XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

13 Noyabr 2018 - 17:45

“Çıxılmaz vəziyyətlə üzləşən gənclərin sayı artır” –Qənirə Paşayeva hökuməti sosial sahədə mövcud problemləri həll etməyə çağırdı

Millət vəkili Qənirə Paşayeva Milli Məclisin bu gün keçirilən plenar iclasında 2019-cu ilin büdcə müzakirələri zamanı bir sıra təkliflərlər çıxış edib.

Strateq.az xəbər verir ki, o, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin prezident İlham Əliyevin və Birinci vitse-prezidenti M.Əliyevanın dəstəyilə həyata keçirməyə başladığı bir sıra layihələr, proqramlar və islahatların, fəalyyətə başlayacaq “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” – DOST xidmətinin yaradılmasının özəlliklə əhalinin aztəminatlı təbəqəsinin, əlillərin, işsizlərin həyatında daha da müsbət dəyişiklərə təkan olacağına deyib.

Millət vəkili 1-ci qrup əlillərin üzləşdiyi problemlər, çətinliklər barədə danışaraq hökuməti  1-ci qrup əlillərə verilən müavinətlərin və təqaüdün artırılmasına çağırıb: “Məlum olduğu kimi, 1-ci qrup uşaqlıqdan əlillərə, eləcə də əmək stajı olmayan ümumi səbəbdən əlillərə verilən müavinətin məbləği aşağıdır və aldıqları vəsait onların ehtiyaclarını qarşılaya bilmir. Ona görə də yaxşı olardı ki, 1-ci qrup əlillərə verilən müavinət və təqaüd birlikdə qaldırılsın.  1-ci qrup əlillər ağır xəstəliklərdən əziyyət çəkən insanlardır, iş imkanları yoxdur.  Bütün bunları nəzərə alaraq 1-ci qrup əlillərə verilən müavinətlərin artırılmasına ciddi ehtiyac var”.

Q.Paşayeva fiziki imkanları məhdud on cəkkiz yaşına çatmayan əlil uşaqların aldığı müavinətin də aşağı olması barədə danışıb və  onun qaldırılmasının vacibliyini vurğulayıb. “Bu uşaqların ehtiyaclarını, sağlamlığı, təhsili, təlimi və s. istiqamətlərı də nəzərə alsaq, ailələrin üzərinə düşən çətinlikləri görə bilərik. Onların gündəlik ehtiyacları ilə yanaşı, dərmanlarının alınması, müalicəsi və s. kimi ehtiyacları böyükdür və aldıqları müavinət onları qarşılamaq üçün çox azdır. Ailələrin bu məsələ ilə üzləşdiyi çətinlikləri nəzərə alaraq bu müavinətlərin artırılmasına böyük ehtiyac var”.

Millət vəkili seçicilərin təhsil sahəsində qaldırdığı bir sıra məsələlərə də toxunub. O, ail təhsil məktəblərinə ödənişli əsaslarla daxil olan 1-ci kurs tələbələrindən illik təhsil haqqının öncədən tamamilə ödənilməsinin tələb edilməsinin doğru olmadığını deyib: “Çünki bu, ailəsinin maddi vəziyyəti çətin olan bəzi tələbələrin öz təhsilindən imtina etməsinə səbəb olur. Ona görə də yaxşı olardı ki, təhsil haqqı hissə-hissə ödənilsin.  Təhsil kreditləri məsələsinin bütün ali təhsil müəssisələrini əhatə edəcək şəkildə geniş formada öz həllini tapmasına böyük ehtiyac var. Maddi imkanlar üzündən ali təhsilini buraxmaq məcburiyyətində qalan və belə bir çıxılmaz vəziyyətlə üzləşən gənclərin sayı artır”.

