XƏBƏR LENTİ

05 İyun 2020
04 İyun 2020

Digər Xəbərlər

15 Oktyabr 2018 - 10:33

Xudu Məmmədovun anım günüdür- HƏYAT HEKAYƏSİ

Xudu Surxay oğlu Məmmədov 1927-ci il dekabrın 14-də Ağdam rayonunun Mərzili kəndində anadan olub. Ağdamda orta məktəbi bitirən Xudu Məmmədov Azərbaycan Dövlət Universitetinin Geologiya-Coğrafiya fakültəsinin Geologiya şöbəsinə daxil olub, 1951-ci ildə təhsilini fərqlənmə diplomu ilə başa vurub və müəllimi Heydər Əfəndiyevin təkidi ilə Azərbaycan Elmlər Akademiyasının Kimya İnstitutuna təyinat alıb.

Xudu Məmmədov daha sonra SSRİ EA-nın Kristalloqrafiya İnstitutunun aspiranturasına daxil olub. Namizədlik dissertasiyasının ilkin mövzusu “Borosilikat-aksinit mineralının quruluşunun təyini” olub. Amma quruluşu açmaq üçün eksperimental materiallar alınması ərəfəsində (1952-ci il) yapon tədqiqatçıları bu mineralın quruluşunu təyin ediblər. 1955-ci ildə Xudu Məmmədov SSRİ EA-nın Kristalloqrafiya İnstitutunun elmi şurasında “Kristalloqrafiya və Kristallofizika” ixtisası üzrə “Ksonolit və vollastonit minerallarının kristal quruluşu” mövzusunda uğurlu namizədlik dissertasiyası müdafiə edib.

Xudu Məmmədov bir neçə dəfə Con Bernalın qonağı olub, 1966-cı ildə isə təqribən bir il onun laboratoriyasında çalışıb.

O, 1957-ci ildən Azərbaycan Elmlər Akademiyasının Qeyri-üzvi və Fiziki Kimya İnstitutunun struktur kimya laboratoriyasının müdiri vəzifəsində işləyib. Əsas elmi işləri kristallokimya sahəsində olub.

1969-cu ildə Xudu Məmmədov doktorluq dissertasiyasını müdafiə edib, 1970-ci ildə geologiya-mineralogiya elmləri doktoru, 1973-cü ildə professor elmi adlarına layiq görülüb.

Xudu Məmmədov 1976-cı ildən Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü olub.

Xudu Məmmədov bir neçə illik tədqiqatların yekunu olaraq, 1960-cı ildə “Kalsium-silikatları və hidrosilikatları və hidrosilikatların kristallokimyası” monoqrafiyasını yazıb.

Silikat birləşmələrindən bir çoxunun quruluşunu müəyyənləşdirib, həmin birləşmələr sinfi ilə boratlar, karbonatlar, yarımkeçiricilər və s. arasında kristallokimyəvi qohumluq olmasını aşkara çıxarıb, 50-dən çox üzvi liqandlı kompleks birləşmənin molekul və kristall quruluşunu öyrənib, tədqiqatlarında elektronoqrafiya, rentgen-spektral analiz və hidrotermal sintez üsullarından geniş istifadə edib. O, 250 elmi əsərin, 10 müəlliflik şəhadətnaməsi və 3 monoqrafiyanın müəllifidir. Xudu Məmmədovun rəhbərliyi ilə 10 elmlər doktoru və 35 fəlsəfə doktoru yetişib.

Yüksək ixtisaslı elmi kadrlar hazırlanmasında müstəsna xidmətləri var. Xudu Məmmədov “Şərəf nişanı” (1967), “Qırmızı Əmək Bayrağı” (1986) ordenləri, Azərbaycan SSR Ali Sovetinin “Fəxri fərmanı” və bir sıra medallarla təltif olunub.

Böyük alim elmi fəaliyyəti ilə yanaşı, hər zaman xalqının yanında olub və 1987-ci ilin əvvəllərindən başlayan xalq hərəkatının liderlərindən birinə çevrilib. Milli azadlıq hərəkatına rəhbərlik edənlər Xudu Məmmədovun tələbələri və dostları olublar. Onun böyük ürəyi hər zaman Azərbaycan üçün döyünüb və elə onun üçün də dayanıb.

Xudu Məmmədov 15 oktyabr 1988-ci ildə Bakıda vəfat edib.

1990-cı ildə Xudu Məmmədovu (ölümündən sonra) Azərbaycan Xalq Cəbhəsinin İdarə heyəti milli-azadlıq hərəkatındakı xidmətlərinə görə Məhəmməd Əmin Rəsulzadə mükafatına layiq görüb.

Görkəmli alim Xudu Məmmədov elmi fəaliyyəti ilə yanaşı, bayatıları ilə də tanınır:

Çiy yumurta soyulmaz,
Göydə ulduz sayılmaz,
Bütün xalqlar oyandı,
Mənim xalqım ayılmaz.

Elm köməyim olsun,
Əlim köməyim olsun,
Kimsəyə yük olarsam,
Ölüm köməyim olsun.

El arxadır, güvən, gəz,
Dağda bitər güvəngəz.
Nə dövlətə bel bağla,
Nə fələyə güvən gəz.

 

Hazırladı:

Selba

 

Strateq.az