Rusiya prezidenti özünü zəif göstərir, amma onun yaratdığı hədəni dəf etməyə beynəlxalq səviyyədə əməkdaşlıq lazımdır. “The Observer” qəzeti redaksiya məqaləsində qeyd edir ki, Rusiyanın Britaniya və müttəfiqlərinə təhlükəsini şişirtmək lazım deyil. Silah gücüylə öyünən Rusiyanın müdafiə xərcləri ötən il 20 faiz azalıb, bu sahədə Səudiyyə Ərəbistanından da geridə qalıb, ABŞ-ın xərclədiyinin isə onda birini sərf edib.
ÜDM göstəriciləri ABŞ-dan, Almaniyadan, Britaniya və Fransadan geridədir. Ancaq bütün bunlarla yanaşı, Prezident Vladimir Putin Sovet İttifaqının çöküşündən təəssüflənir, ürəkdən inanır ki, Qərb Rusiyanı böyük dövlət statusundan məhrum etməyə çalışır. Sonucda, Putin mövqeyi zəifləmiş biridir.
Bütün bunlara baxmayaraq, qəzetin mövqeyincə, Moskvadan gələn təhdiddən qorunmaq vacibdir. Ötən həftə Rusiyanın Niderlandda casus əməliyyatı apardığı, ABŞ və Britaniyada kiberhücum kampaniyaları barədə informasiya yayılıb.
“Doğrudur, Putinin də dediyi kimi, casusluq dünyanın ən qədim peşələrindən biridir. Buna son qoyulacağını düşünmək sadəlövhlük olardı. Ancaq onu faş etməkdən ötrü bütün mümkün vasitələrdən istifadə olunmalıdır. Bu mənada, Britaniya təhlükəsizlik xidmətlərinin Rusiya təxribatına dair sənədləri, foto dəlili yayması alqışlanandır. Bu yeni açıqlıq ruhu davam etməlidir.
Başqa hansı işlər görülə bilər? Rusiya artıq davamlı sanksiyalar altında əzilməkdədir. London vasitəsilə çirkli pulyuma hədəfə alınmalıdır. ABŞ Prezidenti Donald Tramp rusiyalı dostuna əzizləməyi dayandırsa, bu da işin xeyrinı olar”, – qəzet yazır.
“The Guardian” qəzetində Nick Koen isə yazır ki, agentlərin adları çəkildi, indi də maliyyə və siyasi yaramazlıqları ortaya çıxarmağın vaxtıdır.
“Müharibə hər zaman dəyişiklik gətirir. Rusiyanın mafiya dövlətinə qarşı müharibəni udmaq lazımdırsa, heç olmasa, onunla mübarizə aparılmalıdırsa, onda Londonu qlobal çirkli pulyuma mərkəzinə çevirmiş vergi sığınacaqları, saxta şirkətlər açılmalıdır.
Aparıcı Mühafizəkarlar elə danışırlar ki, sanki Solsberi insidenti onlara dərs olub, Rusiya polisinin, gizli xidmətlərinin, propaqanda stansiyalarının, idman federasiyalarının, nazirliklərinin ayrı-ayrı qurumlar deyil, siyasi və kriminal siniflərin tam bir birləşməsi olduğunu anlayıblar. Ola bilsin, sadəlövhəm, amma onlar Putinlə mübarizə aparmaq istədiklərini deyəndə onlara inanıram”, – yazan müəllif Britaniyadakı Ekvador səfirliyinə sığınmış Culian Asanc işini misal çəkir.
ABŞ-da xüsusi prokuror Robert Müller iddia edir ki, Rusiya Donald Trampın demokratların namizədi Hillari Klintonu məğlub etməsi üçün dövlət səviyyəsində əməliyyat aparıb və Asanc bu əməliyyatda son halqa kimi çıxış edib. Belə ki, Rusiyanın hərbi kəşfiyyat agentliyi olan QRU Klinton kampaniyasının 50 min sənədini “WikiLeaks”-ə ötürüb və sayt da bunu öz araşdırması kimi təqdim edib.
Müəllifin fikrincə, kəşfiyyat xidmətlərinin açıqlığı o zaman daha səmərəli olar ki, kriminal rejimin aktivlərini qoruyan maliyyə gizliliyinə də son verilsin.
(Azadlıq radiosu)