübhəsiz ki, ilkin seçkilərin növbəti mərhələsi namizədlərin öz gələcək perspektivlərini müəyyənləşdirmək baxımından həlledici mərhələlərdən biri olacaq. 

*

*

 

 

 

 

 

 

 

 

 

Kənan Qasımov

Xüsusi olaraq Strateq.az üçün