XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

04 Mart 2015 - 07:04

İqtisadi böhran düzgün idarə olunmur

resaf-iqtis.jpg

Ucuzluq müvəqqəti xarakter daşıyır

ölkədə baş verən devalivasiyadan sonra istehlak mallarının bahalaşmasının qarşısı inzibati yollarla alınır. Sözsüz ki, bu tədbir devalivasiyanın inflayasiyaya çevrilməməsi məqsədilə həyata keçirilir. Sənayesi əhalisinin təlabatına cavab verməyən ölkə üçün bu, nə qədər məqbul siyasətdir? Milli valyutamızın dollar qarşısında 33.5 % gerilədiyi bir zamanda iş adamlarından xaricdən aldığı malı istehlak bazarında əvvəlki qiymətlə satmağı tələb etmək hansı nəticələr doğura bilər? Bu, qıtlığa və dolayısıyla bir müddətdən sonra daha betər bahalaşmaya yol açarmı?

Bu suallarla müraciət etdiyimiz İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənovdan olduqca maraqlı açıqlama aldıq. Açıqlama diqqətlə qələmə alınmış analiz mahiyyətində olduğundan onu olduğu kimi oxuculara təqdim edirik:

“Əslində vəziyyət kifayət qədər qarışıqdır. İnzibati yollarlarla bahalaşmanın qarşısının alınması doğru deyil və hazırda bu məqsədlə mübarizə aparan qurumların bu kimi səlahiyyəti yoxdur. Başqa sözlə süni qiymət artımına qarşı aparılan mübarizənin hüquqi əsası mövcud deyil.

Bu gün ölkə iqtisadiyatında baş verənlər xalq-biznes-dövlət üçlüyünə təsir göstərməklə geniş əhatə dairəsinə malikdir. Xüsusi ilə biznes həm işsizliyi və həm də büdcənin gəlirlər bölümünü doyurmalı, əməkhaqlarını indeksasiya etməli və üDM-i dəstəkləməlidir. Digər tərəfdən isə iflas etməməlidir, əks halda işsizlik artar, vergilər azalar.

Başqa sözlə hər iki tərəfi – xalqı və dövləti məhz real iqtisadi fəaliyyət-biznes qidalandırır. Görürəm ki, devalvasiyanın mühüm fəsadları kənarda qalıb, rəsmilər cəmiyyəti daha çox “süni qiymət artımı” kimi faktiki olaraq əhəmiyyətsiz bir mövzunun trayektoriyasında fırladır. Bir neçə dəfə dediyimə baxmayaraq, yenidən təkrar etmək istəyirəm ki, hazırki situasiyada ən çətin və hətta mümkünsüz olan süni şəkildə qiymətləri artırmaqdır. Zira bütün iqtisadi böhranlarda olduğu kimi artıq azərbaycanlı istehlakçı da daha ehtiyyatlı davranmaqdadır ki, bu da daxili tələbatı azaldan mühüm faktor hesab edilir.

Belə ki, neftin ucuzlaşması büdcənin xərclər hissəsinə mənfi təsir edəcək, nəticədə əhalinin büdcəqaynaqlı gəlirləri, həmçinin büdcədən maliyələşən mal və xidmətlərin istehakı məhdudlaşacaq. Digər tərəfdən isə Rusiyada yaşayan soydaşlarımızın ölkəmizə göndərdikləri vəsaitlərin həcmi də azalıb. üstəlik, vətəndaş da “ekonom” rejimə keçib. Hər üç faktor 2015-ci ildə real sektor üçün ağır şərtlər altında fəaliyyət deməkdir.

Bu vəziyyəttə sahibkar təbii şəkildə devalvasiya+artan vergi xərcləri həddində qiymət artırmağın belə iflas bayrağı anlamına gəldiyini gözəl dərk edir. Belə vəziyyətdə süni qiymət artımı necə baş verə bilər? Təbii ki, beş-on nəfər çoxbilmiş (əslində biznesmen çoxbilmiş olmalıdır) situasiyadan qazanclı çıxmağa cəhd edəcək deyə bütün real sektoru çökdürmək-adminstrativ üsullarla bahalaşmanı önləmək düşünürəm ki, doğru deyil.

