XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

16 Fevral 2016 - 21:28

Prezident İlham Əliyev Tovuzda –Yeni açılışlar olub

ilham-tofiq-tovuzBu gün Azərbaycan prezidenti İlham Əliyev Tovuz rayonuna səfərə gəlib.

Dövlət başçısı Heydər Əliyevin Tovuz şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.

Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov dövlət başçısına məlumat verib ki, Heydər Əliyevin abidəsinin ucaldığı Heydər Əliyev Parkında geniş abadlıq işləri görülüb, yaşıllıq zolaqları salınıb.

Park rayon sakinlərinin sevimli istirahət mərkəzidir. Burada əhalinin istirahəti üçün hər cür şərait yaradılıb.

Səfər çərçivəsində İ. Əliyev yenidən qurulan Tovuz-Hunanlar-Qaraxanlı-Düz Cırdaxan avtomobil yolunun açılışında iştirak edib. Dövlət başçısı görülmüş işləri əks etdirən stendlərə baxıb.

Məlumat verilib ki, Tovuz-Hunanlar-Qaraxanlı-Düz Cırdaxan avtomobil yolu 32 min əhalinin yaşadığı 13 məntəqəni əhatə edir.

Dövlət başçısı yolun rəmzi açılışını bildirən lenti kəsib.

Prezident Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilən Tovuz şəhər 7 saylı körpələr evi-uşaq bağçasının açılışında iştirak edib.

Dövlət başçısı körpələr evi-uşaq bağçasının rəmzi açılışını bildirən lenti kəsib, burada yaradılan şəraitlə tanış olub.

Bildirilib ki, körpələr evi-uşaq bağçasının inşasına 2014-cü ilin sonlarında başlanılıb və tikinti işləri yüksək səviyyədə icra olunub. Bağça 100 yerlikdir. Burada Heydər Əliyevin, Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın ölkəmizin gələcəyi olan uşaqlara göstərdikləri qayğıdan bəhs edən fotolardan ibarət guşələr yaradılıb.

Prezident İlham Əliyevə məlumat verilib ki, ikimərtəbəli binada uşaqların təlim-tərbiyəsi və gələcəyin sağlam vətəndaşları kimi yetişmələri üçün hər cür şərait yaradılıb. Burada müasir təlim-tərbiyə qaydalarına riayət olunmaqla beş qrup fəaliyyət göstərəcək. Bağçada uşaqların istirahəti və əyləncəsi üçün geniş imkanlar var.

Balacaların ilk yaşlarından intellektual, fiziki və əqli inkişafı, onların istedad və qabiliyyətlərinin üzə çıxarılması, sağlamlıqlarının qorunması, insanlarla ünsiyyətin qurulması diqqət mərkəzində saxlanılacaq.

Bu məqsədlə müasir otaqlar yaradılıb, bütün zəruri ləvazimat və təlim avadanlığı ilə təchiz olunub. Uşaqların qidalanması da diqqətdə saxlanılacaq. Burada 35 nəfərin işlə təmin edilməsi nəzərdə tutulub. Bağçanın ərazisində əyləncə meydançaları yaradılıb, attraksionlar quraşdırılıb.

****

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tovuz rayonuna səfəri çərçivəsində Qovlar şəhərindəki Gənclər Evinin açılışında da iştirak edib.

Dövlətimizin başçısına Qovlar şəhər parkında görülən işlər barədə ətraflı məlumat verildi.

Gənclər və idman naziri Azad Rəhimov Azərbaycan Prezidentinə məlumat verdi ki, Gənclər Evinin binası zirzəmi ilə birgə dörd mərtəbədən ibarətdir. Ərazisi 4400 kvadratmetr olan Gənclər Evinin binası respublikada ən böyük gənclər mərkəzlərindən biridir. Gənclər Evinin foyesində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin ictimai-siyasi fəaliyyətinin müxtəlif məqamlarını, Tovuz rayonuna səfərlərini, həmçinin gənclərlə görüşlərini əks etdirən fotolardan ibarət guşələr yaradılıb. Gənclər Evində istedadlar, ünsiyyət və gənclərin intellektual klubları fəaliyyət göstərəcək. Bu layihələr Dövlət Proqramı çərçivəsində Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilir. Əsas məqsəd yeniyetmələr arasında elmi-texniki biliklərin təbliği, onların elmi-yaradıcı təşəbbüslərinin artırılması, bu sahədə istedadlı gənclərin üzə çıxarılmasıdır.

Diqqətə çatdırıldı ki, burada gənclərin intellektual klubu, gənc iqtisadçılar klubu, kompyuter dərnəyi, peşəyönümü mərkəzi, istedadların hazırlıq laboratoriyası, elektron kitabxana, karyera mərkəzi, rəqs zalı, toxuculuq və tikiş dərnəkləri, vətənpərvərlik klubu fəaliyyət göstərəcək. Gənclər Evindəki 120 yerlik akt, 36 yerlik toplantı zallarında rayon və respublika əhəmiyyətli tədbirlər keçirmək mümkündür. Sərgi salonunda gənc rəssamların əl işləri nümayiş etdirilir. Bilyard, tennis və fitnes zallarında yaradılan şərait gənclərin asudə vaxtlarının səmərəli keçməsinə imkan verəcək.

Azərbaycanda gəncliyə dövlət qayğısı gələcək uğurlara hesablanan siyasətdir. Bu siyasət sağlam və intellektual nəslin formalaşmasına xidmət edir. Bu da Azərbaycan gəncliyinin sabahına inamla baxmağa əsas verir. Gənclər evlərinin yaradılması isə bu siyasətin uğurla həyata keçirilməsində mühüm rol oynayacaq.