XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

01 Noyabr 2018 - 17:07

Rusiya Ukrayna rəsmilərinə və şirkətlərinə sanksiya qoydu –Qadağalar prezident Poroşenkonun oğluna da şamil edilib

nemtsov-ukrayna.jpg

Rusiya Ukrayna elitasının 322 üzvünə və tanınmış ukraynalı biznesmenlərin sahib olduğu 68 şirkətə maliyyə sanksiyalarını açıqlayıb.

Sanksiyaların hədəfə aldığı şəxslər sırasında Prezident Petro Poroşenkonun oğlu Oleksiy, daxili işlər naziri Arsen Avakov, təhlükəsizlik xidmətinin rəhbəri Vasyl Hrytsak, baş nazirin müavini Ivanna Klympuş-Tsintsadze, biznesmen Viktor Pinçuk, keçmiş baş nazirlər Yulia Timoşenko və Arseni Yatsenyuk, ultramillətçi Sağ Sektor qrupunun keçmiş lideri Dmitri Yaroş var.

Sanksiyalara dair sərəncamı Baş nazir Dmitri Medvedev imzalayıb və noyabrın 1-də hökumətin vebsaytında dərc olunub. Sənəddə deyilir ki, bu addımın məqsədi Ukraynanın Rusiya vətəndaşları və qurumlarına qarşı qeyri-dost fəaliyyətini önləmək, ikitərəfli münasibətləri normallaşdırmaqdır.

Siyahıda Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksandr Turçunovun, müdafiə naziri Stepan Poltorakın, müdafiə nazirinin müavini Anatoli Petrenkonun, Ukrayna ordusunun Baş qərargah rəisi Viktor Muzhenkonun, parlamentin spikeri müavini Irina Heraşçenkonun və Krım tatarlarının veteran lideri Mustafa Cəmilovun da adları var. Sanksiyalara Rusiya ərazisində aktivlərin və mülkiyyətin dondurulması da daxildir. 

Ukrayna Konstitusiya Məhkəməsinin hakimləri, ukraynalı deputatlar, biznesmenlər, prezident idarəsinin üzvləri, icraedici rəsmilər, Ukraynanın böyük şirkətlərinə də sanksiyalar tətbiq olunacaq.

Bu sərəncamdan 10 gün öncə Prezident Vladimir Putin Ukraynaya qarşı “xüsusi iqtisadi tədbirlər”ə başlanması barədə fərman imzalayıb. O, hökumətə tapşırmışdı ki, iqtisadi sanksiyalar qoyulacaq şirkət və fərdlərin siyahısını hazırlasın.

Putinin oktyabrın 22-də imzaladığı sənəddə deyilirdi ki, Ukrayna Rusiya vətəndaşları və şirkətlərinə bütün qadağaları qaldırarsa, bu cəza tədbirləri də ləğv oluna bilər.

Moskva 2014-cü ildə Ukraynanın Krım yarımadasını ilhaq edəndən sonra Birləşmiş Ştatlar, Avropa Birliyi və Ukrayna Rusiya biznesmenlərin, şirkətlərinə və digər qurumlarına sanksiyalar tətbiq edib. Medvedev oktyabrın 23-də demişdi ki, Moskva Ukraynadan bəzi məhsulların Rusiyaya idxalını qadağan etməyə hazırlaşır. Amma o, hansı məhsulların siyahıya düşəcəyini açıqlamayıb. Putin iyunda Rusiyaya sanksiya tətbiq etmiş Birləşmiş Ştatlar və digər ölkələrə əks-tədbirlərlə bağlı qanun imzalayıb.