XƏBƏR LENTİ

01 Oktyabr 2020
30 Sentyabr 2020

Digər Xəbərlər

02 Noyabr 2018 - 11:33

Azərbaycanda və Ermənistanda ABŞ-ın silah təklifi barədə nə düşünürlər? –Deputatlar və ekspertlər danışır

ABŞ Azərbaycan və Ermənistana silah satmaq istəyir, çünki “Amerika silahı Rusiyanınkından yaxşıdır”. Ən azından Prezident Donald Trampın müşaviri belə düşünür.

“Biz hesab edirik ki, bizim texnika, istənilən halda, Rusiya texnikasından yaxşıdır. Ona görə, belə bir imkanı nəzərdən keçirmək istəyirik”, – ötən həftə Qafqaza səfəri zamanı ABŞ-ın milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Con Bolton jurnalistlərə deyib.

ABŞ-ın, Cənubi Qafqazda Rusiya ilə silah yarışına girmək istəyi Dağlıq Qarabağ ilə bağlı münaqişə vəziyyətində olan Azərbaycanda və Ermənistanda təhlilçilər tərəfindən tənqidlə qarşılanıb.

Hətta ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç “BBC News Azərbaycanca”-ya deyib ki, ATƏT-in Minsk qrupunun həmsədri olan bir ölkənin münaqişə ölkələrinə silah satması böyük səhv olardı. Ancaq belə görünür ki, nə Ermənistanda, nə də Azərbaycanda hakimiyyət, ABŞ silah təklif edərsə, çox güman ki, buna “yox” deməyəcək.

Azərbaycan ala bilər

Rusiya və İsraildən aldığı silahlara milyardlarla dollar xərcləyən Azərbaycanda və Rusiyadan güzəştlə silah alan Ermənistanda millət vəkilləri ABŞ-dan silah almağın əslində pis fikir olmadığına işarə vurublar.

Azərbaycanda hakim partiyanın təmsilçisi “BBC Azərbaycanca”-ya danışarkən ABŞ-dan silah almağın mümkünlüyünü istisna etməyib: “Biz bu gün maraqlarımıza cavab verən və dünyada ən müasir hesab edilən silahları almağa həmişə hazırıq. O cümlədən, ABŞ silahlarını da nəzərdən keçirməyə, onların təkliflərini qiymətləndirməyə etiraz etmirik”, parlamentin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə BBC News Azərbaycancaya deyib.

Ancaq o bildirib ki, Azərbaycanın məqsədi silah almaq yox, torpaqlarını işğaldan azad etməkdir.

Millət vəkili deyib ki, münaqişə tərəflərinə silah satışını təklif etməkdən və Rusiyanı silah satdığına görə qınamaqdansa, ABŞ münaqişənin həlli yolunda “özünün imkanlarından istifadə etsin.

Rusiya, yoxsa Amerika silahı?

Azərbaycan son illərində ərzində Rusiyadan aldığı silahlara 5 milyard dollardan çox xərcləyib. Bundan başqa, ölkə İsraildən də yüksək texnologiyalı silahlar alır. Azərbaycanın hərbi büdcəsi 2018-ci ildə 3 milyard manata yaxın olub.

Millət vəkili Zahid Oruc isə deyib ki, Azərbaycan bu gün Rusiya, yoxsa Amerika silahı seçimi qarşısında deyil:

“Azərbaycan həm Rusiyadan, həm İsraildən, həm də bir sıra Qərb ölkələrindən silah alır. Gələcəkdə ABŞ öz təkliflərini verəcəksə, bu da dəyərləndirilə bilər və onun üzərindən bəri başdan xətt çəkməyin və yaxud Rusiyadan imtina etməyin tamamilə əleyhinəyəm. Rusiya ilə bir dövlət kimi siyasi, hərbi cəhətdən əlaqələrimizi hər zaman saxlamalıyıq”.

Zahid Oruc deyir, ABŞ-ın davranışında hərbi elementi ilk dəfədir ki, müşahidə edir. Onun sözlərinə görə, əvvəllər də ABŞ-dan Azərbaycana çoxlu nümayəndələr gəlib, amma onların Konqresin silahla bağlı tərəflərə tətbiq etdiyi embarqodan kənara çıxan hər hansı mövqeyini görməyiblər.

ABŞ Konqresində 1992-ci ildə “Azadlığın dəstəklənməsi aktı”na 907-ci düzəliş edilib. Bu düzəliş Azərbaycan və Ermənistana hücum xarakterli silahların satışını yasaqlayır.

2001-ci il ABŞ-da baş verən 11 sentyabr hadisələrindən sonra Azərbaycanın beynəlxalq terrorizmlə mübarizədə dəstəyini təmin etmək məqsədilə ABŞ Konqresi prezidentə düzəlişin hüquqi qüvvəsini dayandırmaq səlahiyyəti verib.

“Burdan bir çox nəticələr çıxarmaq olar: Rusiyanın silah bazarına da yəqin ki, zərbə vurmaq, hərbi cəhətdən bölgə dövlətlərini özündən asılı etmək, gələcəkdə bu silahlar vasitəsilə müxtəlif tərəflərə, o cümlədən İrana qarşı planlar qurmaq və s. məqamlar mümkündür” – Zahid Oruc deyir.

