Ukrayna parlamentinin son iclasında baş nazir Arseni Yatsenyukun fəaliyyəti qeyri-qənaətbəxş kimi qiymətləndirib.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, artıq «Pyotr Poroşenkonun Bloku» Nazirlər Kabinetinin istefası üçün imza toplamağa başlayıb.
Bu barədə blokun deputatlarından Sergey Leşenko məlumat verib. Onun sözlərinə görə, imzalar toplanandan sonra parlamentdə hökumətin istefası ilə bağlı səsvermə olacaq.
Məlumatlara görə, prezident Poroşenko artıq Yatsenyuku istefaya göndərmək barədə qərar qəbul edib. Sadəcə, hazırda onun yerinə namizəd axtarır. Namizəd tapılan kimi Yatsenyuk Baş nazir postundan gedəcək.