XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

08 Oktyabr 2018 - 09:17

Bosniyada seçkiləri Rusiyapərəst namizəd uddu –Hazırki prezident ölkəni dərin böhran gözlədiyini açıqladı

Bosniya serbi Milorad Dodik Bosniya Herseqovinanın üç üzvdən ibarət prezidentliyində yer qazanıb. O, rusiyapərəst millətçidir, ölkənin parçalanmasımın tərəfdarıdır.

“Qələbəmi elan edirəm. Bu qələbə gün kimi aydındır”, – Dodik oktyabrın 8-də mətbuat konfransında deyib. Dodik ölkənin Serbiya hissəsinin, Republika Srpskanın prezidentidir. Bosniya seçki komissiyası bülletenlərin 53 faizinin sayıldığını, Dodikin səslərin 55,2 faizini qazandığını bildirib. Ölkənin indiki prezidenti Mladen Ivanic cəmi 42 faiz səs toplayıb.

Ivanic məğlubiyyətini etiraf edib. Əsasən müsəlmanlardan ibarət SDA partiyasının namizədi Sefik Dzaferovic prezidentlikdə Bosniyaya ayrılmış yeri qazanır, 38 faiz səs toplayıb.

“Mən öndə gedirəm, Bosniya prezidentliyində yeri qazanmışam”, – Dzaferovic mətbuat konfransında deyib. Prezidentlikdə iki müddət xidmət etmiş mötədil xorvat Zeljko Komsic isə 49,5 faiz səslə millətçi Dragan Covic üzərində qələbə çalıb.

Xorvatların HDZ partiyasını təmsil edən Covic xorvatlar üçün ayrıca qurum yaradılmasına çağırır. Hazırda xorvatlar Bosniya müsəlmanları ilə birlikdə federasiyada azlıqdadırlar. Covic məğlubiyyətini etiraf etsə də, ölkəni indiyədək görünməmiş böhran gözlədiyini bildirib.

Ölkənin 3,3 milyonluq seçicisinin 53,3 faizi seçkiyə gedib. Bosniya serb birliyindən, müsəlman-xorvat birliyindən və hər ikisini kövrək bir dövlət halına gətirmiş mərkəzi hökumətdən ibarətdir.

Bu seçki Bosniyanın müsəlman və serb rəsmiləri arasında gərginliyi artırıb. 1995-ci ildə Yuqoslaviya müharibəsinə son vermiş Deyton sülh sazişi əldə olunandan burada gərginlik əslində, heç vaxt səngiməyib. Bosniya müharibəsi 1995-ci ildə bitib, amma üç il davam etmiş, 100 min nəfərin həyatına son qoymuş münaqişənin yaraları sağalmayıb.

İndi Bosniya yolayrıcındadır – ya avro-Atlantik əlaqələri dərinləşdirəcək, ya da ölkədə kök salmış etnik rəqabət Avropa İttifaqı üzvlüyünə və NATO inteqrasiyasına doğru prosesi əngəlləyəcək.

(Azadlıq radiosu)