XƏBƏR LENTİ

03 İyun 2020

Digər Xəbərlər

19 Oktyabr 2018 - 16:36

“Azərbaycanda hətta 100 qadına 118 kişi düşüb” –Nazir və səfir demoqrafik problemlərin ciddi təhlükə olduğunu deyirlər

“Doğulanların cins strukturunda hələ də nisbət fərqi var. Belə ki 1990-cı illərin əvvəllərindən doğulanlar arasında qız uşaqlarına nisbətdə oğlan uşaqlarının artımı, cins nisbətinin pozulması müşahidə olunur. Son illərdə cins nisbətinin pozulması göstəricisində azalma meyli mövcud olsa da, nisbət fərqi yenə də nəzərəçarpan dərəcədədir”.

“Report” agentliyinin məlumatına görə bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev “Gender əsaslı cinsi seçimin qarşısının alınması və aidiyyəti cavab tədbirlərinin görülməsinə dair Milli Fəaliyyət Planı” layihəsinin təqdimatı zamanı deyib.

O qeyd edib ki, yeni hazırlanan Dövlət Proqramı layihəsində də doğulanlar arasında cins nisbətinin pozulmasının aradan qaldırılması məsələlərinə ayrıca bölmə kimi yer ayrılıb.

S.Babayev in sözlərinə görə, BMT-nin Əhali Fondu ilə bu sahədə də birgə işlər aparılır və Milli Fəaliyyət Planı layihəsi hazırlanıb: “Layihədə gender nisbəti ilə bağlı ümumi icmal, bu nisbətin ciddi şəkildə pozulmasının bir sıra mənfi fəsadları ilə yanaşı, gender əsaslı cinsi seçimin qarşısının alınması məqsədinə nail olunması üçün konkret fəaliyyət istiqamətləri və tövsiyələr əksini tapır”.

Nazir deyib ki, Azərbaycanda əhalinin 25,4 faizi 14-29 yaşlı gənclərdir“Azərbaycan əhalisinin gənc olması çox müsbət haldır. Amma bu, özlüyündə çağırışlar da yaradır”. O bildirib ki, bu çağırışlardan da ən əsası məşğulluq məsələsidir: “Hər il əmək bazarına 100 mindən artıq azərbaycanlı gənc daxil olur. Bu gənclərin məşğulluq məsələsinin həll edilməsi, onların əmək bazarının tələbələrinə cavab verməsi, ixtisaslaşdırılmış kadrların yetişdirilməsi də Azərbaycan hökumətinin əsas məqsədlərindəndir”.

S.Babayev qeyd edib ki, bioloji normaya görə yeni doğulanlar arasında cins tərkibi 100 qadına 105-107 kişi düşdüyü halda, Azərbaycanda müəyyən dövrdə hətta 100 qadına 118 kişi düşüb:

“Amma aparılan işlər nəticəsində bu nisbət azalaraq 118-dən 114-ə düşüb. Biz bu göstəricinin bioloji normaya daha da yaxınlaşdırmaq üçün işlər görməliyik. Azərbaycanda əhalinin tərkibinə baxdıqda hər 1000 kişiyə 1004 qadın düşür. Bu da hələlik Azərbaycanda demoqrafik balansın qorunduğunu göstərir. Lakin gələcəkdə bioloji normaya yaxınlaşmaq üçün görüləcək tədbirlər cins nisbətinin pozulmaması üçün böyük əhəmiyyət kəsb edəcək. Azərbaycanda ömür uzunluğu artır. Qadınlar üçün gözlənilən orta ömür həddi 78 yaşdan, kişilər üçün 73 yaşdan çoxdur.

“Cinsi tarazlığın pozulması sonda insan alverinə gətirib çıxarır”

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas deyib ki, Azərbaycan əhalisinin böyük əksəriyyəti gənclərdən ibarətdir:

“İnkişaf etmiş ölkələrdə, eləcə də Azərbaycanda oğlan və ya qız uşağı seçimi problemi həll olunmazsa, gələcək nəsillər bundan əziyyət çəkəcək”.

Onun sözlərinə görə, əsas problemi sürətlə həll etmək lazımdır: “Səbəbləri tapmaq vacibdir və çıxış yolu hazırlanmalıdır. Bir çoxları ailələrin oğlan uşaqlarını çox istəməsini tarixdən qaynaqlanan ənənələrlə izah edirlər. Əgər bir ölkə müasirliyə doğru gedirsə niyə bu problem hələ də qalır?! Səbəbləri tapmaq vacibdir və çıxış yolu hazırlanmalıdır. Bir çoxları ailələrin oğlan uşaqlarını çox istəməsini tarixdən qaynaqlanan ənənələrlə izah edirlər. Əgər bir ölkə müasirliyə doğru gedirsə niyə bu problem hələ də qalır?! Bu kimi hallara qarşı cəza tədbirləri olsa belə insanlar müxtəlif həll yolu tapacaqlar”.

K.Yankauskas əlavə edib ki, cinsi tarazlığın pozulması sonda insan alverinə gətirib çıxarır:

“Problemi gizlətməyə ehtiyac yoxdur. Açıq-aşkar danışıb problemi hansı formada həll etməyin yollarını tapmaq vacibdir. Milli Fəaliyyət Planı hazır olduqda bütün müvafiq addımlar atılmalıdır. Avropa İttifaqı olaraq əlimizdən gələni edəcəyik ki, tarazlıq təmin olunsun”.

“Kişilərin sayının həddən artıq çoxalması kriminogen durumun ağırlaşmasına səbəb ola bilər”

BMT-nin Əhali Fondunun baş müşaviri Fərid Babayev deyib ki, uşaqların cinsə görə seçilməsi problemi əhali fondunu çox narahat edir:

“Əvvəllər yalnız Cənub-Şərqi Asiyada müşahidə edilən bu problem artıq Azərbaycan da daxil olmaqla bütün Cənubi Qafqaz və Şərqi Avropanın bir sıra ölkələrində özünü biruzə verir”.

Baş müşavir bildirib ki, tədqiqatlar ailənin sosial-iqtisadi vəziyyətindən asılı olmayaraq, mövcud patriarxal münasibətlər sistemində valideynləri mütləq şəkildə oğlan övladına sahib olmağa vadar etdiyini göstərir: “Bu vəziyyət gələcəkdə əhalinin ümumi strukturu və dinamikası baxımından çox xoşagəlməz nəticələrə gətirib çıxara bilər”.

F.Babayev əlavə edib ki, kişilərin sayının həddən artıq çoxalması onların ailə qurmaq üçün partnyor tapa bilməməsi, eyni zamanda ölkədə zorakı davranış hallarının geniş yayılması nəticəsində ümumi kriminogen durumun ağırlaşması, gəlin qaçırma, erkən nikah, insan alveri kimi bir sıra mənfi hallarla sıx şəkildə əlaqəlidir.

Mövcud problemin BMT-nin Əhali Fondunu narahat etdiyini vurğulayan qurum rəsmisi deyib ki, bu istiqamətdə Azərbaycan hökuməti ilə sıx əməkdaşlıq şəraitində müxtəlif layihələr həyata keçirilir.

“Adıçəkilən layihənin qəbulu ilə Azərbaycanı “çatışmayan qızlar” fenomeninin yayıldığı ölkələrin siyahısından çıxararaq Cənubi Koreyadan sonra ikinci uğur hekayəsini yazmağa müvəffəq olacağıq”, o qeyd edib.

(Amerikanın səsi)