XƏBƏR LENTİ

27 Sentyabr 2020

Digər Xəbərlər

12 Noyabr 2018 - 11:48

Qərbdən Ukraynada separatçıların “seçkisinə” kəskin reaksiya –Merkel və Makron birgə bəyanatla çıxış edib

Fransa və Almaniya liderləri Ukraynanın şərqində rusiyapərəst separatçıların keçirdiyi seçkini qanunsuz adlandırıb. Beynəlxalq ictimaiyyət də seçkini pisləyib.

Kiyev və beynəlxalq havadarları bəyan ediblər ki, noyabrın 11-də separatçıların Donetsk və Luqansk regionlarında keçirdiyi seçkilər münaqişənin bitirilməsinə yönəlik cəhdləri əngəlləyəcək.

2014-cü ilin aprelindən münaqişədə 10 min 300-dən çox ölən olub. Ancaq Moskvanın arqumentinə görə, Donetsk və Luqanskdakı separatçı başçılarının və yerli qanunverici orqanların üzvlərinin seçilməsi Minsk razılaşmalarının pozulması demək deyil. Bu razılaşmalar zorakılığa son qoymağı hədəfləsə də, məqsədinə tam çatmayıb.

Bülletenlərin artıq üçdə biri sayılıb, Donetskdə 37 yaşlı Denis Puşilin səslərin 57,3 faizini toplayıb. Luqanskın indiki lideri Leonid Paseçnikin isə 70,4 faiz səs topladığı bildirilir. Bu nəticələr gözlənən idi.

“Bu qondarma seçkilər Ukraynanın ərazi bütövlüyünü və suverenliyini pozur”, – Angela Merkel və Emmanuel Makron noyabrın 11-də axşam birgə bəyanatla çıxış ediblər. Bundan öncə isə Ukrayna Prezidenti Petro Poroşenko ilə Fransada 1-ci Dünya Müharibəsinin anım mərasimləri çərçivəsində görüşüblər.

Almaniya, Fransa və Ukrayna “Normandiya formatı” ölkələrinə daxildir. Bu ölkələr münaqişənin həllinə çalışırlar. Rusiya da qrupa daxildir, amma iki ildir heç bir danışıq aparılmayıb.

Donetskin əvvəlki separatçı lideri Aleksandr Zaxarçenko avqustda partlayışda öldürülüb. O zaman Moskva bu insidentə görə Ukraynanı, Kiyev isə separatçıları və onların rusiyalı sponsorları arasında daxili çəkişməni günahlandırmışdı.

48 yaşlı Paseçnik Ukrayna Təhlükəsizlik Xidmətinin region üzrə keçmiş rəhbəri olub. Həm Puşilin, həm də Paseçnik Moskvayla əlaqələrin sıxlaşdırılması tərəfdarıdırlar. Separatçı regionda seçkilər sərt təhlükəsizlik tədbirləri ilə müşayiət olunub.

Separatçılar sonuncu dəfə 2014-cü ildə seçki keçirmişdilər. O zaman da Kiyev və Qərb seçkinin nəticələrini tanımadı. Ukrayna, Birləşmiş Ştatlar və Avropa Birliyi seçkini pisləyib, onu Rusiyanın idarə etdiyi oyun adlandırıb.

Rusiya 2014-cü ildə Ukraynanın Krım vilayətini ilhaq edib, Donetsk və Luqanskda separatçıları dəstəkləməyə başlayıb. Qərb Moskvaya sanksiyalar tətbiq edib.

(Azadlıq radiosu)