XƏBƏR LENTİ

07 Avqust 2020
06 Avqust 2020

Digər Xəbərlər

31 Oktyabr 2018 - 09:10

NATO və Rusiya orduları üz-üzə gəldi –Putin də hərbi manevrləri Norveç sahillərinə təyin etdi

NATO-nun baş katibi Cens Stoltenberg deyib ki, o Rusiyadan peşəkar davranış gözləyir. Bu həftə həm NATO, həm də Rusiya təxminən eyni məkanda, Norveçin sahillərindəki beynəlxalq sularda manevrlər keçirir.

Stoltenberg oktyabrın 30-da öz vətəni Norveçdə keçirilən “Trident Juncture” kod adlı hərbi manevrlərə baş çəkib. Bundan əvvəl Rusiya bildirmişdi ki, noyabrın 1-3-də keçiriləcək manevr zamanı raket atışını sınaqdan keçirəcək.

Raket sınaqları və “Trident Juncture” Soyuq müharibədən bəri Qərblə Rusiya arasında gərginliyin son həddə çatdığı bir vaxtda keçirilir. Norveçin keçmiş baş naziri olmuş Stoltenberg narahatlığı azaltmaq üçün deyib ki, bu iki tərəfin öz hərbi oyunlarını yaxın ərazilərdə keçiridikləri ilk hal deyil:

“Buna görə də mən tam əminəm ki, Rusiya qüvvələri özünü peşəkar və təhlükəsiz bir tərzdə aparacaq, eyni sözləri NATO haqqında da demək olar”.

NATO rəhbəri deyib ki, alyans eyni zamanda Rusiyanın raket sınaqlarını müşahidə edəcək və bu, NATO-nun təlim planlarını dəyişməyəcək.

Norveçin hava limanlarının və hava naviqasiyası xidmətlərinin əməliyyatçısı olan Avinor şirkətinin sözçüsü deyib ki, Rusiya bu sınaqlar barədə NOTAM (notice to airmen) adlanan sənədi təqdim edib. Aviatorlara xəbərdarlıq sayılan bu sənəddə uçuş yollarında qarşıya çıxa biləcək təhlükələr barədə dəqiq məlumatlar olur.

Sözçü Erik Lodding, dpa xəbər agentliyinə deyib ki, bu cari mesajlardan biri idi. Sınaq atışları noyabrın 1-dən 3-dək Kristiansund, Molde və Alesund şəhərlərinin yaxınlığındakı beynəlxalq sularda keçiriləcək.

Norveçin müdafiə naziri Frank Bakke-Censen deyib: “Burada dramatik heç nə yoxdur. Biz bunu qeydə almışıq və Rusiya manevrlərini izləyəcəyik”.

Oktyabrın 25-də NATO özünün “Trident Juncture” kod adlı manevrlərinə başlayıb. Stoltenberg bu manevrləri “Avropanın böyüyən təhlükə şəraitində olduğu bir vaxtda güclü qüvvə nümayişi” adlandırıb.

Döyüş silahları ilə aparılan bu manevrlər noyabrın 7-dək davam edəcək. Bu manevrlərdə 50 min əsgər, 10 min maşın və 300-dən çox təyyarə, habelə bütün 29 NATO ölkəsindən olan gəmilər iştirak edir.

Şimali Atlantikadan Baltik dənizənədək ərazini əhatə edən bu manevrlərdən məqsəd alyansın hər hansı üzvünün üzərinə hücuma cavabı məşq etməkdir.

Rusiya 2017-ci ilin sentyabrında ölkənin qərbində, habelə Belarus ərazisində Zapad-2017 adlı böyük manevrlər keçirmişdi. Bu arada oktyarbın 31-də ötən maydan bəri ilk dəfə olaraq NATO-Rusiya Şurasının ilk görüşü keçiriləcək. Bu görüşün təfərrüatları barədə məlumat verilməyib, lakin diplomatların dediyinə görə başlıca müzakirə mövzusu ABŞ-ın 1987-ci il silahlara nəzarət müqaviləsindən çıxması niyyəti olacaq.

(Azadlıq radiosu)