XƏBƏR LENTİ

22 Sentyabr 2020
21 Sentyabr 2020

Digər Xəbərlər

07 Noyabr 2018 - 09:05

Britaniyadakı rus casus şəbəkəsi ilə bağlı şok hesabat:"200 zabit 500 agentə rəhbərlik edir, 75 min xəbərçi var..."

Londonda açıqlanmış hesabatda deyilir ki, Britaniyada on minlərlə Rusiya casusu yaşayır.

“Teleqraf” qəzeti  yazır ki, Britaniya xarici kəşfiyyat idarəsi  – MI6-in keçmiş rəhbəri bu rəqəmlərin həqiqiliyinə inandığını bildirib.

“Henri Cekson Cəmiyyəti” adlı analitik mərkəzin hesabatına görə, təkcə paytaxt Londonda Rusiyanın 75 minədək aktiv xəbərçisi yaşayır. Bu, Londonda yaşayan 150 min rusiyalının yarısı deməkdir.

Hesabatda xəbərdarlıq edilir ki, son səkkiz ildə Britaniyada agentura ilə işləyən Rusiya zabitlərinin sayı artaraq 200-ə çatıb və onların təxminən 500 agentə başçılıq etdiyi düşünülür.

Eyni hesabata görə, Rusiyanın Britaniya səfirliyindəki əməkdaşların yarısı kəşfiyyat fəaliyyəti ilə məşğuldur. Qeyd edilir ki, hazırda Britaniyada olan Rusiya agentlərinin sayı Soyuq müharibə illərində olduğundan qat-qat çoxdur.

Britaniyaya qaçaq düşmüş keçmiş DTK polkovniki Oleq Qordievski 1985-ci ildə demişdi ki, Birləşmiş Krallıqda 39 sovet agentura başçısı var.

Hesabatda deyilir: “Rusiya casuslarının əsas vəzifəsi hakimiyyətə nüfuz və təsir gücünə malik postları keçmişdə və indi tutan fərdlərə dair kəşfiyyat məlumatının toplanmasıdır. Burada əsas diqqət Rusiya ilə bağlı işlərdə çalışanlara yetirilir”.

Qeyd olunur ki, Londondakı Rusiya səfirliyinin 56 əməkdaşının yarısı kəşfiyyat fəaliyyəti ilə məşğuldur. Cəmiyyət Briyaniya hökumətini Rusiyadan gələn təhlükələri önləmək üçün səylərini ikiqat artırmağa çağırır.

Hesabatda həm də hökumətə Rusiya kəşfiyyatçılarının yuva saldığı media qurumlarının parlament akkreditasiyasının ləğv olunması tövsiyə edilir.

Hesabatın müəllifi Andrev Foksal deyib ki, Rusiya casusları Britaniyada təkcə sui-qəsdlərlə kifayətlənmir, Britaniya cəmiyyətini sarsıtmaq üçün planlı fəaliyyət göstərirlər. Onun fikrincə Britaniyanın təhlükəsizlik siyasəti uzun illər ərzində Rusiyanın Soyuq müharibə düşüncəsindən əl çəkdiyinə dair sadəlövh müddəalar üzərində qurulub.

Britaniya xarici kəşfiyyatı MI6-nın keçmiş başçısı lord Riçard Dearlove bu hesabatda yazılanlara inandığını deyib. O deyib ki, Soyuq müharibə illərində olduğu kimi indi də səmərəli əks-kəşfiyyat işi həyati əhəmiyyət kəsb edir. Rusiyanın Londondakı səfirliyi bu hesabatı “siyasi paranoya” adlandırıb.

(Azadlıq radiosu)