XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 October 2018 - 12:05

Qətlə yetirilən jurnalistin nişanlısı Ağ Evə getmək istəmir- Xədicə Çingiz Trampın təklifini rədd etdi

İstanbulda qətlə yetirilən jurnalist Camal Xaşuqcinin nişanlısı Xədicə Çingiz ABŞ Prezidenti Donald Trampın Ağ Evə gəlməsi barədə təklifini qəbul etməyib.

“Reuters” agentliyinin yaydığı məlumata görə, Xədicə Çingiz bu addımı cəmiyyətin mövqeyinə təsir etməmək və Donald Trampa qarşı müsbət ictimai rəy formalaşdırmamaq məqsədi ilə atdığını bildirib. Onun sözlərinə görə, ABŞ Xaşuqcinin qətli ilə bağlı təhqiqatın ədalətli nəticələrinə nail olmaq üçün bütün səylərini ortaya qoymayana qədər Ağ evi ziyarət etməyəcək.

Xatırladaq ki, Camal Xaşuqci oktyabrın 2-də sənədləşmə ilə bağlı Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğuna gəlmiş və həmin vaxtdan itkin düşmüşdü. Oktyabrın 20-də Səudiyyə Ərəbistanının baş prokurorluğu jurnalistin diplomatik missiyada yaranmış mübahisə nəticəsində öldüyünü bildirsə də, sonradan cinayətin planlı şəkildə törədildiyini etiraf etmişdi.

Camal Xaşuqci Ər-Riyadın hazırkı siyasətinə qarşı tənqidi münasibəti ilə məşhurdur. 2017-ci ildə vətənini tərk edərək ABŞ-a köçmək məcburiyyətində qalan jurnalist “The Washington Post” qəzetində Səudiyyə Ərəbistandakı vəziyyətlə bağlı analitik yazılar dərc edirdi.