Deyirlər stoklarda(anbarlarda) olan malları nə üçün bahalaşdırırsınız? Deyək ki, sizin biznesiniz, anbarlarda köhnə qiymətlərlə gətirdiyiniz mallar və dollarla kredit borcunuz var. Bir gecədə sizin dövriyyədə olan kredit mənşəli borc 33,4% bahalaşıb və özünüzə aid manatla vəsaitlərininz isə əksinə ucuzlaşıb. Demək ki, siz artıq zərər gürmüsünüz və təbii olaraq itkilərinizin bir qismini mal və xidmətlərinizi bahalaşdırmaqla önləməlisiniz. Və yaxud siz məhsulu sifariş edib anbarlarınıza gətizdirmisiniz, lakin ödəməni satışdan sonra edəcəksiniz. Yəni yeni məzənnə ilə. Təbii ki, məhsulunuzu valyuta ilə satmış olsa idiniz heç bir problem yoxdur. Lakin, ölkə qanunvericiliyi manatla ticarəti diqtə etdiyi üçün siz məcbur istehsalçıya borcunuzu ödəmək üçün qiyməti artırmalısınız.

Bir başqa versiyaya nəzər salaq; tutalım, sizin heç bir şəkildə nə xarici, nə də daxili valyuta borcunuz yoxdur. Bu halda düşünün ki, anbarlarınında kompyuterlər var və onların hər birini xaricdə 500 dollar ödəməklə alırdınız və onun devalvasiyadan əvvəlki maya dəyəri 390 manat idi. Siz də gəlir və digər xərcləri qarşılamaq məqsədi ilə 60 manat əlavə edib malı 450 manata satırdınız. İndiki halda sizə deyilir ki, anbarınızda olan kompyuteri 450 manata satın, üzərinə isə 75 manat əlavə pul qoyub xaricdən yeni kompyuter sifariş edin. Təbii ki, sizlər hər biriniz bu situasiyaya gülərsiniz, o cümlədən də mən.

Və yaxud təsəvvür edin ki, siz istehsalçısınız. Hər kəs bilir ki, yerli istehsal təxminən 60%-70% idxal xammaldan asılıdır. Yəni, sizin istehsal etdiyiniz məhsulun maya dəyərində 60-70% valyuta ifadə olunur. Deməli, sizin də qiymətlər artmalıdır. Əks halda isə zərər edəcəksiniz.

Onu da qeyd edim ki, əksər hallarda biznes yuxarıda sadaladığımız problemlərin cəmi ilə üzləşib. Yəni aldığı xam mal bahalaşıb, illərlə yığdığı və biznesə yatırdığı vəsaitlər dəyərini itirib, eyni zamanda isə xarici valyutada borcları bahalaşıb. Beləliklə bahalaşmanı önləmək cəhdi özlüyündə ciddi fəsadlara yol açacaq. Bu fəsadlar nələr ola bilər?

Əvvəla, gəlirsiz biznes fəaliyyəti davamlı ola bilməz; qısa müddət sonra adam ya iflas edəcək və yaxud da iflası önləyərək fəaliyyətini dayandıracaq. Nəticədə kütləvi işsizlər ordusu yaranacaq, büdcənin vergi gəlirləri azalacaq, onsuz da zəif qeyri-neft sektorunun qolu qanadı qırılacaq və minlərlə s.

İkincisi, bu prosesin özü sonda süni qiymət artımına səbəb olacaq. çünki, iqtisadi aktivliyin azalması, təşəbbüskarlığın zəifləməsi və gəlirsizlik sonda ölkədə məhsul qıtlığına səbəb olacaq ki, məhz süni qiymət artımı bu məqamda təzahür edir.

üçüncüsü, qiymətlərdə artıma getməyən sahibkar təbii olaraq əməkhaqlarını da indeksasiya edə bilməyəcək. Bu isə istehlak bazarında qiymət artımı olmadığı təqdirdə belə valyuta ilə verilmiş kütləvi kredit borclarının qaytarılmasını əngəlləməklə ölkənin bank sektorunu çökürdəcək.

Bütün bunlara baxmayaraq düşünürəm ki, hazırda hökumətin biznesə bu tip təzyiqi müvəqqəti xarakter daşıyır və əslində problemləri vətəndaşa mərhələli şəkildə qəbul etdirmək üçündür. Əks halda qısa müddət ərzində real sektor çökə bilər. Söhbət həm istehsal və həm də tədarük sferasından gedir. ümumiyyətlə isə görünən odur ki, hələ ilk simptomları 2014-cü ilin ortalarında görünməyə başlayan iqtisadi böhran düzgün idarə edilmir.

Hazırladı: Heydər Oğuz