XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

18 Noyabr 2018 - 16:31

Prezidentin köməkçisi Əli Kərimlinin saxlanılmasından danışdı:"Polisə müqavimət göstəriblər, işin məhkəməyə göndərilməsi qərara alınıb"

“Noyabrın 17-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının rəhbərliyi və üzvləri, həmçinin bəzi digər siyasi təşkilatların bir qrup fəalı Şəhidlər xiyabanında Milli Dirçəliş Günü ilə əlaqədar sanksiyalaşdırılmamış yürüş-mitinq keçirməyə cəhd göstərib”.

Strateq.az xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.

O daha sonra əlavə edib: “Məlum olduğu kimi, Azərbaycan qanunları ilə müəyyən edilmiş yerlərdə, o cümlədən rəsmi protokol tədbirlərinin təşkil olunduğu məkanlarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən sanksiyalaşdırılmamış hər hansı kütləvi tədbirin keçirilməsi qadağandır. Lakin qanunla qadağan olunmasına, müvafiq xəbərdarlığa baxmayaraq, yuxarıda qeyd olunmuş qurumların rəhbərlərinin təşkilatçılığı, bilavasitə iştirakı ilə bir qrup fəal Şəhidlər xiyabanı ərazisinə keçməyə və siyasi aksiya keçirməyə cəhd göstərib”.

Prezidentin köməkçisi bildirib ki, aksiya iştirakçıları qanunsuz kütləvi tədbirin qarşısını almağa çalışan hüquq-mühafizə orqanları əməkdaşlarının tələblərinə məhəl qoymayıb, hətta polis işçilərinə müqavimət göstəriblər.

Vurğulandığına görə, nəticədə aksiya iştirakçılarından 52 nəfər saxlanılıb və Səbail Rayon Polis İdarəsinə aparılıb.

“Məsələ araşdırıldıqdan sonra aksiya iştirakçılarının 41 nəfəri xəbərdarlıq olunmaqla sərbəst buraxılıb. Tədbirin təşkilatçıları və əsas fəalları olan 11 nəfər barəsində toplanılmış materialların baxılması üçün məhkəməyə təqdim olunması qərara alınıb”.

Əli Həsənov sonda deyib: “Təəssüflə bildirmək istərdim ki, bəzi yerli və xarici kütləvi informasiya vasitələrində, o cümlədən sosial şəbəkələrdə məsələ ilə bağlı dəqiqləşdirilməmiş, qeyri-obyektiv və birtərəfli məlumat yayılıb. Məsələ yanlış şəkildə insan hüquq və azadlıqlarının, o cümlədən sərbəst toplaşmaq, söz, məlumat azadlığının, fikir plüralizminin məhdudlaşdırılması kimi qələmə verilib. Bir daha təkrar edirəm ki, hüquq-mühafizə orqanları qanunun tələblərinə uyğun olaraq qeyri-qanuni aksiyanın qarşısını alıb, bunun insan hüquq və azadlıqlarının pozulması ilə heç bir əlaqəsi yoxdur. Polis üçün əsas meyar siyasi mənsubiyyət məsələsi deyil, ictimai asayişin təmin edilməsidir”.