XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

15 Noyabr 2018 - 09:16

Libermanın istefası və Qarabağ: Bir nazirin istefası ilə bağlı düşüncələr...
İlham İsmayıl
Bu gün İsrail müdafiə naziri Aviqdor Liberman tutduğu vəzifədən istefa verdi. Libermanı Azərbaycanda yaxşı tanıyırlar. O hər dəfə Bakıya gələndə özünü evindəki kimi hiss etdiyini bildirib. Amma, indi onun Azərbaycana münasibətinə yox, istefasının mahiyyətinə nəzər salmaq lazım olacaq. 
Libermanın istefasının səbəblərini oxuduqca adamın paxıllığı tutur. Bu prinsipiallıqda müdafiə nazirinə, ümumiyyətlə siyasətçiyə, məmura hər saat rast gəlmək olmur. Bu prinsipiallığın əsas mahiyyəti onun vətəndaş mövqeyi, vətən sevgisi ilə bağlıdır. “Bizim evimiz İsrail” partiyasının lideri olan, müdafiə naziri Liberman deyir:
“Mən hesab edirəm ki, ölkə rəhbərliyinin razılığı ilə atəşin dayandırılması terror qarşısında kapitulyasiyadan başqa bir şey deyil. Başqa ad vermək mümkün deyil.  Bu, milli təhlükəsizliyə böyük zərər vurmağın hesabına qısamüddətli sakitçiliyi satın almaq deməkdir”.
Qarabağ müharibəsində nə vaxt üstünlük qazanmağa yaxın olmuşuq, o saat daxildən və xaricdən olan təzyiqlərlə atəşkəs elan edilməsinin hamımız şahidiyik. Rəsmi 1994-cü il atəşkəsi də cəbhədə uğur qazanmağa başlayanda və ermənilərin də təşvişə düşdüyü bir vaxtda imzalandı. Sonuncu dəfə də Aprel döyüşlərində. Hələ də ordunun rəhbərləri, bu işə məsul olanlar doğru – dürüst açıqlama verməyiblər ki, bu döyüşlər niyə dayandırıldı. Aprel döyüşlərini yarımçıq kəsib, Moskvaya atəşkəs imzalamağa gedəndə, Libermanın dediyi kimi “milli təhlükəsizliyə böyük zərbə” vurulduğunun fərqində olan hərbçilər oldumu? İstefaları bir tərəfə, etiraz edə bilən oldumu? Olmadı, görmədik…
İsrail müdafiə naziri Libermanın istefasını bir çox səbəblərlə bildirib, onlardan biri çox diqqətçəkicidir. Liberman deyir: “hökümətin qərarı ilə HAMAS-a 15 milyon dollar nəğd pul verilməsinin əleyhinə olmuşam. Bildiyiniz kimi o pullar çemodanlarla aparılıb təhvil verildi və belə izah olundu ki, o pulların hara xərclənəcəyinə nəzarət edə biləcəyik. Hamımıza məlum oldu ki, bu pulların çox böyük bir hissəsi mükafat kimi terrorçuların qohumlarına verildi. Belə çıxır ki, Knessetdə terrorçuların maliyyə cəhətdən mükafatlandırılmasına qarşı qanun çıxarırıq, özümüz də onlara pul paylayırıq”.
Bu faktı ona görə qeyd etməyi vacib bilirik ki, Qarabağ müharibəsinə biganə qalanlar tez-tez Fələstin və Qüdsü unutmamağa, ora yardımlar etməyə, hətta cihada çağırışlar edilir. Fələstini, onun Qəzzadakı  ən radikal qanadı HAMAS-ı İsrail özü maliyyələşdirir, abadlıq işləri görməyə çağırır. Fələstin liderlərindən – Yasir Ərəfatdan tutmuş Mahmud Abbasa kimi – hər zaman erməniləri dəstəkləyən çağırışlar eşitmişik. İsraillə iş birliyində olan HAMAS və fələstinlilərlə həmrəylik çağırışları edənlər bilsin ki, İsrailin Azərbaycana münasibəti hər zaman çox yaxşı olub və yalnız xeyir görmüşük.
Yalançı müsəlman təəssübkeşliyindənsə həqiqi kömək edənləri qiymətləndirmək lazımdır.
Liberman istefa çıxışının sonunda  çox məmurlara nümunə ola biləcək sözlər deyib: ”Hər dəfə prinsiplər və şərtlər arasında ziddiyyətlər yarananda  mən və partiyam  prinsiplərin xeyrinə seçim etmişik”.
Yəni, kreslodan yapışmaq, vəzifə naminə prinsipləri – bu ilk növbədə milli mənafeni gözləyən prisiplərdir, sonra şəxsiyyət prinsipləri – ayaqlar altına atmaq o məmurdan çox dövlətə, onun təhlükəsizliyinə, millətin mənəvi dəyərlərinə vurulan zərbələrdir. Vəzifələr müvəqqəti, dövlət və millət əbədidir. Liberman bu gün bu dəyişməz prinsipləri bir daha sübut etdi. Öyrənmək heç zaman gec deyil. (moderator.az)