XƏBƏR LENTİ

27 Oktyabr 2020

Digər Xəbərlər

15 Noyabr 2018 - 17:06

“Azəriqaz” əhalinin qazını kəsib xaricə satır? –Soyuqlar düşəndən ölkədə mavi yanacaq qıtlaşır, etirazlar isə artır

«Dünən axşam 5 dəqiqə deyildi hamama girdiyim, su soyudu. Uşaqlara səsləndim ki, a bala, niyə baxmırsınız, qaz qurtardı yəqin. Oğlum qaçdı sayğaca baxdı, dedi ki, ata, hələ 3 manat 80 qəpiklik qaz var. Gəlin tələsik elektrik çaydanında su qızdırdı, birtəhər başımı yuyub çıxdım. O su qızana, gəlib çıxana kimi hamamda soyuqdan titrətmişəm», – Əhmədli qəsəbəsi, Qaçaq Nəbi küçəsi 9-cu binada yaşayan 72 yaşlı Sadiq Vəliyev noyabrın 15-də başına gələnləri danışır: «Başımda papaq, iki yorğana bürünüb yatmışam ki, canım qızsın. Amma iş işdən keçmişdi. Xəstələnmişəm…».

Eyni qəsəbədə yaşayan Himayət Həsənovanın S.Vəliyev kimi hamamda başına macəra gəlməsə də, deyir ki, havalar soyuyandan qazın təzyiqi çox vaxt aşağı düşür.

«Keçən qış həftədə bir dəfə, on gündə bir dəfə qazı söndürürdülər. Yeməyi qaz balonunda bişirirdim. Bu payız havalar soyuyan kimi yenə bir dəfə qazımızı kəsdilər. Bilmirəm, bu nə adətdir?..», – gənc qadın söyləyir. Sosial şəbəkələrdə də qazdan şikayətlər çoxalıb.

«Azəriqaz»: «Kimin şikayəti varsa…»

«Azəriqaz»ın mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev havalar soyuyandan təbii qazın verilməsində çatışmazlıqlar olması barədə şikayətlərlə razılaşmır. O, “Azadlıq” radiosuna deyir ki, qazın verilişi mövsümi xarakter daşımır, tələbata uyğun tənzimlənir: «İlin bütün fəsillərində istehlakçılarımız tələbata uyğun təbii qazla təmin olunur. Havalar soyuduqca, temperatur düşdükcə təbii ki, tələbat artır və təbii qazın verilişi də artırılır. Ötən günlərə nisbətən qazın həcmi 1 mln. 664 min kubmetr artırılıb. Yayda təbii qaza tələbat 5-10 mln. kubmetr arasında dəyişirsə, qışda, şaxtalı havalarda tələbat 30 mln. kubmetri də ötür».

İ.Kərbalayev deyir ki, fərdi yaşayış evlərində və ya mənzillərdə təbii qazın verilişi ilə bağlı çatışmazlıq yaşanarsa, «Azəriqaz»ın 104, 185 saylı Çağrı mərkəzləri ilə əlaqə saxlasınlar.

«Azəriqaz» rəsmisi ötən il vaxtaşırı təbii qazın verilişində fasilə yaranması haqda iradları da qəbul etmir. O, vətəndaşın dediyi kimi, həftədə və ya on gündə bir dəfə yox, yalnız zərurət yarandıqda, əvvəlcədən KİV-də xəbərdarlıq etməklə qaz verilişinin dayandırıldığını söyləyir: «Qəza olduqda, yeni tikililər qaz xətlərinə qoşulanda, abadlıq işləri aparılanda və başqa hallarda qaz təchizatı dayandırılır».

Rəşad Həsənov: «Qənaət ediləcək yer daxili bazardır»

İqtisadçı, Nemət Əliyev qazın verilişində yaranan problemləri məsuliyyətsizlik kimi dəyərləndirir.

«Tabeliyində olduğu qurumun qarşısında məsuliyyət hiss etmirlərsə və ya xalqın üzləşdiyi çətinliklərə görə narahat olmurlarsa, bu cür məsuliyyətsizlik ortaya çıxır», – iqtisadçı qeyd edir.

N.Əliyev bunu yalnız bir qurumun problemi kimi dəyərləndirmir, o, hökumətin bütün sahələrdə eyni «yarıtmaz» idarəçiliyi nümayiş etdirdiyini bildirir.

Başqa iqtisadçı Rəşad Həsənov da problemləri idarəetmədən qaynaqlanan səhlənkarlıqla izah edir: ​«Bu sektor dövlətin nəzarətindədir və bütün digər dövlət müəssisələri kimi, «Azəriqaz»ın fəaliyyətində də nöqsanlar var. Səbəb qurumun bazar şərtləri daxilində işləməməsi, rəqabətin olmamasıdır. Təbii ki, belə durumda bu qurum öz istədiyi qərarı qəbul edir».

R.Həsənov daha bir səbəb də göstərir: «Qazı daha baha qiymətə ixrac etmək mümkündür. Azərbaycan ixracla bağlı öhdəliklərini yerinə yetirməkdə müəyyən çətinliklərlə üzləşib. Qaz hasilatı proqnozlara uyğun olaraq artmır. Belə şəraitdə qənaət ediləcək yer haradır? Daxili bazardır. Ciddi tələb, ictimai təzyiq yoxdur. Ona görə də daxili bazarda qaz verilişini azaldırlar».

«Azəriqaz»ın işi və bu qurumun rəhbərliyinin açıqlamaları çox zaman tənqid olunur. Amma ən çox tənqidə məruz qalan və hər il qış mövsümü yaxınlaşanda yada düşən iki məqam var. «Azəriqaz»ın Gürcüstan kilsələrini qazla pulsuz təmin etməsi və qurumun tabe olduğu SOCAR prezidenti Rövnəq Abdullayevin qaz təchizatında problemlə bağlı suala verdiyi cavab: «İnsanlar qazın xodunu almır, əvəzində pəncərəni açıq saxlayırlar».

(Azadlıq radiosu)