O əlavə edir ki, Qərblə münasibətlərdə hərbi əlaqələrin inkişaf etməməsinin səbəbkarı da Azərbaycan deyil: “Çüki Avropa Birliyi və Amerika Konqresləri səviyyəsində silahla bağlı qadağalar var. Bizim seçim deyildi”.

“Azərbaycanın hazırda ABŞ silahına ehtiyacı yoxdur”

Azərbaycanlı hərbi ekspert Üzeyir Cəfərovun fikrincə isə, Azərbaycanın hazırda ABŞ silahına ehtiyacı yoxdur: “Azərbaycanın arsenalında olan silahlar kifayət edir ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam şəkildə təmin etsin”.

O hesab edir ki, Trampın müşaviri ABŞ-ın region ölkələrinə silah satmaq ehtimallarından danışarkən Rusiyaya mesaj yollayıb: “Con Bolton Rusiyaya mesaj göndərib ki, bizim silahlar keyfiyyətlidir. Amma hesab etmirəm ki, Azərbaycanın nə ABŞ, nə də Rusiya istehsalı silahlara bu dəqiqə əlimyandıda ehtiyacı var. Azərbaycan Türkiyə, Çexiya, Pakistan, Çin və digər ölkələrdən də silahlar alır”.

“Silah olan yerdə…”

Boltonun bəyanatı ABŞ-ın Cənubi Qafqaz siyasətini yenidən, “ciddi şəkildə nəzərdən keçirmək niyyətindən” xəbər verir, Ermənistanda siyasi təhlilçi Stepan Danielyan hesab edir

Onun fikrincə, bu bəynata Vaşinqtonun Cənubi Qafqaz bölgəsində, Qarabağ münaqişəsi səbəbindən, Ermənistanla Azərbaycan üzərində Rusiyanın təsirini azaltmaq, Bakı və Yerevanla yeni növ münasibətlər qurmaq niyyətində olduğunu ehtimal etməyə əsas verir.

Bəllidir ki, silah olan yerdə, hərbi iştirak da mövcuddur. Silah tədarükü silah üzrə ekspert, mütəxəssis, təlimatçılar nəzərdə tutur. Silah tədarükü çox ciddi siyasi təsir, birbaşa təhlükəsizlik təklifi deməkdir”, – o əlavə edib.

 

İran amili

Con Bolton bölgəyə səfəri zaman Cənubi Qafqaz respublikaları rəhbərləri ilə İranın regiona təhlükəsindən danışıb, onun terrozimə dəstəyi, nüvə silahlarını inkişaf etdirməsinə dair davranışlardan bəhs edib və region dövlət başçılarından birgə fəaliyyət istəyib.

Cənab Boltonun Cənubi Qafqaza səfərində əsas xətt İran məsələsində ABŞ-İsrail mövqeyinə dəstək almaq olub, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçar Kozlariç deyib. O düşünür ki, silah satışı təklifi ilə İrana qarşı sanksiya və digər tədbirlərə müvafiq dövlətlərin (Ermənistan və Azərbaycan-red.) dəstəyi arasında əlaqə var.

“ABŞ İran məsələsinin aktuallaşdığı dövrdə İranın şimalında yəni, həm Ermənistanda, həm də Azərbaycanda Rusiyanın üstün rolunu ortadan qaldırmaq istəyir”. Təhlükəsizlik məsələləri üzrə təhlilçi Sülhəddin Əkbər belə düşünür.

Onun fikrincə, ABŞ-ın hazırki hədəfi regiondakı mövcud vəziyyəti dəyişməkdir: “Bu, çətin məsələdir. Ona görə də həm Ermənistana, həm də Azərbaycana cazibədar təkliflər irəli sürür. Silah satışı təklifi ilə ABŞ həm rəsmi Yerevana, həm də rəsmi Bakıya göstərmək istəyir ki, Rusiyanın regionda oynadığı rolu uğurla öz üzərinə götürə bilər”, Sülhəddin Əkbər əlavə edir.

 

“Bu təklif müharibəyə sövq edir”

Ermənistan baş naziri vəzifəsini icra edən Nikol Paşinyan, sərfəli təklif edilərsə, Amerika silahını almaq məsələsini müzakirə etməyə hazır olduğunu bildirib.

“Hökumət qarşısına məhdudiyyət qoyan heç bir şey yoxdur. Bizim üçün sərfəli təklif daxil olsa, müzakirə edərik”, – Paşinyan Boltonun təklifini dəyərləndirməyi ondan istəyən jurnalistlərə deyib.

Ancaq Ermənistanda hər kəs Paşinyan kimi düşünmür. Ermənistan Milli Məclisinin keçmiş hakim Respublikaçı partiya fraksiyasının rəhbəri Vahram Bağdasaryanın fikrincə, ABŞ rəsmisinin belə bir bəyanatı münaqişə tərəflərini müharibəyə sövq edir:

“Bu, vəziyyəti daha da gərginləşdirir və danışıqlar prosesinə xələl vurur. Biz müharibəyə deyil, münaqişənin sülh yolu ilə həllinə doğru hərəkət edirik”.

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç düşünür ki, istənilən səbəblə ABŞ-ın tərəflərə silah satması səhv olardı: “Bu, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə heç bir töhfə verməz, yalnız vəziyyəti ağırlaşdırardı”.

(BBC Azərbaycanca)