“WikiLeaks” saytının açıqladığı son məxfi sənədlər içərisində BMT Baş Assambleyasının 2012-ci il fevral ayında Suriya haqqında qətnamənin qəbulu ilə bağlı səsvermənin nəticələrinə dair akt da var.
Strateq.az bildirir ki, açıqlanan bu sənəddə Suriyadakı vəziyyətdən narahatlıq ifadə olunur və Bəşər Əsəd hakimiyyətinin ölkədə insan haqlarının kütləvi şəkildə pozması ilə bağlı siyasəti pislənir.
Baş Assambleyanın 16 fevral 2012-ci il iclasında Azərbaycan nümayəndə heyəti də iştirak edib və mövqeyini bildirib. “WikiLeaks”in açıqladığı səsvermənin nəticələri ilə bağlı siyahıda Azərbaycanın hansı mövqe tutması da aydın olur: rəsmi Bakı açıq şəkildə BMT-nin Bəşər Əsədə qarşı qəbul etdiyi bu qətnaməni dəstəkləyib.
Həmin iclasda cəmi 12 dövlət bu sənədin əleyhinə səs verib. Onların arasında Rusiya, Belarus, Çin, Kuba, Venesuela, Şimali Koreya və İran olub. Səsvermədə 17 ölkə bitərəf qalıb. Qətnamə 137 səslə qəbul olunub.
Həmin qətnamədə Suriya hakimiyyətindən insan hüquqlarının pozulması hallarına, mülki şəxslərə qarşı hücumlara dərhal son qoymaq tələb edilir.
BMT Baş Assambleyasının sənədində “insan haqlarının və azadlıqlarının kütləvi və sistemli şəkildə pozduğuna” görə, Suriya höküməti pislənib.
Sənəddə qeyd olunur ki, Qətnaməyə səs verən ölkələr “mülki şəxslərə zor tətbiq etmə, hüquq müdafiəçilərinin və jurnalistlərin təqib olunması, vətəndaşların yoxa çıxması, tibbi yardım almağa mane olma, işgəncə, seksual zorakılıq və qəddar davranma ilə bağlı Suriya hakimiyyətini kəskin şəkildə pisləyir".
Həmin qətnamədə Baş Assambleyanın üzvləri Suriyada bütün tərəflərin işitrakı ilə siyasi prosesə başlamağa çağrılır.
Sənəddə Bəşər Əsəddən tələb edilir ki, Suriya höküməti qeyri-qanuni saxlanmış bütün şəxsləri dərhal azad etsin. O cümlədən “şəhərlərə və yaşayış massivlərinə yeridilmiş silahlı qüvvələri geri çəkərək kazarmalarına qaytarsın.
Baş Assambleya Ərəb Ölkələri Liqasının 22 yanvar 2012-ci il qərarını dəstəkləyərək Suriyanın demokratik, plüralist ölkəyə keçidinin təmin olunması üçün səylərini müdafiə etdiyini elan edib.
Sənəddən göründüyü kimi, Bakı Yaxın Şərqdə gedən münaqişənin tənzmilənməsi üçün Qərbin apardığı prosesi dəstəkləyib.
Bu sənəd bir çox strateji məsələlərdə Azərbaycanın mövqeyinin Moskva ilə qətiyyən üst-üstə düşməməsini bir daha ortaya qoyur. Sənəddən görünür ki, Bakı bitərəf qalmağa da cəhd etməyib və münasibətini aydın nümayiş etdirib. Səsvermə siyahısı bir daha Azərbaycanın xarici siyasət vektorlarının dəyişiməz prioritetlər üzərində qurulmasının bariz subutudur. Bu, eyni zamanda, Azərbaycanın xarici siyasət məsələlərində köklü dəyişikliklərə gedəcəyi ilə bağlı proqnozların da real olmadığına işarədir…
Xaqani SƏFƏROĞLU
Strateq.az