Türkiyə və Səudiyyə Ərəbistanının qırıcıları birgə uçuşlara başlayıb.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Türkiyənin Konya şəhəri üzərində həyata keçirilən uçuşlarda Səudiyyəyə məxsus 6 «F-15» qırıcısı iştirak edir.
Uçuşların təlim məqsədli – iki ölkənin silahlı qüvvələrinin hazırlığı üçün olduğu bildirilir. Lakin bu təlimin səudiyyəli general Əhməd əl-Əsirinin son bəyanatından sonraya təsadüf etməsi müəyyən suallar doğurur.
Həmin bəyanatda əl-Əsiri hərbi təyyarələrini Türkiyənin «İncirlik» avibazasına göndərdiklərini bildirmiş və məqsədin Suriya ərazisində İŞİD-ə qarşı mübarizə aparmaq olduğunu demişdi. Bundan əvvəl isə Əsiri Səudiyyə qırıcılarının İŞİD-in paytaxt elan etdiyi Rakkanı bombalayacağı barədə açıqlama vermişdi.