Q.Paşayeva bildirib ki, bu gün gənclərin və gənc ailələrin ən böyük problemlərindən biri mənzil problemidir və ipoteka kreditləri,o cümlədən prezidentin sosial evlərlə bağlı imzaladığı sənədlər və tapşırıqlar çox önəmli bir məsələdir. “İnanırıq ki, bu istiqamətdə işlər müvafiq qurumlar tərəfindən sürətlə aparılacaq, çünki buna böyük ehtiyac var. Mən ipotekadan yararlana bilməyən müəllimlər barədə danışmaq istəyirəm. Gələcəyimiz olan gənc nəsilləri yetişdirən müəllimlərin mənzil problemlərini həll edə bilmək üçün güzəştli ipotekadan və sosial evlər layihəsindən istifadə edə bilməsi çox vacib məsələdir. Amma bu gün orta məktəb müəllimləri ipotekadan yararlanaraq öz mənzil problemlərini həll edə bilmirlər. Özəlliklə orta məktəb müəllimləri ipoteka üçün müraciət edəndə onların əmək haqlarının ipotekanın ödənişi üçün lazım olan standartlardan aşağı olması əsas gətirilir. Hökumətimizi gələn ilin büdcəsində bu məsələni həll etməyə çağırırıq. Müəllimlərin də ipotekadan güzəştli yararlanan kateqoriyaya daxil edilməsi və sosial evlər layihəsindən yararlana bilməsi çox vacibdir. Mən xahiş edirəm ki, bu məsələyə yaxın günlərdə baxılsın və orta məktəb müəllimləri də güzəştli kateqoriyaya daxil edilsin və sosial layihələrdən yararlana bilsin”.

Millət vəkili ön cəbhə rayonlarından olan Tovuzda  bir sıra kənd məktəblərinin ağır vəziyyətdə olduğunu diqqətə çatdırıb və həmin məktəblərin əsaslı təmiri və ya yenisinin tikilməsinə dəstək göstərilməsini xahiş edib: “Elə kəndlərimiz var ki, 5 min, 6 min, 7 min əhalisi və bir məktəbi var, həmin məktəbin vəziyyəti də çox ağırdır, ciddi təmirə ehtiyacı var. Aidiyyəti qurumları Tovuzda acınacıqlı vəziyyətdə olan məktəblərin əsaslı təmirinə və ya yenisinin inşasına dəstək göstərilməsini xahiş edirəm“.

Qənirə Paşayeva 2019-cu il büdcəsində icbari tibbi sığortanın tətbiqinə ayrılan vəsaitin artırılmasını müsbət qiymətləndirib. O, bütün ölkə ərazisində tezliklə tibbi sığortanın tətbiqinin həyata keçirilməyə başlanması ən vacib məsələlərdən biri kimi qiymətləndirib.

Deputat daha sonra anadangəlmə eşitmə qüsurlu uşaqların koxlyar implant əməliyyatının dövlət tərəfindən pulsuz həyata keçirilməsi təklifi ilə çıxış edib: “Hər il ölkəmizdə dünyaya gələn uşaqlar arasında onlarla eşitmə qabiliyyəti qüsurlu balalarımız var və biz bu cür ailələrə dəstək göstərməklə hər il onlarla gəncimizin həyatını və gələcəyini xilas etmiş olarıq”.

O, autizmli xəstələrin problemlərini də qaldırıb və bu sahədə həmin uşaqlara, ailələrə dəstək göstərilməsi üçün proqramlara və həmin proqramların həyata keçməsi üçün  büdcədən vəsait ayrılmasına ehtiyac olduğunu deyib. “Tariximizi və mədəniyyətimizi qorumaq, ona sahib çıxmaq və gənc nəsillərimizə çatdırmaq vacibdir” deyən millət vəkili,  Tovuz rayonunda bəzi tarixi-mədəni abidələrin ağır vəziyyətdə olduğunu və əgər qısa zamanda təmir-bərpa işləri aparılmazsa, onların gələcəkdə restavrasiya edilməsinin mümkünsüz olacağını vurğulayıb. O, acınacaqlı vəziyyətdə olan tarixi-mədəni abidələrin bərpası və təmiri işlərinə vəsaitin ayrılmasını  və bu istiqamətdə işlərin qısa zamanda  görülməsini aidiyyəti qurumlardan xahiş edib.

Q.Paşayeva Milli Məclisin  Ailə, qadın və uşaq məsələləri üzrə komitəsinin çoxuşaqlı ailələrə müavinətlərin artırılması ilə bağlı təklifini dəstəklədiyini deyib və bu istiqamətdə hökuməti müvafiq addımlar atmağa çağırıb. Millət vəkili Birinci vitse-prezident M.Əliyevanın rəhbərliyi altında məişət zorakılığı ilə mübarizədə çox mühüm işlərin görüldüyünü bildirib və bu istiqamətdə ən vacib məsələlərdən birinin məişət zorakılığı qurbanları ilə bağlı qaynar xəttin yaradılması olduğunu qeyd edib. Millət vəkili Q.Paşayeva bu istiqamətdə işlərin aparılması üçün aidiyyəti qurumlardan vəsaitin ayrılmasını xahiş edib.

Strateq.az