XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

15 Noyabr 2018 - 08:59

“Ya qəbul edin, ya da xaosa hazır olun!” –Britaniya hakimiyyətində siyasi böhran zirvəyə çatdı

Britaniyanın baş naziri Tereza Mey noyabrın 14-də ölkənin Avropa İttifaqından çıxmasına dair saziş layihəsinin öz kabinetinin əsas nazirləri tərəfindən dəstəklənməsinə nail ola bilib.

Lakin şərhçilərin fikrincə bu layihənin parlamentdən keçəcəyi kifayət qədər problematik görünür.

Birləşmiş Krallığın Avropa İttifaqından çıxmaq baradə referendumundan iki il keçdiyi bir vaxtda Tereza Mey elan edib ki, kabinet layihənin qəbul edilməsinə dair kollektiv qərar qəbul edib. Müxbirlər diqqəti onun “yekdil” yox, məhz “kollektiv” sözünü işlətməsinə çəkirlər.

Baş nazir Britaniya hökuməti iqamətgahının qarşısında, yaxınlıqdakı etirazçıların qəzəbli şüarları altında elan edib ki, onun kabinetində 5 saat çəkən müzakirələr 585 səhifəlik saziş layihəsinin dəstəklənməsi ilə başa çatıb. O bəyan edib ki, ya onun qəbul etdiyi saziş dəstəklənəcək, ya da ölkə xaosla qarşılaşacaq.

Britaniya mediası yazır ki, Tereza Meyin layihəsinə istər Avropa İttifaqını tərk etməyə, istərsə də blokda qalmağa tərəfdar olanlar arasında güclü müqavimət var. “Reuters” yazır ki, bu səbəbdən də bir nəslin ömründə ən zəif baş nazir bu layihəni çətin parlamentdən keçirə bilsin. Ona görə ki, parlamentdə bu layihə hələ heç oxunmadan ciddi narazılıqlar yaradıb.

Agentlik yazır ki, Britaniyanın Avropa İttifaqından çıxması və ya prosesin el arasında yayılmış adı ilə deyilərsə, Brexit dünyanın beşinci böyük iqtisadiyyatını qeyri-müəyyənliyə sürüyəcək, Donald Trampın qeyri-ənənəvi siyasəti və Rusiya ilə Çinin artan təcavüzü şəraitində Qərbi dərindən parçalayacaq

Mey parlament səsverməsinin vaxtını elan etməyib, lakin sazişin qəbul edilməsi üçün ona 650 millət vəkilindən 320-sinin səsi tələb olunur. Baş nazirin bu sayı əldə edə biləcəyinə ümid çox deyil. Kabinet müşavirəsini müşahidə etmiş jurnalistlərin dediyinə görə müzakirələrdəki gərginlik bəzən elə həddə çatırdı ki, mühafizəkarlar baş nazir barəsində etimad səsverməsinin keçirilməsinə çağırış edirdilər.

Bu saziş əsasında Britaniyanın Avropa İttifaqından ayrılmasının nəticələri barədə proqnoz vermək çətindir.

Avropa Komissiyasının prezidenti Jan-Clod Yunker Aİ liderlərinə razılaşmanın tez bir zamanda qəbul edilıməsinə çağırıb. Avropadan çıxmaq tərəfdarları Junkerin belə rahatlıqla bəyanat verməsindən şübhəlidirlər. Onlar deyirlər ki, hökumət sözdə Aİ-dən çıxmaq siyasətini yürütməyə çalışsa da, onun təklif etdiyi razılaşma Londonun Aİ ilə güclü bağlarının saxlanmasına xidmət edir.

Brexit tərəfdarları hətta Tereza Meyin Avropa İttifaqına təslim olduğunu bəyan edirlər. Britaniyanın Avropadan çıxmasını dəstəkləyən İrlandiya Demokratik İttifaq Partiyası da bu sazişin əleyhinə səs verəcəyini bildirir.

Bu partiyanın millət vəkilləri deyirlər ki, hazırkı saziş Britaniyanın bir hissəsi olan Şimali İrlandiyanı Avropa İttifaqının nəzarətində saxlayacaq.

Sözü gedən sazişdə Britaniyanın Avropa İttifaqının gömrük ittifaqında qalıb-qalmamasına tam aydınlıq gətirilmir, bu məsələnin müzakirəsi sadəcə olaraq daha uzaq perspektivə buraxılır.

Bu isə o deməkdir ki, həmin məsələ barəsində razılaşma əldə edilənədək Britaniya faktiki olaraq Avropa İttifaqının gömrük ittifaqında qalmalı olur. Öz növbəsində bu həm də həmin müddətdə Londonun Avropanın qanun-qaydalarına tabe olacağı mənasına gəlir.

(Azadlıq radiosu)