XƏBƏR LENTİ

28 Oktyabr 2020

Digər Xəbərlər

15 Fevral 2016 - 20:07

Prezident iki sərəncam imzaladı –viza almaq proseduru sadələşdirildi

ilham-aliyev-serencamAzərbaycan prezidenti İlham Əliyev 17 yaşınadək futbolçular arasında futbol üzrə Avropa çempionatının final mərhələsinin 2016-cı ildə Azərbaycanda keçirilməsinin təmin edilməsi haqqında sərəncam imzalayıb.

Strateq.az xəbər verir ki, sərəncama əsasən, Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti və Fövqəladə Hallar Nazirliyinə fəaliyyət istiqamətlərinə uyğun olaraq, çempionatın final mərhələsinin keçirilməsi ilə bağlı təhlükəsizliyin təmin olunması, mühafizənin təşkili, çempionat zamanı baş verə biləcək fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üçün zəruri tədbirlər görmək tapşırılıb.

Dövlət Sərhəd Xidməti, Dövlət Gömrük Komitəsi, Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidməti isə fəaliyyət istiqamətlərinə uyğun olaraq, çempionatın final mərhələsində iştirak üçün Azərbaycan Respublikasına gələcək Avropa Futbol Assosiasiyaları Birliyinin (UEFA) əməkdaşlarının, vəzifəli şəxslərinin, UEFA nümayəndə heyəti üzvlərinin, UEFA üzvü olan assosiasiyaların əməkdaşlarının və vəzifəli şəxslərinin ölkəyə gəlmə və ölkədən getmə zamanı dövlət sərhədindən keçməsi, gömrük nəzarətinin aparılması, habelə çempionatla və çempionat tədbirləri ilə bağlı Azərbaycana gələcək əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yaşayış yeri üzrə qeydiyyatı, onlara Azərbaycanda müvəqqəti yaşamaq üçün icazə verilməsi kimi məsələlərin həllində operativliyi təmin etməlidir.

********

Bu gün Prezident İlham Əliyev 17 yaşınadək futbolçular arasında futbol üzrə Avropa çempionatının final mərhələsinin təşkili və keçirilməsi ilə bağlı Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında da sərəncam imzalayıb.

Sərəncamla müəyyən edilsin ki, 17 yaşınadək futbolçular arasında futbol üzrə Avropa çempionatının Azərbaycanda keçiriləcək final mərhələsinin təşkili və keçirilməsi ilə əlaqədar Azərbaycana gələn xarici dövlətlərin vətəndaşları və həmin dövlətlərdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslər Azərbaycan Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin Azərbaycanın beynəlxalq hava limanlarında yerləşən struktur bölmələrində viza ala bilərlər.

Aşağıdakı sənədlərdən biri viza verilməsi üçün əsas hesab edilir:

– Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) rəsmi dəvət məktubu;

– Avropa Futbol Assosiasiyaları Birliyinin (UEFA) müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçməni təsdiq edən sənəd;

– 17 yaşınadək futbolçular arasında futbol üzrə Avropa çempionatının final mərhələsinin oyunlarına bilet və ya biletin əldə olunmasını təsdiq edən sənəd.

Bu sərəncamda göstərilən şəxslər viza almaq üçün aşağıdakı müddətlərdə müraciət edə bilərlər:

– Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) rəsmi dəvət məktubu əsasında gələn şəxslər, habelə təşkilati məsələlərlə əlaqədar gələn və Avropa Futbol Assosiasiyaları Birliyinin (UEFA) müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçmiş şəxslər – 2016-cı il aprelin 1-dən iyunun 1-dək;

– 17 yaşınadək futbolçular arasında futbol üzrə Avropa çempionatının final mərhələsində iştirak edən komandaların üzvləri və nümayəndə heyətləri – 2016-cı il aprelin 20-dən mayın 25-dək;
– Avropa Futbol Assosiasiyaları Birliyinin (UEFA) müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçmiş jurnalistlər, habelə 17 yaşınadək futbolçular arasında futbol üzrə Avropa çempionatının final mərhələsinin oyunlarına bilet əldə etmiş şəxslər – 2016-cı il mayın 1-dən 25-dək.

Maliyyə Nazirliyi və Xarici İşlər Nazirliyinə 17 yaşınadək futbolçular arasında futbol üzrə Avropa çempionatının final mərhələsi ilə əlaqədar Azərbaycana gələn şəxslərə Azərbaycanın beynəlxalq hava limanlarında viza verilməsi işinin təşkili ilə bağlı maddi-texniki təminat məsələlərini həll etmək tapşırılıb.

Xarici İşlər Nazirliyi 17 yaşınadək futbolçular arasında futbol üzrə Avropa çempionatının final mərhələsi ilə əlaqədar Azərbaycana gələn şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə Avropa Futbol Assosiasiyaları Birliyinə (UEFA) və xarici ölkələrin müvafiq orqanlarına məlumat verməli; 17 yaşınadək futbolçular arasında futbol üzrə Avropa çempionatının final mərhələsi ilə əlaqədar Azərbaycana gələn şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə məlumatın nazirliyin, habelə Azərbaycanın xarici ölkələrdəki səfirliklərinin və konsulluqlarının internet informasiya ehtiyatlarında yerləşdirilməsini təmin etməlidir.

Dövlət Miqrasiya Xidməti 17 yaşınadək futbolçular arasında futbol üzrə Avropa çempionatının final mərhələsi ilə əlaqədar Azərbaycana gələn şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə Azərbaycana uçuşlar həyata keçirən aviasiya şirkətlərinə məlumat verəcək.