Ermənistanın baş naziri Nikol Paşinyan oktyabrın 22-də ölkənin müddətini başa çatdırmaqda olan parlamentini təxribatda ittiham edib. Buna səbəb parlamentin ölkənin Seçki Məcəlləsinə əsas düzəlişləri qəbul etməməsi olub. Bu düzəlişlər Paşinyanın hökuməti tərəfindən təklif edilmişdi.
Rəsmən hökumət tərəfindən oktyabrın 16-da təsdiq edilmiş düzəlişlər ölkədə normal seçki keçirilməsini təmin etməlidir. Bu düzəlişlərdən biri də Milli Məclisdə mandatların bölüşdürülməsi mexaniziminin tənzimlənməsinə aiddir.
Tənqidçilər deyirlər ki, hazırkı bölgü sistemi 2017-ci ilin aprelində keçirilmiş seçki zamanı keçmiş baş nazir Serj Sarkisyanın hakim Respublikaçı Partiyası üçün əlverişli olub.
Ermənistan Konstitusiyasına görə Seçki Məcəlləsinə hər hansı düzəlişin qəbul edilməsi üçün 105 mandatlıq parlamentin azı 63 üzvünün leyhinə səs verməsi lazımdır. Məhz bu yalnız 53 deputatın hökumətin layihəsinə səs verməsinə səbəb olub. Təklif faktiki olaraq hakim partiyanın millət vəkilləri tərəfindən bloklanıb.
Paşinyan parlament çoxluğunu onun kabinetinə qarşı təxribatda ittiham edir:
“Onlar ümid edirlər ki, bu yolla yeni parlament seçkisini revanş alətinə çevirəcəklər. Lakin mən açıq şəkildə bildirirəm ki, seçki hətta mövcud Seçki Məcəlləsi ilə keçirilsə də heç nə dəyişməyəcək, çünki xalqın qələbəsi qaçılmazdır və heç kim tərəfindən oğurlana bilməz”.
Paşinyan bəyan edib ki, keçmişə dönüş yoxdur. O tərəfdarlarını Ermənistanda tam bir rejim dəyişikliyinə çağırıb.
(Azadlıq radiosu)