XƏBƏR LENTİ

06 Avqust 2020
05 Avqust 2020

Digər Xəbərlər

09 Oktyabr 2018 - 09:30

Oliqarx partiya sədrindən Paşinyana dəstək –Sarkisyan təklənir, seçki dekabrda olacaq

Ermənistanın hakim koalisiyasından çıxarıldıqdan bir həftə sonra Firavan Ermənistan partiyasının lideri Qagik Çarukyan dekabr ayında növbədənkənar seçki keçirilməsində baş nazir Nikol Paşinyana kömək edəcəyini bəyan edib.

Oktyabrın 8-də Yerevanda imzalanmış birgə memorandumda iki siyasətçi erkən seçki keşçirilməsi məsələsində müttəfiq olduqlarını bildiriblər.

Bu sənəddə Firavan Ermənistan vəd edir ki, Paşinyanın gözlənilən istefasından sonra baş nazir vəzifəsinə heç bir namizəd verməyəcək və ya heç bir namizədi dəstəkləməyəcək.

Ermənistan Konstitusiyasına görə, ölkənin 105 yerlik parlamenti başqa bir baş naziri seçə bilməyəndə buraxılmalıdır. Firavan Ermənistan parlamentdə 31 mandata sahibdir. Paşinyan dekabr ayında növbədənkənar seçkinin keçirilməsi üçün istefa verəcəyini bildirib.

Oktyabrın 2-də Çarukyanın partiyası keçmiş prezident Serj Sarkisyanın Respublikaçı Partiyasına Paşnyanın planlarına mane olan qanunun qəbulunda kömək etmişdi.

O vaxt baş nazir Firavan Ermənistanı və Daşnaksütyun Partiyasını əks-inqilabda ittiham etmişdi. O, habelə bu iki partiya ilə hakimiyyət bölgüsünə dair ötən may ayında imzaladığı razılaşmanı ləğv etmişdi.

Firavan Ermənistan nümayəndələri deyirdilər ki, seçki dekabrda yox, gələn mayda keçirilməlidir. Onlar da Respublikaçı Partiya kimi iddia edirdilər ki, millət vəkillərinə Seçki Məcəlləsinə düzəlişləri etmək üçün vaxt vermək lazımdır.

Lakin Çarukyan mövqeyini dəyişdiyinə dair işarəni oktyabrın 5-də televiziyaya müsahibəsində vermişdi. O demişdi ki, əgər xalq seçkinin dekabrda keçirilməsini istəyirsə, biz də bunu istəyirik.

Paşinyan oktyabrın 8-də Çarukyanla görüşündə onun bu bəyanatını alqışlayıb.

Zəngin biznesmen olan Çarukyan öz növbəsində demişdi ki, o, Paşinyanın Sarkisyanı devirmiş inqilabını dəstəkləyir. Sarkisyanın partiyası parlament mandatlarının təxminən yarısına malikdir. Bu partiya erkən seçkinin keçirilməsinə etiraz edir. Respublikaçılar deyirlər ki, erkən seçkidən məqsəd onların nümayəndələrinin mandatlardan məhrum edilməsidir.

(Azadlıq radiosu)